Azərbaycanın Gürcüstandakı Səfirliyi bu ölkədəki soydaşlarımızla birlikdə Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr edilmiş videokonfrans keçirmişdir

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Dekabrın 12-də Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyi tərəfindən Gürcüstandakı azərbaycanlı icması ilə birlikdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anım gününə həsr olunmuş vebinar keçirilib. Sözügedən vebinarda Azərbaycanın Batumi şəhərindəki Baş konsulu, Gürcüstan parlamentinin azərbaycanlı deputatları, soydaşlarımıza aid QHT və dini təşkilat rəhbərləri, iş adamları, mətbuat nümayəndələri, ziyalılar, ictimai fəallardan ibarət 70-dək şəxs iştirak edib.
Tədbirdə çıxış edən Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev ilk öncə videokonfrans iştirakçılarını Ulu Öndər Heydər Əliyevin siyasətinin davamçısı, Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsinin Milli Ordumuzun şanlı zəfəri ilə bitməsi münasibətilə təbrik edib. Daha sonra F.Quliyev Azərbaycan və Gürcüstan arasındakı əlaqələrin tarixindən danışıb, münasibətlərimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərini qeyd edib. Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldiyi ilk illərdən gürcü və Azərbaycan xalqlarının tarixi dostluğunu daha da inkişaf etdirməyə çalışıb. Qeyd edilmişdir ki, Azərbaycanın yeni neft strategiyasının əsasını qoyan “Əsrin kontraktı” imzalandıqdan sonra, məhz Heydər Əliyevin uzaqgörənliyi, təkidli tələbi sayəsində Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün əsas marşrut qismində yüz minlərlə soydaşlarımızın yaşadığı Gürcüstan seçilib, bununla da Cənubi Qafqaz hazırda mühüm beynəlxalq enerji və nəqliyyat magistrallarının keçdiyi geoiqtisadi regiona çevrilib.
Səfir F.Quliyev bildirib ki, Ulu Öndərin başladığı quruculuq, inkişaf, beynəlxalq birliyə açılma, ümummilli hədəflər naminə cəmiyyətin bütün sosial və siyasi kəsimlərini əhatə edən həmrəylik kursu onun siyasi varisi, 2003-cü ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirildi. “Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsini biz 44 günlük Vətən müharibəsində gördük. Mənfur düşmənimiz, bütün dünya Azərbaycan dövlətinin gücünün, qüdrətinin, siyasi-iqtisadi, hərbi inkişafının şahidi oldu” – deyə səfir vurğulayıb.
F.Quliyev qeyd etmişdir ki, Ümummilli Liderin Gürcüstandakı soydaşlarımızla bağlı qayğıkeş siyasətini davam etdirən cənab Prezident İlham Əliyevin səyləri nəticəsində Azərbaycan tərəfindən Gürcüstan iqtisadiyyatına milyardlarla ABŞ dolları məbləğində investisiya qoyulmuş, həmçinin Gürcüstanda xüsusilə azərbaycanlılar yaşayan regionlarda orta məktəblər, uşaq bağçaları, idman zallarının və digər sosial obyektlərin təmir-tikintisi həyata keçirilmiş, eləcə də “1+4” proqramı ilə Gürcüstanın ali təhsil müəssisələrində oxuyan minlərlə soydaşımızın təhsil haqları ödənilmişdir. Məhz İlham Əliyevin rəhbərliyi altında Gürcüstandan keçən Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum, TANAP və TAP kəmərlərini birləşdirən Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmiryol xətti reallaşdırılmışdır.
F.Quliyev 44 günlük Vətən müharibəsi dövründə Gürcüstanda soydaşlarımızın Azərbaycana, Azərbaycan Ordusuna göstərdikləri dəstəyə görə minnətdarlıq edib. Xüsusi vurğulanıb ki, Vətən müharibəsinin ilk günlərindən başlayaraq Gürcüstanda azərbaycanlılar yaşayan ayrı-ayrı şəhərlərdə, kəndlərdə, qəsəbələrdə Azərbaycan Ordusuna, cənab Ali Baş Komandan İlham Əliyevə dəstək aksiyaları, o cümlədən tarixdə ilk dəfə olaraq Marneulidə 3 minə qədər soydaşımızın iştirak etdiyi “Qarabağ Azərbaycandır!” adlı aksiya keçirilmişdir. İcmamızı təmsil edən 60 təşkilat Gürcüstanın dövlət orqanlarına, Tbilisidə akkreditə olunan beynəlxalq təşkilatların nümayəndəliklərinə, diplomatik korpusa müraciət edərək, Ermənistan Respublikasının Azərbaycan ərazilərinin işğalına son qoymağa məcbur olunmasına çağırıblar. Eyni zamanda, cəbhədə döyüşlərin başlandığı ilk saatlardan etibarən yüzlərlə soydaşımız ürəklərinin çağırışı ilə Səfirliyə müraciət etmiş və könüllü döyüşçü kimi getmək istədiklərini, ərzaq və müxtəlif əşyaları Ordumuza göndərmək niyyətində olduqlarını bildirmişlər. Bu sırada, Səfirliyin vasitəsilə Qaraçöp mahalından 600 baş xırda buynuzlu mal-qara Ordumuza göndərilmiş, Qardabanidəki “Loğman” klinikasının rəhbəri tərəfindən isə bir yük maşını dərman və tibbi ləvazimatlar Azərbaycan Respublikası Müdafiə Nazirliyinin ünvanına çatdırılmışdır. Sadaxlı, Qabal, Dmanisi və digər ellərdən on minlərdə ABŞ dolları məbləğındə vəsait Silahlı Qüvvələrin Yardım Fonduna köçürülmüşdür.

Səfir çıxışında vurğulamışdır ki, Vətən müharibəsi günlərində Gürcüstanın azərbaycanlı icmasına aid “marneulifm.ge”, “aktual.ge”, “24news.ge” və “interpress.ge” xəbər saytları daim cəbhə xəttində şanlı Ordumuzun zəfərli yürüşü barədə, ölkə başçımızın çıxışları, müsahibələri haqda müxtəlif dillərdə dolğun məlumat vermiş, icmamızın, gürcü ictimaiyyətinin məlumatlandırılmasında müstəsna rol oynamışlar. F.Quliyev videokonfransda iştirak edən həmin saytların rəhbərlərinə bu fəaliyyətlərinə, ədalətli mövqelərinə görə Azərbaycan xalqı, dövləti adından minnətdarlığını çatdırmışdır.

Sonra videokonfransda Azərbaycanın Batumi şəhərindəki Baş konsulu Pərviz İsmayılzadə, 2016-20-ci illər çağırış Gürcüstan parlamentinin deputatları Ruslan Hacıyev, Mahir Dərziyev və Azər Süleymanov, Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin icraçı direktoru Rafiq Hümmət, Azərbaycanın Gürcüstandakı İş Adamları Birliyinin rəhbəri Nəriman Qurbanov, “İnteqrasiya” Elmi-Mədəni Araşdırmalar Mərkəzinin sədri Akif Xansultanlı, Gürcüstan Lider-Media Təşkilatının və “24news.ge” saytının rəhbəri Azər Məmmədov, Gürcüstanın Azərbaycanlı Jurnalistlər Birliyinin sədri Nizami Məmmədzadə, M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Leyla Əliyeva, professor Mahmud Kamaloğlu, “Dostluq yolu” İctimai Təşkilatının rəhbəri Tapdıq Yolçuyev, teatrşünas Namiq Hacıyev, Gürcüstan Azərbaycanlıları Konqresinın sədri Hüseyn Yusubov, Elmi Araşdırmalar Assosiasiyasının sədri Ehtiram Əmirxanlı, ictimai fəal Nərgiz Əliyeva çıxış etmiş, Heydər Əliyevin əziz xatirəsinə ehtiramlarını bildirmiş, Prezident İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsindəki şanlı zəfərimiz münasibətilə Azərbaycan xalqını təbrik etmişlər.

Konfransın sonunda səfir F.Quliyev yekun nitqi ilə çıxış edərək, Ulu Öndər Heydər Əliyevin xatirəsinə hörmətlə yanaşıb səfirliyin keçirdiyi konfransda iştirak edən şəxslərə minnətdarlığını bildirmiş, tədbirdə soydaşlarımız tərəfindən qaldırılmış məsələlərin həlli edilməsi istiqamətində atılacaq addımlar barədə danışmışdır. Səfir qeyd etmişdir ki, Gürcüstanın siyasi rəhbərliyi ilə ilk görüşlərindən başlayaraq, Gürcüstandakı icmamızın Azərbaycan-Gürcüstan humanitar və digər əlaqələrinin inkişafında körpü rolu oynadığı daim vurğulanmış, Gürcüstan rəsmiləri ilə sözügedən görüşlərdə icmamızın təhsil, mədəniyyət, sosial və digər sahələrdə problemləri qaldırılmış, öz növbəsində tərəf müqabillərindən həmin problemlərin həlli istiqamətində müsbət yanaşmalar bildirilmişdir. F.Quliyev soydaşlarımızı əmin etmişdir ki, Azərbaycan dövləti, səfirliyimiz daim icmanın yanındadır və səfirlik Azərbaycan-Gürcüstan dostluğunun, əməkdaşlığının daha da inkişaf etdirilməsi istiqamətində əlindən gələni etməyə hazırdır.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR