Nağıla dönən qəhrəmanlar- gizir Fərid Ramazanov

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

 

Azərbaycanın dilbər guşələrindən, Qax rayonunun ən qədim kəndlərindən biri olan Qum kəndi hələ qədimdən qəhrəmanlar yurdu olub. Dağlar öz əzəməti ilə insan ruhunu qidalandırdığı üçün insanları da mərd, səmimi, dürüst  və mübariz ruhlu yetişirdi bu yurdda. Böyük Vətən Müharibəsi, I Qarabağ Savaşında şücaətlə vuruşan qəhrəman oğulların adı yaddaşlarda əbədi kök salıb. Onlar tez-tez anılır, gələcək nəsllərin yaddaşına köçürülərək yaşadılır. Bu salnaməyə daha bir igidin adı yazıldı. Fərid Ömər oğlu Ramazanov.

II Qarabağ –Vətən Müharibəsi adı ilə tarixə keçən bu savaş bütün dünyanı heyrətə gətirdi və Azərbaycan oğlunun qüdrətini göstərdi bütün dünyaya. 30 ilə yaxın müddətdə erməi işğalında qalan yurdlar, şəhid düşən qardaşlar, min bir əziyyət çəkən qaçqın-köçkün statusu Fəridin də qəlbində ağır bir yara kimi qövr edirdi. Düşmənə olan nifrətinin sonsuzluğuna səbəb, onların dədə-baba torpaqlarımızı işğal edərək, davamlı dinc əhalini və körpələri qətl etməsindəydi.  Yurdları azad etmək arzusuyla yanan bu gənc də həsrətlə Ali Baş Komandanın əmrini gözləyirdi. Və nəhayət o gün gəldi. Bütün rayonlarda olduğu kimi Qaxın igidləri də səfərbər oldular.

27 sentyabr 2020-ci il tarixindən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda başlayan döyüş, nəhayət qələbə ilə bitdi. Tarixi ədalət bərpa oldu! Amma heyif ki, Fərid və şəhid düşən başqa oğullarımıza bu günü görmək nəsib olmadı.

Dağ vüqarlı, zirvə əzəmətli Fərid qızğın döyüşlərdə düşmənə amansız zərbələr endirirdi. Onun başçılıq etdiyi dəstənin əsgərləri də mübarizruhlu, qətiyyətli və qorxmazdılar.  Fərid  dağlaroğlu olduğu üçün qayalarda, aşırımlarda rahat hərəkət edir, düşmənə gözlənilməz zərbələr endirirdi. O, müxtəlif taktikalarla qəflətən hücuma keçir, düşmənin bağrını yarırdı.  Geri çəkilmək barədə heç düşünmürdü də. Onun məhz bu xarakteri döyüş yoldaşlarına da böyük stimul verirdi.

Məktəb illərində qəhrəmanlıq romanlarını sevən gənc Fərid indi özü roman qəhrəmanına çevrilmişdi. Öz dəstəsi ilə düşmənin həmləsini dəf edib  pərən-pərən salan Fərid düşmənin əlaqə yollarını bağlamağa nail olur. Bölmələrimizin sərbəst hərəkətinə şərait yaradır. 3 oktyabr 2020-ci il tarixində  Suqovuşan (Hadrut) uğrunda gedən döyüşlərdə qəhrəman gizirimiz düşməni geri çəkilməyə məcbur edir. Bu döyüşdə də, onlar xeyli qənimət və uğur əldə edirlər. Verilən tapşırığı məsuliyyətlə və mükəmməl şəkildə yerinə yetirən qəhrəman  9 oktyabrda Tərtər-Ağdərə uğrunda gedən qızğın döyüşlərə qatılır. Ruhunu saran, canına hopan böyük Vətən sevgisi və burda şəhid düşən qardaşlarının ruhu ona böyük güc verirdi,  O, düşmənin ağır silahlarını, tankını, topunu və yüzlərlə hərbi qulluqçusunu məhv edir. Ermənilər öz saytlarında və sosial şəbəkələrində Azərbaycan əsgərlərindən qorxduqlarını gizlətmirdilər. Onlar yazırdılar;”Bu döyüş başqa döyüşlərə bənzəmir. Azərbaycan əsgəri ağır yaralanır, durub yenə üstümüzə cumur. Onlar yaralıları və şəhidləri çiyinlərinə alaraq üstümüzə hücum edirdilər! Bu dəhşətli və qorxunc bir mənzərə idi”. Şir ürəkli oğulların yaratdığı bu tablonun ortasında idi Fərid də. Fərid öz dəstəsi ilə  düşməni məhv edir, pərən salaraq Suqovuşanın zirvəsini ələ keçirir. Və həmin döyüşdə də snayper gülləsindən açılan atəş nəticəsində şəhid düşür.

11 oktyabr 2010-ci il tarixində Qaxın rayon mərkəzindən uzanan izdiham Qum kəndinin mərkəzində bitirdi. Bu izdiham bir qəhrəmanı şəhadətə uğurlayırdı. Bir igidin 2 balası səsizcə bu mənzərəni seyr edirdi nə olduğunu anlamadan. Bir gəlinin birçəkləri ağarırdı səssiz hayqırtısında. Oğlu hamıdan soruşurdu ki, atamın adı Fəriddi, siz niyə şəhid deyirsiz?! Ömər ata fəxrlə başını dik tutub üfüqlərə baxırdı. Qəlbində oğluyla danışa-danışa. Onun oğlu qəhrəman idi! Vətən uğrunda canını fəda etmişdi!o, qəhrəman atasıydı! Qum torpağı daha bir balasını məhəbbətlə qoynuna alırdı. Böyütdüyü, qollarına, dizlərinə güc verdiyi!

Fərid Ömər oğlu Ramazanovun ömür dəftərində son notu bu idi:”Baş qoyduğum bu torpaq, bu daş, bu yurdlar, uğruna vuruşduğum Qarabağ torpağı bizim ulu babalarımızın bizə əmanətidir! Biz öz yurdumuza sahib çıxacağıq,  onu qorumaq məndən sonrakı Fəridlərin borcudur! Ömürdən pay verərik, torpaqdan bircə qırıq da pay olmaz!”.

Qum kəndidnin mərkəzində bir şəhid məzarı yoldan keçənlərin ayaq səsinə boylanır. “Yolçu, ayaq saxla bir an bu yerdə, Burda əsgər yatır, qəhrəman yatır!”. Gül-çiçəyə, bayraqlara bürümüş bu şəhid məzarı gənclərin, uşaqların qürur mənbəyinə, fəxr yerinə çevrilib. Fərid sevdiyi nağıl qəhrəmanlarının sırasında özünə yer qazandı. Məzardaşına yapışan şəkildən  gülümsəyərək öz nağılını danışacaq səssizcə onu ziyarətə gələnlərə. Həm Azərbaycanın, həm Qarabağın, həm də bu yurdun qəhrəman oğulu olaraq!  Biz heç zaman onları unutmayacağıq!

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

Şərafət Şəfa

 

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR