Müzəffər sərkərdə, qurucu lider – Qarabağa həyat qayıdır
Prezident İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün mətbuat konfransında Qarabağa Böyük Qayıdışla bağlı məsələlərə xüsusi diqqət ayırıb. Ölkə başçısı dövlətin Qarabağa 2,2 milyard manat investisiya qoyacağını deyib.
Prezidentdən sitat: “Ərazilərin bərpa olunması üçün bütün imkanlar səfərbər olunacaq. Dövlətin 2,2 milyard manat investisiyası bir başlanğıcdır. Qarabağın bərpası barədə təklif edilmiş investisiya proqramından bu il həyata keçiriləcək layihələrdən təxminən bir milyard manatı praktik olaraq paylanıb. Layihələr infrastruktur layihələridir, onlara vəsait ayrılır. Bu, elektrik enerjisi, yollar, dəmir yolları, minalardan təmizləmə və sairə sahələrdir”.
Məlumdur ki, 30 ilə yaxın Ermənistanın işğalı altında olan Azərbaycanın Qarabağ regionunu tam şəkildə viran qoyulub, bütün yollar, evlər dağıdılıb, sərvətlərimiz talan olunub. Yerli əhalinin azad olunan bölgəyə qayıtması, rifahın bərqərar olunması üçün mütləq genişmiqyaslı bərpa işləri aparılmalıdır. Xüsusilə qeyd etmək lazımdır ki, təxminən 30 il əvvəl erməni quldurları tərəfindən evlərindən qovulmuş, heç bir əşyasını belə götürə bilməyən Azərbaycan vətəndaşları dövlətin dəstəyi ilə tikiləcək müasir kənd və qəsəbələrə köçəcəklər.
Bərpa layihələrinin həyata keçirilməsi üçün dövlət dəstəyi, dövlətin maliyyə resurslarının iştirakı mütləqdir. Qarabağın bərpasına dövlətin investisiya qoyması və xüsusi diqqət ayırması, işin təşkilinə və icrasına mühüm töhvə verəcək.
Ölkə başçısı mətbuat konfransı zamanı artıq Qarabağda bərpa işlərinin başladığını da elan etdi.
Sitat: “İnşa olunan yollar bölgənin inkişafını sürətləndirəcək və regionun tranzit əhəmiyyətini artıracaq. Aeroport ilə yanaşı Şuşa şəhərinə iki avtomobil yolu tikilir. Həmin yollardan birinin adı “Qələbə yolu”dur. Nisbətən aran ərazidən keçən digər yol da aeroportdan birbaşa gediş-gəlişi təmin edəcək. Xaricdə yaşayan azərbaycanlılar, həmçinin digər ölkələrin vətəndaşları Qarabağa gəlmək imkanına malik olacaqlar”.
Qarabağın bərpası ilə bağlı addımlar hərbi əməliyyatlar başa çatandan dərhal sonra başlayıb. Prezident İlham Əliyev görülən işlərlə tanış olmaq üçün bir neçə dəfə azad olunmuş ərazilərə səfər edib. Ölkə başçısı dekabrın 23-də Zəngilan, Qubadlı və Laçın rayonlarına səfəri zamanı Güləbird SES-in açılışını edib. Qarabağın yenidən qurulmasında dünyanın ən müasir tikinti və şəhərsalma standartları tətbiq olunur. Bu qəbildən, Zəngilanın Ağalı kəndində inşa ediləcək ilk “ağıllı kənd” layihəsini misal kimi göstərmək olar.
Prezident İlham Əliyev bildirib ki, ərazilərin bərpa olunması yeni iqtisadi imkanlar yaradacaq.
Sitat: “Görüləcək infrastruktur layihələr hesabına Avrasiyanın yeni bir nəqliyyat damarı açıla bilər. Bu cür layihələr ümumən regionun geosiyasi statusunu dəyişdirəcək… Böyük Qələbə sayəsində Azərbaycan daha cəlbedici investisiya ölkəsinə çevrilib. İndi əcnəbi investorlar Azərbaycana daha fəal şəkildə sərmayə qoyacaqlar. Hamı başa düşür ki, hərbi əməliyyatların yenidən başlanması riski praktik olaraq, sıfra endirilib. Azərbaycana gəlincə, bizim tərəfimizdən heç bir təcavüzkar hərəkətlər olmayacaq… İrimiqyaslı layihələr böyük maliyyə vəsaiti tələb edir. İcra olunacaq layihələr bir neçə milyard dollar vəsait tələb edəcək. Üç hava limanı inşa edilir. 100 kilometrlərlə dəmir yolu çəkiləcək. Bəlkə minlərlə kilometr avtomobil yolu çəkiləcək, həm şəhərlərarası, həm kəndlərarası. Bütün kəndlərə asfalt yol çəkiləcək. Bütün bölgələrdə elektrik enerjisi ilə bağlı layihələr bu ilin sonuna qədər icra ediləcək. Ondan sonra içməli su və bununla bağlı işlər, kənd təsərrüfatı işləri, ondan sonra bir milyon insanı ora qaytarmaq üçün nə qədər inşaat işləri aparılmalıdır. Məktəblər, xəstəxanalar, idman kompleksləri, mədəniyyət ocaqları”.
Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasında həm yerli, həm də xarici şirkətlər iştirak edəcək. Artıq bərpa işlərində Türkiyə, Pakistan və İtaliya şirkətləri investisiya qoymağa başlayıblar. Prezident də çıxışlarında bəyan edib ki, bütün dost ölkələrin şirkətləri Qarabağın bərpasında iştirak edə bilər.
Ölkə başçısı mətbuat konfransında Qarabağın bərpası ilə yanaşı, bölgənin turizm, enerji və kənd təsərrüfatı potensialı barədə də danışıb.
Prezidentdən sitat: “Qarabağın böyük kənd təsərrüfatı potensialı var. İşğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatı fəaliyyəti üçün zəngin imkanlar var. Müvafiq işlərin görülməsi artıq başlanıb və 7 min hektardan çox ərazidə payızlıq buğda əkilib… Qarabağ alternativ enerji mənbəyinə çevriləcək. Hələ müharibədən əvvəl Azərbaycan bərpaolunan enerjiyə investisiyalar cəlb etməyə nail olmuşdu. İki iri beynəlxalq şirkət ümumi həcmi 440 meqavata bərabər günəş və külək elektrik stansiyaları tikintisinə sərmayə yatırmaq arzusunda olduqlarını bildirib. Dünyanın aparıcı enerji şirkətləri arasında tender keçirilib və iki şirkət ən yaxşı təkliflər irəli sürüb”.
Məlumdur ki, ermənilər 30 il ərzində işğal altında olan ərazilərimizdə bütün enerji resurslarımızı, təbii sərvətlərimizi, su mənbələrimizi istismar edib. Hətta yay aylarında Azərbaycanın nəzarətində olan ərazilərə suyun verilişini məhdudlaşdırıblar və kənd camaatının təsərrüfatla məşğul olmasına maneələr yaradıblar. Azərbaycan Ordusu mövcud reallığı dəyişdi və bu gün həmin ərazilərdə suverenliyimiz bərpa olunub. Təbii ki, həmin bölgənin bütün təbii resurslarından sərbəst istifadə etmək imkanı əldə etmişik. Artıq işğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün istifadə oistifadə olunacaq torpaqların reabilitasiyası üzrə tədbirlərə başlanıb və hətta 7 min hektar sahədə dənli bitkilərin əkilməsi də həyata keçirilib. Şübhəsiz ki, bölgənin təbii resurslarından səmərəli istifadə, yeni iş yerlərinin açılması və Qarabağın bərpasından sonra rayonlara köçəcək vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması baxımından böyük əhəmiyyətə malikdir.
Bütün nəhəng layihələr Prezident İlham Əliyevin birbaşa rəhbərliyi altında həyata keçirilir. Əminliklə deyə bilərik ki, Azərbaycan xalqı Vətən Müharibəsi zamanı göstərdiyi həmrəyliyi Qarabağın bərpası mərhələsində də nümayiş etdirəcək. Xalqımız İlham Əliyevin rəhbərliyi altında birlik nümayiş etdirəcək və Qarabağ yeni həyatına qovuşacaq.
Missiya.Az