Akademik Sabir Tağıyev: “Ürəyim dağa döndü!” 

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

 

 

Müəllifini unutduğum şerin bir bəndi həmişəlik olaraq qəlbimə həkk olub:

Adamlar cürbəcür, adamlar min-min,

Öz gizli aləmi var ürəklərin.

Hər il qışdan sonra gəlsə də bahar,

Hər yeni baharın öz aləmi var.

70 illik ömrümdə sonsuz sayda adamlar ilə təmasda olmuşam. Onların heç də hamısı insanlıq təsiri bağışlamayıb. Adam var ki, onunla yaxın olub tərcümeyi-halı ilə tanış olandan sonra ayağımın altından yer qaçıb. Adam da var ki, onunla yaxın olub tərcümeyi-halı ilə tanış olandan sonra ürəyin dağa dönür. Belə şəxsiyyətlərdən biri də Səxavət Qələmirzə oğlu Ociyevdir. Onunla tanış olmağım da zərurətlərin kəsişməsi sayəsində mümkün olub.

2012-ci ilin noyabr ayında Daşkənd şəhərindəki Memarlıq və İnşaat İnstitutunda Beynəlxalq konfrans keçirilirdi. Mən də həmin konfransda “Qız qalalarının yerinin müəyyən olunmasının qızıl qaydası”məruzəm ilə iştirak edirdim. Konfransa qədər və onun gedişində Daşkənddə yaşayan elqızımız akademik Almaz xanım Məcidova ilə yaxından tanış olmuşduq. Sonralar Almaz xanımın diqqəti və qayğısı sayəsində TURAN elmlər Akademiyası ilə əməkdaşlıqlarımız mümkün oldu və məni də 7.6.2020 tarixdə həmin akademiyanın akademiki seçdilər. Lakin pandemiya problemi ilə əlaqədar sənədlərimin arxasınca gedə bilmədim. Akademiyanın prezidenti bildirdi ki, sənədləri poçt ilə göndərə biləcək, lakin döş nişanı isə metal olduğu üçün poçta götürmürlər. Yenə Almaz xanım məsləhət bildi ki, bu işdə Daşkənddə yaşayan eloğlumuz Səxavət müəllim köməklik edə bilər. Odur ki, Səxavət müəllimin haqqında materiallarla tanış olmağa başladım ki, ona müraciət edəndə danışmağa sözüm olsun.

İlkin məlumatlardan məlum oldu ki, onunla həmyaşıdıq. Belə ki, hər ikimiz 1951-ci ildə may ayında anadan olmuşuq: Səxavət müəllim mayın 25-də, mən isə 28-də.

Səxavət Ociyev Ə.Nəvai adına Səmərqənd Dövlət Universitetinin professoru, Özbəkistan Respublikası Turan Elmlər Akademiyasının Akademiki və həmin Akademiyanın Rəyasət Heyyətinin üzvüdür.

Araşdırmalar göstərdi ki, Səxavət Ociyev – 1951-ci ildə Cəlilabad rayonunun Qarazəncir kəndində anadan olmuşdur. Doğma kəndlərində 8 illik məktəbi bitirmiş, 1966-1969-cu illərdə Bakı şəhərindəki 5 nömrəli texniki-peşə məktəbində həm ümumi təhsil almış, həm də xarrat peşəsinə yiyələnmişdir.

TURON EA-nın prezidenti H.N.Бабабəyoв

S.Ociyevə akademik diplomunu təqdim edərkən.

Hər birimizə yaxşı məlumdur ki, Azərbaycan xalqının müxtəlif zamanlarda ictimai fikir tarixində şərəfli yer tutan elə şəxsiyyətlər yetişmişdir ki, həmin adamların düşüncələri, hiss və həyəcanları həmişəlik şüurlara süzülərək qəlblərə hopmuşdur. Onlar öz ictimai mövqeləri, əməli işləri, bədii və elmi yaradıcılıqları ilə ölümsüzlük qazanaraq əbədiləşmişlər. Araşdırmalardan o nəticəyə gəldim ki, belə yetirmələrimizdən biri dəSəxavət Ociyevdir. Orta təhsil illərindən Səmərqənd tarixinə böyük maraq göstərən Səxavət təsadüfən tale yazısı ilə 1972-ci ildə Bakıda  Səmərqənddən gəlmiş tələbələrlə tanış olur. Onları gəzdirərək bütün Bakı ilə tanış edir. Onlar da onu Səmərqəndə dəvət edirlər. Sonralar bu tanışlıq əsasında o, Minarə Şükür qızı ilə daha yaxından tanış olduğu üçün onunla evlənmək qərarına gəlir və 1974-cü ildə ailə həyatı qurur. Bundan sonra taleyi Səmərqəndə bağlanır və 1975-ci ildə Səmərqənd Dövlət Universitetinin tarix fakültəsinə daxil olur. Allaha şükürlər olsun ki, bu gün artıq onların ali təhsilli 3 oğlu, 2 qızı və onlardan 10 nəvələri var.

O, 1975-1981-ci illərdƏlişir Nəvai adına Səmərqənd Dövlət Universitetinin Tarix fakültəsində ali təhsil almışdır. Səmərqənd vilayət İcraiyyə Komitəsində Arxiv şöbəsinin baş inspektoru, sonra isəSəmərqənd vilayətDövlət Arxivinin direktoru vəzifəsində çalışmış, Səmərqənd Dövlət Universitetinin Tarix fakültəsində “Arxivşünaslıq” kursu üzrə mühazirələr oxumuşdur.

1990-cı ildə Səmərqənd Dövlət Universitetinin Pedaqogika kafedrasına müəllim vəzifəsinə seçilmişdir.

Səmərqənddə yaşayıb yaradan eloğlumuzun  qələmindən yüzdən çox elmi-metodiki göstəricilər, elmi-publisistik məqalələr, saysız-hesabsız tərcümələr, şeri toplamları çıxıb. Onun elmi yazıları, publisistik məqalələri özbək, Azərbaycan, tacik və rus dillərində çap olunub.

Özbək, tacik və rus dillərində mühazirə və seminar məşğələləri aparmaqla yanaşı, 1966-cı ildə Bakıda “Səid Rza Əlizadənin maarifçilik fəaliyyəti və pedaqoji görüşləri” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

Özümdən asılı olmayaraq:- Seyid Rza Əlizadə kimdir və onun haqqında, şəxsiyyəti barəsində nə bilirik? –sualı ilə özümə müraciət etdim.

Bu sualın ən mükəmməl cavabını Özbəkistanda yaşayıb-yaradan ziyalılarımızdan biri, Səmərqənd Dövlət Universitetinin professoru Səxavət Ociyevin “Seyid Rza Əlizadənin həyat və yaradıcılığı” adlı monoqrafiyasından (rus dilində) öyrənə bildim. Bu kitabda elmi-nəzəri məsələlər ilə bərabər, saysız-hesabsız tarixi-ədəbi faktları ilə rastlaşdım. Bu məqsədlə filologiya elmləri doktoru  Almaz Ülvinin 10 Avqust 2019-cu il tarixdə “Respublika” qəzetində çap olunmuş “Səxavət Ociyevin mükəmməl monoqrafiyasi” başlıqlı məqaləsindən bəhrələndim. Müəllif məqalədə məni maraqlandıran bütün problemləri çox gözəl şərh etmişdir:

1888-ci ildə Azərbaycandan – Bakıdan ziyalılarından ibarət bir qrup Özbəkistana gəlirlər. Onlardan biri olan Mirzə Məhəmməd Axundzadə Gəncə şəhərindəki pedaqoji fəaliyyətini Səmərqənddə davam etdirməyə başlayır. O, 1907-1915-ci illərdə Səmərqəndin “Minqtut” və “Seyid” məhəllələrində Seyid Rza Əlizadənin açdığı “Həyat” və “Yeni həyat” məktəblərində dərs deyir.

Seyid Rza Əlizadə Türküstanda yeni tipli məktəb açan ilk maarifçilərdən biri olmaqla, orada xalq maarifinin və mədəniyyətinin inkişafındakı müstəsna xidmətləri olan böyük ziyalı həmyerlilərimizdəndir. O, fitri istedadı və zəhməti sayəsində özbək, fars, ərəb, ingilis, alman, fransız, italyan, ivrit, kürd, tacik, urdu, rus, erməni dillərini öyrənib. Türküstanda cədidçilər adlandırılan yenilikçilər hərəkatının öncüllərindən birinə çevrilib. Xalqı maarifləndirmək, cəhalət yuxusundan ayıltmaq üçün istər Türküstanda, istər Qafqazda, istər Hindistanda nəşr olunan qəzet və jurnallarda yüzlərlə məqalə və şeir dərc etdirib, müxtəlif qəzet və dərgilərin redaksiyalarında çalışıb.

Stalin repressiyasına tuş gələn Seyid Rza Əlizadəyə 1941-ci il sentyabrında 5 il həbs cəzası verilir və onu Rusiyada dövlət adamlarının, siyasi xadimlərin, xarici diplomatların, rəhbər işçilərin saxlandığı Vladimir şəhərindəki həbsxanaya göndərirlər. 1943-cü il fevralın 4-də cəza müddəti bitir. Lakin onun azad olunmasını təhlükəli sayaraq istintaqsız, məhkəməsiz “Təhlükəli adam” kimi müharibənin sonunadək həbsxanada saxlanması haqqında qərar qəbul edilir. S.R.Əlizadə həbsxanada olarkən maarifçilik missiyasını əlindən-könlündən kənara  qoymur. O, yalnız həbsdə olanlara deyil, həbsxana nəzarətçilərinə və rəhbərlərinə də dərs demişdir. 8 il məhbus həyatı sürən, tez-tez xüsusi rejimli kamerada saxlanan Seyid Rza Əlizadə 1945-ci il dekabrın 24-də 58 yaşında vərəm xəstəliyindən dünyasını dəyişir. 1957-ci ildə bir çox repressiya qurbanları kimi S.R.Əlizadəyə də bəraət verilir. 1987-ci ildə isə çox çətinliklə olsa da, nəvəsi Fərhad babasının nəşini Vladimir şəhərinin məhbuslar üçün nəzərdə tutulmuş qəbiristanlığından Səmərqəndə gətirir və “Pəncab” qəbiristanlığında dəfn etdirir.

Özbəkistanda yaşayıb-yaradan ziyalılarımızdan biri, Səmərqənd Dövlət Universitetinin professoru Səxavət Ociyevin “Seyid Rza Əlizadənin həyat və yaradıcılığı” adlı monoqrafiyasından (rus dilində) öyrənmək mümkündür. Bu kitab elmi-nəzəri məzmunu ilə yanaşı, saysız-hesabsız tarixi-ədəbi faktları ilə də diqqətimizi cəlb etdi.

S.Ociyevin monoqrafiyası üç fəsil və hər fəsil də üç bölmədə qruplaşdırılmışdır. “Seyid Rza Əlizadənin həyat və yaradıcılığı” əsərinin quruluşu belədir: “Seyid Rza Əlizadənin həyatı və maarifçi-pedaqoji görüşləri” adlı ilk fəsildə “S.R.Əlizadənin yaşayıb-yaratdığı dövrün ictimai-siyasi xarakteristikası”, “S.R.Əlizadənin həyatı və maarifçi-pedaqoji fəaliyyəti” və “S.R.Əlizadənin fəaliyyətində Azərbaycan, özbək, rus və dünya pedaqoji əlaqələri haqqında” kimi problemlər işığında həm S.Əlizadənin həyat və yaradıcılığı, həm də dövrün mənzərəsi araşdırılmışdır. “S.R.Əlizadə təlim-tədrisin mahiyyəti və məzmunu haqqında” adlı ikinci fəsildə “Türküstanda yeni metodlu məktəblərin yaranmasında S.R.Əlizadənin rolu”, “S.R.Əlizadə təhsilin məzmunu haqqında” və “S.R.Əlizadə təhsilin metodu haqqında” pedaqoji görüşləri tədqiq edilmişdir. “S.R.Əlizadə təlim-tərbiyə haqqında” adlı üçüncü fəsildə isə “S.R.Əlizadənin təlim-tərbiyənin məqsədi və xarakteri haqqında” və  “S.R.Əlizadə tərbiyənin prinsipləri və metodu haqqında” kimi bölmələr daxilində Seyid Rza Əlizadənin təhsil sahəsindəki görüşlərini, Türküstanda yeni tipli məktəblərin açılmasında elmi – nəzəri rolunu diqqətə çəkmişdir.

Məqalədən az-çox məlumat alandan sonra biz də o qənaətə gəldik ki, bu əsər vasitəsilə Azərbaycan əsilli, amma bütün ömrünü Türküstanda – Səmərqənddə yaşayıb fəaliyyət göstərən tarixi şəxsiyyət haqqında mükəmməl məlumat əldə etmək mümkündür. Onun titanik fəaliyyəti iki xalq – iki dövlət arasında əsrlərdən gələn mənəvi körpünün qızıl kərpiclərindəndir.

Ə.Nəvai adına Səmərqənd Dövlət Universitetinin əməkdaşı Səxavət Ociyev 1996-cı il noyabrın 27-də Bakıda Azərbaycan Elmi – Tədqiqat Pedaqoji Elmlər İnstitutunda “Seyid Rza Əlizadənin maarifçilik fəaliyyəti və pedaqoji görüşləri” mövzusunda dissertasiya müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsi almışdır. S.Q.Ociyevin elmi rəhbəri pedaqoji elmlər doktoru, akademik H.M.Əhmədov, rəsmi opponentləri isə pedaqoji elmlər doktoru, professor Ş.Ə.Mikayılov və pedaqoji elmlər namizədi, professor M.M.Həsənov olub.  Sonralar həmin dissertasiya işinin bazasında “Seyid Rza Əlizadənin həyat və yaradıcılığı” adlı monoqrafiya nəşr etdirmişdir. Səxavət Ociyev hazırda həmin Universitetin professorudur. Azərbaycan təəssübkeşli bu böyük ziyalının böyük işləri ayrıca bir yazı mövzusudur. Belə yaradıcılıq mövqeyinə görə hər bir azərbaycanlı ziyalısı kimi mən də minnətdaram.

Bundan sonra “Seyid Rza Əlizadənin həyat və yaradıcılığı” adlı monoqrafiyanın müəllifi  olan S.Ociyev mənim üçün əlçatmaz zirvəyə döndü və onunla telefon vasitəsi ilə tanışlıqdan qürur duydum, ürəyim dağa döndü. Çünki S.Ociyevin özünün qəlbi dərya kimi olduğundan özünə tədqiqat obyekti kimi Seyid Rza Əlizadənin həyat və yaradıcılığını seçmişdir. Özü də təbii şəkildə bu müqəddəs yolun yolçusu olduğundan taleyi onu ötən əsrin 70-ci illərində Səmərqəndə gətirib çıxarmışdı. Onun elmi yazıları, publisistik məqalələri özbək, Azərbaycan, tacik və rus dillərində burda çap olunmuşdur.

Səxavət Ociyev 1992-ci ildə yaradılmış “Azərbaycan-Özbəkistan” mədəni-igtisadi əlaqələr mərkəzi”nin təşkilçisi vəsədri kimi uzun illər fəaliyyət göstərir. Səmərqənddə vaxtilə yaşayıb-fəaliyyət göstərən Azərbaycan əsilli ziyalılar haqqında araşdırmaların müəllifi kimi də Səxavət Ociyevin imzası məşhurdur.

Şair qəlbli Səxavət Ociyev

 

Həmin məqalədən məlum olur ki, Səxavət Ociyev elmi araşdırmalar ilə bərabər gözəl və nəfis şəkildə olan şerlərin də müəllifidir. Onun 2011-ci ildə çapdan çıxmış  “Dil  isharı” (şeirlər, hikmətli sözlər) adlı kitabı ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır. Onun “Ana dilim” şeri bizim də diqqətimizi cəlb etdi. Müəllif ana dilinin onu dilə gətirməsini, məşhur etməsini, o dildən istifadə edənləri gül ətrinə bənzətdiyini ustalıqla lirik formada qeyd edir. Həmçinin ana dili ilə günəş tək çıxdığını, dünyaya onunla baxdığını, ana dilinin zənginliyi ilərəqibini yıxdığını, onunla dağları aşdığını, hər yerdə ürəklə coşduğunu, ana dili ilə bülbül təki nəğmələr qoşduğunuçox gözəl ifadə edir:

Sən gətirdin məni dilə,

Məşhur etdin bütün elə,

Bənzətdin həm ətir gülə,

Ana dilim, ana dilim.

Günəş tək çıxdım sən ilə,

Dünyaya baxdım sən ilə,

Rəqibi yıxdım sən ilə,

Ana dilim, ana dilim.

Dağları aşdım sən ilə,

Hər yerdə coşdum sən ilə,

Nəğmələr qoşdum sən ilə,

Ana dilim, ana dilim…

Özbəkistan kimi qardaş məmləkətdə Azərbaycanımızı hər sahədə ləyaqətlə təmsil edən ziyalı həmkarımın belə mövqeyi adamın ürəyini dağa döndərir.

Hələ bu azdır. “Türküstanlı Azərbaycan maarifpərvərlərinin maarifçilik fəaliyyəti və pedaqoji görüşləri (XIX-XX əsrlər)” mövzusunda doktorluq dissertasiyası üzərində işləmişdir.Hazırda Səmərqənd Dövlət Universitetinin Pedaqogika kafedrasının professorudur.Uzun müddət ozu yaşadığı SədiŞirazi məhəlləsinin ağsakalı olmuşdur. 2001-ci ilin noyabr ayında Bakı şəhərində keçirilən Dünya Azərbaycanlılarının I Qurultayının nümayəndəsi olmuşdur. Turan Akademiyasının həqiqi üzvü seçilmişdir.200-dən çox elmi-pedaqoji və publisistik əsərin-məqalə, ssenari, monoqrafıya, kitab və kitabçanın müəllifidir.

Yorulmaz tədqiqatçı alim, professor, vətən aşiqi Səxavət Ociyevi bu yaxınlarda tamam olacaq 70 yaşı münasibəti ilə bütün Azərbaycan ziyalıları adından Novruz bayramı ərəfəsində bahar təravətli arzularla təbrik etməyi özümə borc bildim.

Xalqımın ziyalı oğlu, akademik Səxavət Ociyev,bahar təravətli 70 yaşınız mübarək!

Sizə ömrünüzün yetkinlik çağında  pedaqoji fəaliyyətinizdə uğurlar və yeni yaradıcılıq üfüqləri arzulayıram. Araşdırmalarım göstərdi ki, Siz 70 illik ömrünüzdə daima həyatınızla yarışmısınız, arzularınızın qoynunda bir amalla vuruşmusunuz, bu amalınızın nəticəsi olaraq həyata insan tək qarışmısınız. Çünki mən belə qənaətə gəlirəm ki, Sizin həyat amalınız əsl insanlıq olmuşdur və bir ziyalı şəxsiyyət kimi ona da nail olmusunuz. Amalı ziyalı insanlıq olan, belə nümunəvi ictimai mövqeyi ilə çöxlarına örnək olan, eloğlularının ürəyini dağa döndərən qan qardaşım, 70 yaşınız mübarək!!

 

Hörmətlə,

Qeyd: Sabir Tağıyev

Türk Dünyası Araşdırmaları

Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru,

Avropa TəbiətElmləri(Almaniya) və

TURAN Elmlər(Özbəkistan)  Akademiyalarının həqiqi üzvü, 

 “Xalqın nüfuzlu ziyalısı” mükafatının laureatı

(Email:   [email protected]

Mob. telefon:  +99450-510-00-57  və  +99470-510-00-57)

19 mart 2021-ci il

 

 

 

 

 

 

 

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR