“İlham Əliyev cəbhə hakimiyyətinin daha bir xəyanətinin nəticəsini aradan qaldırdı” – Ramin Əhmədov
“Bu gün Azərbaycan xalqının 27 illik Kəlbəcər həstərinə son qoyuldu. Noyabrın 10-da imzalanmış üçtərəfli razılaşmaya əsasən düşmən ordusu Kəlbəcəri döyüşsüz təhvil verdi. Bundan əvvəl Ağdam şəhəri də döyüşsüz təhvil verilmişdi. Əlbəttə ki, Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi üstünlük Dövlətimizin masadakı mövqelərini möhkəmləndirdi. Əldə etdiyimiz siyasi üstünlük Ağdam, Kəlbəcər və Laçın rayonlarının döyüşsüz təhvil almağımızı şərtləndirdi. Əminliklə deyə bilərik ki, bu qələbənin kökündə Azərbaycan prezidenti İlham Əliyevin uğurlu diplomatik manverləri dayanır. Prezident sona qədər mövqeyindən geri çəkilmədi və Paşinyana şərtlərini qəbul etdirdi”.
Bu sözləri Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədr müavini Ramin Əhmədov Kəlbəcər qələbəsi ilə bağlı Facebook hesabındakı təbrik mətnində qeyd edib.
YAP rəsmisi bildirib ki, Ermənistan qoşunların Azərbaycanın Kəlbəcər rayonunu təhvil verməsi, Birləşmiş Millətlər Təşkilatının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi 4 qətnamənin tələblərindən biridir: “BMT-nin 1993-cü il, 30 aprel tarixində qəbul etdiyi 822 nömrəli qətnaməyə görə Kəlbəcər rayonu digər işğal olunmuş rayonlarımız kimi qeyd-şərtsiz azad olunmalı idi. Amma 27 il ərzində bu qətnamə icra olunmadı. Bu müddət ərzində Azərbaycanın əzəli torpaqlarında erməniləşdirmə siyasəti və qanunsuz məskunlaşdırma prosesi daha da sürətləndirildi. Dünya birliyi isə Dağlıq Qarabağda və ətraf rayonlarda törədilən qanunsuz əməllərə göz yumdu, görməzdən gəldi. Əlbəttə ki, Azərbaycan sonsuza qədər beynəlxalq təşkilatların nə vaxt qətnamələrin tələblərini icra edəcəyini gözləyə bilməzdi. Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 27 ildir icra olunmayan qətnamələri döyüş meydanında icra etdi. Cənab Prezidentin də dediyi kimi dəmir yumruğumuz hesabına Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş bütün ərazilərindən çıxarılır. Bu, böyük qələbədir. Azərbaycan xalqı, əldə etdiyimiz tarixi qələbəyə görə Prezident İlham Əliyevə və Azərbaycan Ordusuna minnətdardır”.
Ramin Əhmədov bu gün Azərbaycana təhvil verilən Kəlbəcər rayonunun 27 il əvvəl xəyanat nəticəsində işğal edildiyini də deyib: “Kəlbəcərin satılması, xəyanət nəticəsində işğal olunması ilə bağlı faktlar var. 90-cı ilərin əvvəllərində Azərbaycanda hakimiyyətdə olan Xalq Cəbhəsinin rəhbərliyində təmsil olunan şəxslər torpaqlarımızı düşmənə satdılar və hakimiyyətlərini xilas etməyə çalışdılar. Onlar bu xəyanətlərini ört-basdır etməyə çalışsalar da, Azərbaycan xalqı hər bir xəyanətkara layiqli qiymətini verdi və onları tarixin zibilxanasına atdı. Bizim başımıza bu bəlaları gətirənlər, torpağlarımızı satanlar Azərbaycan Xalq Cəbhəsi hakimiyyətində təmsil olunanlardır. Azərbaycan Prezidenti bu gün xalqa müraciətində bu məsələyə toxundu və tarixi faktları bir daha vətəndaşlarımızın diqqətinə çatdırdı. Bu gün Prezident İlham Əliyev onların Azərbaycan xalqına yaratdığı problemləri, etdikləri xəyanətlərin nəticələrini aradan qaldırmaqla məşğuldur. Azərbaycan xalqı, xüsusilə gənc nəsil bunları bilməlidir. Dövlətimizə, Ordumuza, milli dəyərlərimizə və sərhədlərimizə xəyanət edənlərin nəinki Azərbaycan siyasətində, heç ölkəmizdə də yeri olmamalıdır.
YAP rəsmisi sonda Azərbaycan xalqını və kəlbəcərliləri təbrik edib: “Əziz dostlar! Gözümüz aydın olsun! Kəlbəcərlilər artıq məcburi köçkün deyillər!”