Baş infeksionist əhaliyə müraciət etdi

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Əhali arasında yoluxma hallarının artması, yoluxmanın arealının genişlənməsi son nəticədə belə halların ordumuza da sirayət etməsi ilə nəticələnə bilər.

Bunu açıqlamasında Azərbaycanın baş infeksionisti Təyyar Eyvazov deyib.

O bildirib ki, döyüş bölgələrinə yaxın ərazilərdə həm yerli əhali ilə hərbçilərin təması baş verir, həm də hərbi qulluğa çağırılan şəxslər arasında virusa yoluxanların olması mümkündür:

“Bunu nəzərə alanda, o zaman təhlükənin nə qədər real olması aydın görünür. Bütün mümkün tədbirləri görmək lazımdır ki, bu baş verməsin, kütləvi hal almasın. Çünki məsələ müharibə vəziyyətində olan ordumuzun döyüş qabiliyyətinə təsir etməklə ölkənin təhlükəsizliyini müəyyən edir. Məsələnin digər tərəfi də ondan ibarətdir ki, bu gün arxa cəbhədə xəstələnən şəxs hansısa bir döyüşçümüzün yaxını ola bilər. Torpaqlarımızın azad edilməsi uğrunda ölüm-dirim savaşına atılan hər bir döyüşçümüz arxa cəbhədə öz ailəsindən, yaxınlarından arxayın olmalıdır. Buna görə də əminliklə demək olar ki, infeksiyanın yayılması ilə mübarizə, yoluxma hallarının azaldılmasına yönələn bütün tədbirlər və bunların müsbət nəticələri sonda Qarabağda qələbəmizi yaxınlaşdırır”.

T.Eyvazov hesab edir ki, arxa cəbhədə koronavirus infeksiyasından qorunmanın ən effektiv yolu insanlar arasında təmasların minimuma endirilməsi və karantin qaydalarına ciddi əməl olunmasıdır:

“Yəni, maskadan düzgün istifadə edilməsi, sosial məsafənin gözlənilməsi, asqırdıqda, öskürdükdə burun və ağzın örtülməsi, əhalinin sıx toplaşdığı yerlərdən mümkün qədər yayınmaq, əllərin gigiyenası, xəstəlik əlamətlərini özündə hiss etdikdə həkimə dərhal müraciət etmək və s. lazımdır”.

“Bilməliyik ki, qaydalara düzgün əməl etmək yoluxmanı azaldır. Özümüzün, yaxınlarımızın qayğısına qalaq, problemə qarşı birgə mübarizə edək. Buna öz nizam-intizamımız ilə nail olmaq mümkündür. Belə kollektiv məsuliyyət virusun yayılmasının qarşısını alır. Əgər bir nəfər maskada gəzəcəksə, çətin ki, problemi həll edək. Belə qlobal məsələlər birlikdə həll oluna bilər. Hamı üçün əsas tövsiyə insanlarla təmasları məhdudlaşdırmaqdır. Hələ ki, bundan təsirli vasitə icad olunmayıb. Hamılıqla riayət edək, birlikdə güclü olaq! Koronavirusa qalib gələk!”, – deyə baş infeksionist qeyd edib

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR