Adına və andına sadiq qəhrəmanımız Turan

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

Tarixin sinəsinin o qədər zəngin arxivi var ki, hər arxivinin də zəngin nümunəsi olan qəhrəmanları.Dastan yazan qəhrəmanları! Dastan özü də bir  tarix olaraq, öz ruhunda  tarixin ruhunu yaşadandır. Şifahi xalq ədəbiyyatı olaraq milli düşüncənin güzgüsüdür. Və bu gün Oğuz boylarından gələn azərbaycanlılar Türk millətinin dəyərli əsərlərindən biri olan Qarabağnaməyə yeni  tarix əlavə etdilər. Bu səhnənin qəhrəmanları 200 ilin vulkanını oyadaraq böyük partlayış yaratdılar. Dünyanı heyrətə gətirən bir güc göstərdilər. Bu gücün mənbəyini onlar Mübariz İbrahimovun timsalında görmüşdülər. Bu Oğuz boylarının özlərinin özləri haqqında gələcək nəsillərə miras qoyduqları qəhrəmanlıq abidəsinin möhtəşəm görüntüsü idi.

30 ilə yaxın  işğalda qalan Qarabağın terrorist ermənilərin vandallıqlarından səbr kasası dolub daşmışdı. İnləyən yarasına məlhəm üçün son gücünü toplamışdı. İniltisinə qardaş Türkiyə də qulaq kəsilmişdi. Elin igidləri səfərbər idilər. Düşmən quduzlaşmışdı. Yenə körpələr qətl edilir, dinc əhali hədəfə alınırdı. Obalardan Qarabağda çatılan tonqalın tüstüsünə sarı ərənlər ildırım sürətilə axışırdılar. Hamıda, Ali Baş Komandanla birlikdə yalnız bir fikir vardı-Qələbə! Artıq vaxt  çatmışdı. Güclü və nizami ordu tam qələbə üçün hazır idi. Təcavüzün qarşısını almaq üçün 27 sentyabrda Vətən müharibəsi başladı. Rəşadətli oğullar, güclü lider və dost ölkələrin dəstəyi zəfər zəngi çalırdı. Könüllülər səfə düzülmüşdü. Xalq ayaqda səfərbər idi. Bütün dünya həmrəyliyin bariz nümunəsini görürdü Azərbaycanda. Cəbhədə qızğın döyüşlər gedirdi. Qorxmaz oğullar canavar kimi parçalayırdılar düşməni. Ermənilər pərən-pərən idilər bu savaşda. Bu oğullar içində Qaxın dilbər guşəsi qədim Qum kəndindən bir oğul da savaşırdı. Dağlar oğlu  qayalarda qıy vururdu. Sıldırımlarda şahin kimi süzürdü. Qum kəndinin müdrik ahılları gəncləri vətənpərvər ruhuna rəng qatmışdılar həmişə. “Elin o başı, bu  başı olmaz , el birdi!”-deyə böyütmüşdülər bu kəndin övladlarını. Bu ruhda böyüyən Turan Rəhman oğlu Quşiyev də Qarabağı öz doğma yurdu sanırdı. Buranın hər daşını, qayasını, hər bir qarışını yurdu kimi sevirdi.

23 avqust 2001-ci ildə Qax rayonu Qum kəndində doğulmuşdu Turan Quşiyev. Dağlar qoynunda yerləşən səfalı kəndin yalında-yamacında dava-dava oynaya böyümüşdü. Balacalıqdan canına hopan vətən sevgisi qanına qarışaraq damarında dövr edirdi. Bayraq sevgisi sevgilərin baş tacına çevrilmişdi bu kəndin uşaqlarında. I Qarabağ savaşında şəhid  və itkin düşmüş kənd igidlərinin xatirəsi əziz tutulur, tez-tez yad edilirdi. Gənclərin, uşaqların  ürəklərində bir istək vardı. Qisas almaq və torpaqları azad etmək. Hər şəhidləri ziyarətə gedəndə Turan da onların qisasını almağa, torpaqları azad etməyə and içirdi. O, dərk edirdi ki, Qarabağ bizim əzəli və qədim yurd yerimizdi. Ermənilərin nə yurdları, nə də tarixləri var. Qoluna,  biləyinə güc yığan Turan idmanı və əməyi çox sevirdi. İntizamlı şagird idi. Sənətə olan meyli onu 9-cu sinifdən texnikuma girməyə vadar edir. O, Zaqatala rayonunda  yerləşən S.Ağamalıoğlu adına Kənd Təsərrüfatı Texnikumunun Baytarlıq şöbəsinə qəbul olunur. Oranı bitirdikdən sonra, 2020-ci ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılır. Goranboy rayonunda yerləşən N saylı Hərbi Hissədə qulluq edən gənc əsgər nümunəvi davranışı ilə zabit və əsgərlərin rəğbətini qazanır. Vətən müharibəsi başlayanda isə Ağdama, ordan da Suqovuşan (Hadrut) uğrunda döyüşlərə qatılırlar. Sinəsi torpağa dəydikcə, burnuna dəyən şəhid qardaşlarının qan qoxusu onu da döyüş yoldaşları kimi daha da

coşdururdu. Şücaət vətən sevgisiylə qoşalaşıb qorxmazlıq büstü yaratmışdı. Gənc əsgər olmaqlarına baxmayaraq tam hazır vəziyyətdə idilər. Düşmən pərən düşdükcə, gözü dönmüş igidlər daha irəli gedir, erməniləri doğma torpaqlardan daha tez qovmağa çalışırdılar. Zəfər xəbərləri onlara böyük stimul verirdi. Yemək yadlarına belə düşmürdü. Soyuq veclərinə gəlmirdi. Sakitlik yarananda daşa başlarını qoyub, yumşaq yorğan-döşəkdəymişlər kimi rahat dincəlirdilər. Çünki bu yurd, bizim yurdumuzdu! Çılğınlaşmış müzəffər ordunun rəşadətli oğulları coşğun bir savaşda idilər. Misli görünməmiş bu savaşda oğullarımız Vətənin daşı olub düşmənin başına enirdilər. Şəhid düşən yoldaşlarının intiqamını almaq üçün şahin kimi şığıyırdılar düşmən üstünə. Suqovuşanda gedən döyüşlərdə Turan ağır yaralanır. Kürəyini dəlib köksündən çıxan qəlpədən huşunu itirir və  Silahlı Qüvvələrin Hospitalına yerləşdirilir. Ayılandan sonra daha da çılğınlaşan Turan yanında şəhid düşən yoldaşlarının qisasını almaq üçün  geriyə, Qarabağa qayıtmaq istəyir. Anası Pərvanə xanım deyir ki, oğlu Turan uşaqlıqdan hərbi geyimi sevərdi. Böyüyüb anladıqca, ermənilərdən qisas almaq barədə düşünüb həmişə.

“Oğlumla qürur duyuram. Bilirdim ki, o, harda olsa üzümüzü ağ edəcək. Bu gün bütün analar kimi mən də ordumuzun əsgər və zabitləri ilə qürur duyuram. Onlar bütün dünyanı heyrətə gətirən bir güc, qüvvət göstərdilər. Halal olsun! Zəfərin sonu Qələbədirsə, qalibiyyətin kökü nizami ordudur.

Və bu ordunu, bu möhtəşəmliyi yaradan Ali Baş Komandanımıza eşq olsun! Var olsun! Qərinələr sonra düşmənə layiq olduğu cavabı verdi və şanlı tarix yazdı! Mənim oğluma da nəsib oldu belə bir güclü orduda savaşmaq. Mən qəhrəman anası olduğum üçün fəxr edirəm!”.

Hal-hazırda Turan evində müalicə alır. Yanına gəlib gedənin ardı-arası kəsilmir. O, tez-tez yaralı yoldaşlarını, şəhidləri ziyarət edir, kənd cavanlarına və gənclərə Vətən müharibəsindən, igidlərimizin şücaətindən danışır.

Bəli! Nizami ordunun rəşadətli əsgəri Turan balamızın da adı Azərbaycan tarixinin ən şanlı səhifəsinə yazıldı. Məhz bu ordunun sayəsində, ordunun Ali Baş Komandanının müdrikliyi sayəsində qələbə qazanıldı və bütün dünyaya isbat edildi ki, Qarabağ Azərbaycandır!

P. S. Əziz Turan oğlum! Bizim hər birimiz sizin mətanətinizə ürəkdən inanırdıq. Döyüş qabiliyyətinizin yüksək olduğuna hamımız əmin idik. Düşmən  Azərbaycan Ordusunun 2016-cı il Aprel döyüşlərində nəyə qadir olduğuna şahid oldu. Bu, mənfur düşmənlərimizə yaxşıca dərs olmuşdu.Onlar özləri də anlayırdılar ki, Azərbaycan bircə qarış da torpağını güzəştə getməyəcək. Silahlı Qüvvələrimiz cənab Ali Baş Komandanımızın əmrini şərəflə yerinə yetirməyə qadir idilər. Biz sizə güvəndik, cənab əsgərlər! Siz də əmin olun ki, arxanızda sizə dayaq olan xalqımız var. Hər an sizi düşünürük.   Başqa cür mümkündürmü? Anamız dediyimiz Azərbaycanın keşiyində dayanan, onun şərəfini, toxunulmazlığını düşmənlərdən qoruyan, işğaldan azad edən övladlarımızı tanımamaq, diqqətdən kənar qoymaq olarmı? Əsla! Siz bu xalqın qəlbində əbədi taxt qurdunuz! Tanrıdan sizlərə şəfa, şəhidlərə rəhmət diləyirik!

Azad Azərbaycanın qəhrəman övladları!

Sevgiylə,

Şərafət Şəfa

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR