“Prezidentin əfv sərəncamları humanizm prinsiplərinə söykənən idarəçiliyin təzahürüdür” – Ramin Əhmədov
“Prezident İlham Əliyevin məhkum edilmiş bir sıra şəxslərin Novruz bayramı ərəfəsində əfv olunması haqqında sərəncam imzalaması xüsusi əhəmiyyətə malikdir. Həmin sərəncam 625 nəfərə şamil edilib. Ölkə başçısı əfv olunan insanlara, oların ailələrinə əsl bayram sevinci yaşatdı”.
Missiya.Az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədr müavini, Missiya Media Qrupun rəhbəri Ramin Əhmədov Prezident İlham Əliyevin ötən gün imzaladığı əfv sərəncamı barədə danışarkən deyib.
YAP rəsmisi bildirib ki, Prezidentin imzaladığı əfv sərəncamları ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır:
“Bu, həmrəyliyin, eləcə də ədalətə və humanizm prinsiplərinə söykənən idarəçiliyin təzahürüdür. Ölkə başçısının bayramlar ərəfəsi və digər əlamətdar günlərdə əfv sərəncamları imzalaması, bir tərəfdən mərhəmət göstəricisidirsə, digər tərəfdən də milli həmrəyliyimizə verilən əhəmiyyətin işarəsidir. Cənab Prezident məhkum edilmiş şəxslərə öz səhvlərini təkrar etməmələri üçün fürsət verir. Dövlət başçısının imzaladığı əfv sərəncamının digər əhəmiyyəti, ölkəmizdə insan hüquq və azadlıqlarına verilən dəyərlə bağlıdır. Bu sərəncamlarla, cinayət törədən şəxslərin cəmiyyətə yenidən adaptasiya olunması hədəflənir”.