Haqqımızda Əlaqə

Babək Mirzəyev:”Qarabağı gəzmək ən böyük arzum idi ”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

 

Qarabağ hər bir azərbaycanlının ürəyinin ən böyük arzusu idi ki, Ali Baş Komandanımız bu arzunu gerçəkləşdirdi. Bütün dünya azərbaycanlılarının istəyinin mərkəzi olan Qarabağ qələbə sevincilə nəinki azərbaycanlıların, bütün Türk dünyasının coşğusuna səbəb oldu. Küçələrə axışan insan axının qarşısını  heç nə ala bilməzdi. 30 ilin həsrətinə son qoyulurdu. 30 ildən sonra qarabağlılar evə dönəcəkdilər. Bu axının içində bir azərbaycanlı da vardı. Ürəyi Qarabağla döyünən, daima şəhid ailələri, Qarabağ veteranları, qaziləri diqqətdə saxlayan, əslən Cəlilabaddan olan Babək Mirzəyev.

Türk dünyası ağsaqqalları” qəzetinin bütün vətənpərvər tədbirlərində heyətlə birgə olan Babək Mirzəyev Qarabağdan söz düşəndə ürəyinin ağrılarını bölüşür, bu münaqişənin tez bitməsini, soydaşlarımızın öz doğma yurdlarına qayıtmasını arzulayırdı. Əbu Türxan deyir ki, ərazi o zaman Vətənə çevrilir ki, milli ruhla canlanmış olsun. Milli ruhu özündə ehtiva edən Babek Mirzəyev Qələbə sevincini bölüşmək üçün redaksiyamıza qonaq oldu.

-Bu gün bayramımızdı, mübarək olsun! Bu qələbə arzularımızın gerçəkliyidir. Sevinclisizmi?

-Əlbəttə. Bu gün Azərbaaycanın yenilməzlik günüdür! İllərin həsrəti, ağrı-acısına son qoyuldu. Şəhidlərimizin, günahsız insanlarımızın qanı yerdə qalmadı. Hər dəfə şəhid övladlarının, qaçqın uşaqlarının üzündəki iztirabı görəndə ürəyim ağrıyırdı. Ali Baş Komandanımız öz əzmi, qüdrəti ilə, dəmir yumruğu ilə susdurdu düşməni. Yaratdığı nizami ordunun müzəffər yürüşü tarixin qızıl rəfidir.

-Siz hər zaman bizim cəbhə səfərlərimizlə daha çox maraqlanırdız. Mübariz ruhunuz sizi Qarabağa dartırdı. Dağıldı düşmənin bərəsi, bəndi, Murovun o üzü bizim Vətəndi.

-Mən 90-cı illərdən bu yana Qarabağ həsrətilə yaşayıram. O illərin ağrı-acısı hələ də canımdadı. Müstəqillik asan başa gəlmədi. Qarışıq dövr, kürsü davası. Erməni hücumu, yurd itkisi. Allah Ulu Öndərə qəni-qəni rəhmət eləsin. O, olmasaydı, bəlkə də Azərbaycan adlı dövlət də yox idi. Bu günümüzü Heydər Əliyevə və onun layiqli davamçısı cənab İlham Əliyevə borcluyuq. Böyük bir tarix yazdı bu millətin yaddaşına. Döyüşlər başlayanda mən də könüllü yazıldım. Bildirdilər ki, ehtiyac duyulsa apararıq. Nizami ordumuzun rəşadətli oğulları şücaətlə vuruşdular, öz adlarını zəfərlə yaddaşlara, tarixə yazdılar.

-Şuşa hamının ürəyində döyünürdü. Şuşa alınan gün nə hisslər keçirdiniz?

Biz Ali Baş Komandanımıza inanırdıq. Azərbaycanı qüdrətli bir dövlətə çevirən lider, Qarabağda da tarix yazmağa başlamışdı. Cəbrayıl, Fizuli, Qubadlı, Hadrut alınanda, bu inam daha da möhkəmləndi. Şuşa alınanda, möhtərəm prezidentimiz elan edəndə sanki ürəyim dayandı. Boğazımda qəhər düyünləndi. Və o zaman dəli bir ağlamaq keçdi könlümdən. Biz əmin idik ki, Şuşa alınacaq. Çünki ölkə rəhbəri özü elan etmişdi ki, Şuşasız Qarabağ olmaz!

Və nəhayət qələbə! Siz də bu axının içində idizmi?

Gecə müharibənin dayandırılması, qələbə xəbəri, siqnallar, coşğuyla küçələrə axışan millət. Bu millətin zənginliyi, milli ruhu, birliyi bu müharibədə daha qabarıq göstərdi özünü. Müharibə boyu sovqatlarla yollara çıxanlar, əsgər maşınlarını sevğiylə uğurlayanlar, sovqat göndərənlər, cəbhəyə can atanlar, şəhid analarının mətinliyi, hamısı cəmləşdi, həmrəyliyi nümayiş elətdi. İki gün qeyd olunan qələbə yürüşündə fəxrlə gəzdim. Sizə hədiyyə gətirdiyim bu iki şanlı bayrağı doya-doya öpdüm. Sağ olsun qardaş Türkiyəmiz. Hər zaman varlıqlarını hiss etdik hər zaman. Qardaş olduqlarını bir daha sübut etdilər.

– Nəhayət, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Bəli! Qarabağ Azərbaycandır! Canımızdı. Arzularımız gerçəkləşdi. Həyəcanla yolların açılmağını gözləyirəm. Açılan kimi Şuşaya yol alacağam. Təbii ki, sizinlə birgə. Gedərik Şuşanın müqəddəs torpağını öpməyə.

-İnşaallah. Hər zaman bizimlə birlikdə olduğunuz üçün sizə minnətdarıq. Şuşada görüşənədək!

 

Şərafət Şəfa

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR