“Yeni Azərbaycan Partiyası bu illər ərzində cəmiyyətin etimadını doğruldub” – Deputat
“Azərbaycan müstəqillik qazadığı ərəfələrdə ölkəmizin siyasi həyatında yeni siyasi birliklər və təşkilatlar meydana gəlməyə başladı. Həmin dövrdə təşkilatların əksəriyyətinin qarşısında duran vəzifə mütəqilliyin əldə edilməsi, möhkəmləndirilməsi və inkişafı dayanırdı. Lakin gedişat göstərdi ki, partiyalar çoxalsa da, real proqram təklif edən, cəmiyyəti öz ətrafında birləşdirən və qarşıda duran problemlərin həllinə dair konkret təkliflər verən siyasi təşkilat yoxdur. Bu baxımdan, Azərbaycan cəmiyyətində vaxtilə ölkəmizə rəhbərlik etmiş, yüksək nüfuza malik Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı bir partiyanın yaranması barədə təkliflər səsləndirilməyə başlanıldı”.
Bu sözləri Missiya.Az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə Yeni Azərbaycan Partiyasının yaranmasının tarixi səbəbləri barədə danışarkən deyib.
Aydın Mirzəzadə Yeni Azərbaycan Pariyasının yaranmasının sosial sifariş olduğunu deyib: “1992-ci ilin oktyabr ayında Azərbaycanın 91 nəfər ziyalısı Heydər Əliyevə müraciət edərək, onun adı ilə bağlı partiyanın yaradılmasında iştirak etməsini xahiş ediblər. Ulu Öndər qısa bir zaman sonra 91-lərin müraciətinə cavab verərək, Azərbaycanda həqiqətən də vəziyyətin gərgin olduğunu, problemlərin çoxaldığını, ölkəmizin inkişafı ilə bağlı təkliflərin olmadığını bildirdi. Həmin vaxt Heydər Əliyev özünün təkliflərini irəli sürdü. Bu təkliflər Heydər Əliyevin 91-lərə cavabında öz əksini tapırdı. İndinin analizi göstərir ki, o dövrdə bu təkliflərin hamısı günün tələblərinə cavab verirdi. Prinsip etibarı ilə yeni yaranacaq partiya cəmiyyətin ehtiyacından doğurdu. Bu bir sosial sifariş idi”.
Millət vəkili bildirib ki, YAP bütün dövrlərdə cəmiyyətə demokratik dəyərləri və müasir düşüncəni aşılayıb: “1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi və partiya qeydiyyata alındı. Yeni Azərbaycan Partiyası qısa zamanda onminlərlə üzvü öz ətrafına toplamağı bacardı. Partiyanın təşkilat komitəsi yaradıldı, bütün respublikada ərazi təşkilatları formalaşdırıldı. Partiyada Azərbaycanın gələcəyi barədə ciddi müzakirələrə başlanıldı. Sonraki mərhələdə YAP seçilərdə iştirak etdi. Xüsusilə qeyd etməliyik ki, Yeni Azərbaycan Partiyası ötən dövr ərzində daim müasir düşüncəni, demokratik ideaları özündə hopdurdu, cəmiyyətin bütün təbəqələrinin qabaqcıl nümayəndələrini diqqətini çəkdi. Bir sözlə, sosial sifariş olan Yeni Azərbaycan Partiyası bu illər ərzində cəmiyyətin etimadını doğruldub”.
Missiya.Az