Rusiya buradakı maraqlarını təhlükəyə ata biləcək addımlardan çəkinməlidir – Ramin Əhmədov

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Son günlər Rusiya sülhməramlılarının Azərbaycanın Qarabağ regionunda özbaşınalıqları ilə bağlı xəbərlər yayılır. Xəbərlərdən aydın olur ki, sülhməramlılar 10 noyabr bəyanatının müddealarına əməl etmir və dırnaqarası xəritələrlər hazırlayırlar. Bu isə Azərbaycan cəmiyyətinin haqlı narazılığı ilə nəticələnir. Sülhməramlıların təxribatçı davranışları cəmiyyətdə anti-Rusiya əhval-ruhiyəsini daha da artırır. Cəmiyyətdə sual yaranır ki, Rusiya sülhməramlıları hansı haqla, hansı səlahiyyətlə özündən xəritələr cızaraq dövrüyyəyə buraxır? Belə hallar yolverilməzdir”.

Bu sözləri Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədr müavini, Missiya Media Qrupun rəhbəri Ramin Əhmədov Dağlıq Qarabağda yerləşdirilən Rusiya sülhməramlılarının özbaşınalıqları barədə danışarkən deyib.

YAP rəsmisi bildirib ki, Rusiya sülhməramlılalarının bütün vəzifə və səlahiyyətləri beynəlxalq qanunvericiliyə və üçtərəfli bəyanata uyğun tənzimlənməlidir: “Rusiya Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan sərhədləri daxilində özbaşına qərar vermə bilməz. Rus əsgərinin hansı ərazilərdə müşahidə postları quraşdıra biləcəyi üçtərəfli bəyanatda konkret göstərilib. Həmin ərazilərə daxil olmayan istiqamətlərə də meyillənmək, razılaşma şərtlərinin pozulması deməlkdir”.

Ramin Əhmədov Rusiyanın son davranışlarının səbəbləri barədə də danışıb: “Azərbaycan həmişə müstəqil siyasət yeridib və heç bir dövlətin diqtəsi ilə hərəkət etməyib. Görünür II Qarabağ müharibəsindən sonra mövqelərini bir qədər də möhkənləndirmiş rəsmi Bakının müstəqil qərarları Rusiyada müəyyən dairələri qıcıqlandırır. Həmçinin Bakıda keçirilən möhtəşəm Zəfər Paradında Rusiyanın Ermənistana hədiyyə verdiyi və Azərbaycan Ordusu tərəfindən məhv edilmiş hərbi texnikanın nümayişi və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın paradda iştirakı bəzilərinin xoşuna gəlməyib. Rusiya anlamalıdır ki, Azərbaycan həmişə tərəfdaşlarını, müttəfiqlərini özü seçir və bundan sonra da belə olacaq. Heç bir siyasi və iqtisadi təzyiq Azərbaycanı yolundan döndərə bilməz”.

Rusiya sülhməramlılarının Azərbaycan cəmiyyəti tərəfindən pozuculuq fəaliyyəti kimi qiymətləndirilən davranışları, Moskvanın regiondakı və Azərbaycandakı imicinə mənfi təsir etdiyini deyən Ramin Əhmədov bildirib ki, Rusiya Azərbaycanı başqa ölkələrlə eyniləşdirməməlidir: “Azərbaycan öz mövqelərini və sərhədlərini qorumaq gücündə olan dövlətdir. Azərbaycanla münasibətlərin pozulmasına yönəlmiş cəhdlər Rusiya dövlətinin özünün də maraqları daxilində deyil. Moskva maraqlarını təhlükəyə ata biləcək addımlardan çəkinməli, üçtərəfli razılaşmanın bütün şərtlərinin yerinə yetirilməsini təmin etməlidir”.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR