Prezidentdən Ermənistana Zəngəzur mesajı – Tarixi mətbuat konfransında diqqət çəkən məqamlar

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Prezident İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında İkinci Qarabağ Müharibəsindən sonra regionda baş verən proseslərdən tutmuş, Ermənistandakı dərin siyasi-iqtisadi problemlərə qədər bir çox mözulara toxundu. Ölkə başçısı sülhməramlıların fəaliyyəti, Ermənistandakı revanşist qüvvələrin təxribatçı addımları, Xocalıya qayıdış, Türkiyə-Rusiya Monitirinq Mərkəzinin fəaliyyəti və digər bir çox mövzular barədə geniş çıxış etdi.

Prezidentin xüsusi diqqət çəkdiyi mövzulardan biri də Türkiyə-Rusiya Monitorinq Mərkəzinin fəaliyyəti oldu.

Prezidentdən sitat: “Rusiya-Türkiyə Monitorinq Mərkəzi bölgədə təhlükəsizliyə nəzarət edir. Rusiya-Türkiyə Monitorinq Mərkəzinin fəaliyyəti noyabrın 10-da imzalanmış Bəyanatda öz əksini tapıb. Orada dəqiq göstərilmirdi ki, bu Rusiya-Türkiyə Monitorinq Mərkəzi olacaq. Amma Bəyanat razılaşdırılanda bu müəyyən edilmişdi. Azərbaycan öz vəsaiti hesabına bu monitorinq mərkəzini Ağdam rayonunun Mərzili kəndinin yaxınlığında yaratdı. Bütün şərait yaradıldı”.

Ölkə başçısı Monitorinq Mərkəzinin regiondakı təhlükəsizliyə verdiyi töhvədən də danışdı.

Prezidentdən sitat: “Artıq monitorinq mərkəzi fəaliyyət göstərir və bunun əsas məqsədi post-müharibə dövründə nəzarət etmək, pilotsuz uçuş aparatlarından da istifadə edərək monitorinq aparmaqdır ki, bu münaqişə zonasında hər hansı bir qarşıdurma olmasın. Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması çox önəmli addımdır. Bu, bölgəmizin sabitliyini qorumaq üçün önəmli amildir. Monitorinq mərkəzi post-müharibə dövrü üçün çox önəmli bir alət olaraq fəaliyyət göstərəcək”.

Ölkə başçısı 10 noyabrda xalqa müraciəti zamanı bildirmişdi ki, Türkiyə münaqişənin həllində və atəşkəsə nəzarətdə mühüm rol oynayacaq. Proseslər göstərdi ki, Azərbaycan prezidenti ortaya siyasi iradə qoydu və Qarabağda atəşkəsə nəzarət üçün Rusiya-Türkiyə Monitorinq Mərkəzinin yaradılmasına nail oldu. Bu Mərkəzin yaradılması İlham Əliyevin siyasi iradəsinin təzahürü, dövlət başçısının düşünülmüş siyasətinin, qətiyyətinin və prinsipiallığının məntiqi nəticəsidir.

İkinci Qarabağ Müharibəsi 30 illik status-kvonun, Ermənistanla bağlı yaradılan mifin dağıdılması, regionda yeni reallığın yaranması ilə nəticələndi. Əlbəttə ki, Türkiyə hərbçilərin Azərbaycana gəlməsi, Qarabağda xidmət aparması regionda yaranan yeni siyasi reallığın bir nümunəsidir. Rəsmi Ankaranın Cənubi Qafqaz regionunda hərbi-siyasi gücünü artırması bölgədə davamlı sabitliyə və təhlükəsizliyə qarant yaradır. Təbii ki, müharibədən sonra regionda yaranan həm siyasi, həm də iqtisadi reallıqlar Azərbaycanın maraqlarına uyğundur.

Prezident öz çıxışında Türkiyənin Azərbaycanın haqq işinə verdiyi dəstəyi və rəsmi Ankaranın dünyaya verdiyi “kənarda durun” mesajını da yüksək qiymətləndirdi.

Ölkə başçısından sitat: “Türkiyə ilk günlərdən Azərbaycanın haqq işinə dəstək vermişdir. Türkiyə müharibənin ilk günlərindən çox müsbət davranış göstərib. Sülhə, sabitliyə hesablanmış davranış. Eyni zamanda, ilk günlərdən Azərbaycanın haqq işinə Türkiyə öz dəstəyini göstərmişdir. Müharibə dövründə ilk günlərdən Türkiyə Prezidenti açıqlamalar verdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu, bir çoxları üçün mesaj oldu ki, kənarda durun, müdaxilə etməyin, Azərbaycana mane olmayın. Türkiyənin müdafiə naziri, xarici işlər naziri, digər yüksək vəzifəli rəsmilər birmənalı olaraq Azərbaycana dəstək verdilər. Bu, Azərbaycana çox böyük siyasi və mənəvi dəstək oldu. Eyni zamanda, bütün dünyaya bir siqnal oldu ki, kənarda durun, müdaxilə etməyin”.

Həqiqətən, Vətən Müharibəsi dövründə bir çox dövlətlər Azərbaycana siyasi təzyiq göstərməyə çalışırdı. Məqsəd isə Azərbaycanı haqq işindən döndərmək, müharibəni Ermənistanın xeyirinə bitirmək, münaqişənin daha bir neçə onilliklər ərzində uzanmasına nail olmaq idi. Amma Prezident İlham Əliyevin siyasi iradəsi və zamanında verilmiş qərarları Azərbaycanı bütün təhlükələrdən xilas etdi. Ölkə başçısı açıq şəkildə bəyan etdi ki, Azərbaycanla təhdid dili ilə danışmaq heç bir fayda verməyəcək. Əgər Azərbaycanla təhdid dili ilə danışılarsa, Türkiyə məsələyə müdaxilə edəcək, rəsmi Bakıya hərtərəfli dəstək göstərəcək. Türkiyə və Azərbaycanın qəti mövqeyini görən ermənipərəst dairələr, öz yerlərini bildilər, rəsmi Bakının heç bir halda geri çəkilməyəcəyini gördülər. Əlbəttə ki, həmin ermənipərəst qüvvələrin susdurulmasında rəsmi Ankaranın böyük rolu oldu. Azərbaycan Prezidenti də dəfələrlə göstərdiyi dəstəyə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkürünü bildirib.

Prezident İlham Əliyev müsahibəsi zamanı Ermənistanla Türkiyənin münasibətlərinin normallaşamasına və “Zəngəzur koridoru”nun gerçəkləşdilməsinə də toxundu.

Ölkə başçısından sitat: “Yeni vəziyyəti nəzərə alaraq Türkiyə-Ermənistan əlaqələrinin normallaşmasına da müsbət baxırıq. Türkiyə özü müəyyən edəcək ki, Ermənistan ilə sərhədlər nə zaman açıla bilər, nə zaman əlaqələr normallaşa bilər. Azərbaycan tərəfindən buna necə deyərlər, hər hansı bir mənfi fikir olmayacaq. Bölgənin sabitliyi, uzunmüddətli sülh üçün bütün ölkələr arasında münasibətlər normal olmalıdır. Ermənistan-Azərbaycan sərhədi açılırsa, Türkiyə-Ermənistan sərhədinin bağlı qalmasına da təbii ki, ehtiyac qalmır. Əgər koridorlardan söhbət gedirsə, Zəngəzur koridoru gerçəkləşdiriləcəksə, təbii ki, Türkiyə-Ermənistan sərhədi də açılacaq. Bu, Türkiyənin öz qərarıdır. Ermənistan ilə sərhədlərin açılması Türkiyənin xeyrinə olacaqsa, bu, Azərbaycanın da xeyrinədir”.

Prezident çıxışı zamanı Ermənistanın siyasi elitasına ciddi mesajlar ötürərək, Türkiyə-Ermənistan sərhəddinin açılmasının təməlində rəsmi İrəvanın “Zəngəzur koridoru” ilə bağlı atacağı müsbət addımların dayandığına işarə vurdu. Belə anlaşılır ki, Ermənistan koridorun bərpasını uzadacağı təqdirdə, Türkiyə-Ermənistan sərhəddinin açılma vaxtı qeyri-müəyyən vaxta qədər uzadılacaq.

Ölkə başçısı həmçinin Ermənistanın Türkiyə və Azərbaycanla əməkdaşlıq etməyəcəyi təqdirdə, vəziyyətinin daha da çətinləşəcəyini də vurğuladı.

Prezidentdən sitat: “Ermənistan Azərbaycan və Türkiyə ilə əməkdaşlıq etməzsə, vəziyyəti daha da çətinləşəcək. Azərbaycan və Türkiyə ilə əməkdaşlıq olmasa, Ermənistanın bərpa üçün sadəcə, resursu yoxdur. Onlar hər tərəfdən sıxılmış vəziyyətdə necə yaşayırdılarsa, elə də yaşayacaqlar. Türkiyə, Rusiya, İran və Azərbaycan arasında körpülərin yaradılması ilə bağlı da aydın təsəvvür var. Ona görə də Ermənistan burada hər hansı bir mənfi addım atmağa cəhd etməməlidir. Onların siyasi, hərbi və iqtisadi konfiqurasiyasının asılı vəziyyətdə olması bunu şərtləndirir. Azərbaycan bu regionun tərkib hissəsi olmuşdur, hər zaman uğurlu əməkdaşlığın nümunəsi olmuşdur”.

Əlbəttə ki, həm erməni xalqı, həm də hazırki rəhbərlik Azərbaycan və Türkiyəsiz Ermənistanın gələcəyinin olmadığını anlayır. Çünki hər iki türk dövlətində həm təbii resurslar, həm də demoqrafiq vəziyyət Ermənistandan qat-qat yüksəkdir. Azərbaycan və Türkiyənin iqtisadi imkanları da Ermənistanla müqayisə olun mayacaq dərəcədə yüksəkdir. Bu iki dövlətin iradəsindən kənar regionda hər hansı gəlişmə müşahidə oluna bilməz.

Ermənistan əhalisi işsizlik və səfalət üzündən ölkəni tərk edir, iş yerləri bağlanır. Ölkədəki sosial vəziyyət acınacaqlı hal alıb. Ona görə də Azərbaycan Prezidentinin mətbuat konfransında səsləndirdiyi bütün fikirləri Ermənistanın hazırkı hakimiyyətinə və revanşit qüvvələrə ciddi mesajdır. Əgər region ölkələrinə nifrət dolu siyasətdən əl çəkməsələr, Ermənistanın gələcəyi sual altında qalacaq. İkinci Qarabağ Müharibəsi kimin hansı nüfuza, hansı xalqın hansı iradəyə, hansı dövlətin ordusunun güclü olduğuna tam mənada aydınlıq gətirdi. Artıq regionun gələcəyində revanşist, işğalçı qüvvələrə yeri yoxdur. İndi Azərbaycanın yaratdığı yeni reallıqdan, iqtisadi  dividentlərdən Rusiya, Türkiyə, İran və Gürcüstanla yanaşı, Ermənistanın da yararlanmaq imkanı var.

Missiya.Az

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR