Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının ilk iclası keçirilib

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Yanvarın 5-də yeni yaradılmış Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının ilk iclası keçirilib. Videoformat şəklində keçirilən iclasda Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanlarından irəli gələn məsələlər müzakirə edilib.

Əvvəlcə Müşahidə Şurasının üzvləri göstərilən etimada görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Qeyd olunub ki, Qarabağ Dirçəliş Fondunun əsas fəaliyyəti Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulmasını, inkişaf etmiş regiona çevrilməsini, məskunlaşma, layiqli yaşayış və iqtisadi fəallığı, məcburi köçkünlərin öz torpaqlarına qayıtmasını təmin edəcək mühitin bərqərar olmasına yönələcəkdir. Bu məqsədlə ölkə Prezidentinin fərmanı ilə Fondun qarşısında ciddi vəzifələr müəyyən edilib.

İclasda qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərdə hazırda təhlükəsizliklə bağlı məsələlərin həll olunması ilə yanaşı, ilkin infrastruktur və sosial xidmətlərin təmin edilməsi ilə bağlı vəzifələr icra olunur. Dövlət tərəfindən yol infrastrukturu qurulur, dövlət qurumları, ilk növbədə kommunal xidmət göstərən qurumların yerli bölmələri öz sahələri üzrə fəal işə başlayıblar. Vurğulanıb ki, işğaldan azad olunmuş torpaqların kifayət qədər böyük ərazini əhatə etməsi nəzərə alınaraq, burada iqtisadiyyatın bərpası çoxşaxəli yanaşmaya söykənən vahid konseptual dövlət proqramı əsasında həyata keçiriləcəkdir. Proqramın qısa müddət ərzində hazırlanması və təsdiq edilməsi nəzərdə tutulur.

Qarabağ Dirçəliş Fondu bərpa işlərinin həyata keçirilməsinə maliyyə dəstəyinin göstərilməsi, sərmayələrin cəlb edilməsi, Azərbaycanda və ölkə xaricində zəruri təşviqat işlərinin həyata keçirilməsinə dəstək verəcəkdir. Ölkə Prezidentinin Fərmanı ilə Fondun əsas maliyyə mənbələri müəyyən edilib.

Müşahidə Şurasının üzvləri Fondun fəaliyyətinin şəffaflıq, ictimai açıqlıq, habelə özəl sektor və vətəndaş cəmiyyəti ilə birgə əməkdaşlıq prinsipləri əsasında qurulmasının vacibliyini qeyd ediblər. Bildirilib ki, Fond özəl sektorun işğaldan azad edilmiş ərazilərdə fəaliyyətini, layihə və təşəbbüslərini hərtərəfli dəstəkləyəcək, onlara bütün zəruri hüquqi-təşkilati dəstək göstərəcəkdir. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərin bərpası prosesinə xarici investorların və beynəlxalq donor qurumlarının cəlb olunması xüsusi diqqətdə saxlanılacaqdır.

Müşahidə Şurasının iclasında bir sıra təşkilati-inzibati məsələlər də müzakirə olunub, Fondun tam fəaliyyətə başlaması üçün zəruri hüquqi prosedurların qısa müddətdə tamamlanması ilə bağlı müvafiq qərarlar qəbul edilib.

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR