Haqqımızda Əlaqə

“44 günlük müharibə Ermənistan dövlətinin dayaqlarını sarsıtdı” – Ramin Əhmədov

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Düşmən ölkənin üzləşdiyi böhran, getdikcə daha da dərinləşəcək”

“44 günlük müharibə Azərbaycan xalqının 30 illik Qarabağ həsrətinə son qoydu. Bu zəfər yürüşündə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev qətiyyət və siyasi iradə nümayiş etdirdi. Xalq bu zəfərə görə Azərbaycan Prezidentinə minnətdardır. Azərbaycan cəmiyyəti Ali Baş Komandanın çıxışlarını, mükəmməl idarəçilik qabiliyyətini böyük heyranlıqla izləyir. Qələbəyə sevinirik, uğurlarımızla qürur duyuruq. Azərbaycanda qələbə sevinci yaşandığı bir vaxtda, təcavüzkar Ermənistanda nə baş verir? Orada sözün əsl mənasında xaos, anarxiya və hərc-mərclik hökm sürür. Bu ölkənin gələcək taleyi sual altına düşüb”.

Bu sözləri Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədr müavini Ramin Əhmədov Azərbaycanın tarixi qələbəsi fonunda Ermənistanda yaşanan daxili çaxnaşmalarla bağlı danışarkən deyib.

Ramin Əhmədov bildirib ki, hələ müharibə başlamamışdan əvvəl Ermənistan rəhbərliyi Azərbaycan dövlətinə qarşı hərbi təhdidlər irəli sürürdü: “Təcavüzkar dövlətin hərbi-siyasi rəhbərliyi “yeni ərazilər uğrunda, yeni müharibə” iddiası ilə Azərbaycandan yeni ərazilər qoparmaq fikirində idilər. Düşünürdülər ki, Azərbaycan dövləti 90-cı illərin əvvəllərində olduğu kimi zəifdir və müharibədə uduzacaq. Amma nə baş verdi? Paşinyanın sərsəm bəyanatlarının gətirib çıxardığı qanlı müharibə nəticəsində ağrı məğlubiyyət, Ermənistanın hərbi-siyasi rəhbərliyinin arzularını ürəklərində qoydu. Anladılar ki, Azərbaycan dövləti çox güclüdür, onun etibarlı müttəfiqləri və müasir silahları var. Bu gücün qarşısında tab gətirə bilməyən düşmən ağ bayraq qaldırmağa məcbur oldu”.

YAP rəsmisi Azərbaycanla müharibə Ermənistanın təkcə ordusunu və iqtisadiyyatını deyil, dövlətçiliyini də sarsıtdığını deyib: “Paşinyan kapituliyasiya aktına imza atdıqdan dərhal sonra Ermənistanın paytaxtı İrəvan döyüş meydanına çevrildi. Qərbin Ermənistan cəmiyyətinə “demokrat” kimi sırıdığı Nikol Paşinyan mitinqləri amansızlıqla yatırmağa cəhd göstərdi və istefa verməyəcəyini bəyan etdi. Təslim aktına imza atdığı üçün Paşinyana etiraz edən insanların kütləvi həbsinə başlanıldı. Amma istefa tələbələri səngimir. Ermənistan prezidenti Armen Sarkisyan da Paşinyanın faktiki olaraq istefa verməyə çağırıb, ölkədə növbədənkənar seçkilər keçirilməsinin vacib olduğunu bildirib. Əminliklə deyə bilərik ki, Ermənistanda hökumət böhranı daha da dərinləşəcək. Müşahidələr göstərir ki, Ermənistanda baş verən siyasi qarşıdurmalar, idarəçilikdə yaşanan böhran, eləcə də dərinləşən sosial problemlər ölkəni getdikcə uçurumun dibinə yuvarlayır. Bu baxımdan, tam əminliklə deyə bilərik ki, Azərbaycanla müharibə Ermənistan dövlətinin təməllərini ciddi şəkildə sarsıtdı, iqtisadiyyat tənəzzülə uğradı, ordu tamamilə sıradan çıxarıldı. Ordusu və iqtisadiyyatı dağıdılmış dövlət necə ayaqda dura bilər? Əlbəttə ki, heç cür!”

Missiya.Az

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR