Azərbaycan 44 il sonra da barəsində danışılacaq zəfərlə torpaqlarını azad etdi – Hulusi Akar
Ermənistanın törətdiyi vəhşiliklər, o cümlədən Xocalı soyqırımı hələ də yaddaşlarda qalmaqdadır.
Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Türkiyə parlamentində çıxışı zamanı deyib.
O bildirib ki, Ermənistanın sentyabrın 27-də mülki obyektlərə zərbə endirməsi səbri daşıran son damla olub: “Azərbaycan Ermənistanın işğal etdiyi əraziləri azad etmək üçün hərəkətə keçib və “Tək Vətən Hərəkat Planı”nı işə salıb. 44 gün davam edən, ancaq 44 il və ondan sonra da barəsində danışılacaq zəfərlə nəticələnən hərəkatla Azərbaycan torpaqları Ermənistanın işğalından qurtarılıb və 10 noyabrda atəşkəs bəyanatı imzalanıb. Cənab Prezidentimiz Rusiya Prezidenti Putinlə atəşkəsin şərtləri və davamlı olması ilə bağlı danışıqlar apararaq atəşkəs bəyanatına lazımi dəstəyi təmin edib”.
H.Akar Atatürkün vəfat etdiyi 10 noyabr tarixinin əvəzinə Şuşanın işğaldan azad edildiyi 8 noyabr tarixinin Azərbaycanda Zəfər Günü kimi qeyd olunacağını da xatırladıb: “Bu həssaslıqlarına görə başda Azərbaycan Prezidenti İlham Əliyev olmaqla bütün azərbaycanlı qardaşlarımıza minnətdarlığımızı bildirirəm. Beləliklə, Azərbaycan “bir millət, iki dövlət” anlayışı ilə kədərdə və sevincdə bir və bərabər olduğumuzu bir daha nümayiş etdirdi. Türkiyə bundan sonra da bütün imkanları ilə azərbaycanlı qardaşlarının yanında olmağa davam edəcək”.