Prezident: “Dağlıq Qarabağ və Ermənistan ərazisinə ballistik raketlərlə hücum etməmişik”
“Mən münaqişənin bu aktiv fazası ərzində artıq dəfələrlə bununla bağlı bəyanatlar vermişəm ki, Dağlıq Qarabağda yaşayan həmin ermənilər bizim vətəndaşlarımızdır. Onların təhlükəsizliyi, hüquqları Azərbaycanın digər insanlarının hüquqları kimi tam təmin olunacaq”.
Prezident İlham Əliyev bu fikirləri Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsində deyib.
“Sizə deyə bilərəm ki, hazırda azərbaycanlıların olmadığı Ermənistandan fərqli olaraq, bu gün Azərbaycanda minlərlə erməni əsilli adam var və Ermənistan əhalisinin 99 faizi etnik ermənilərdir. Beləliklə, orada heç bir milli azlıq yaşaya və sağ qala bilməz. Onlar bugünkü Ermənistan Respublikasının ərazisində bir zamanlar yaşayan bütün millətləri qovublar. Ən böyük icma azərbaycanlılar idi. XX əsrin əvvəlində İrəvan şəhərinin əhalisinin 70 faizi azərbaycanlılar idi. Ermənilər bizim bütün tarixi, dini abidələrimizi dağıdıblar. Onlar təkcə İrəvanda deyil, bugünkü Ermənistanın bir çox başqa regionlarında da Azərbaycan mədəniyyətinin izlərini siliblər. Yeri gəlmişkən, 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti, əfsuslar olsun ki, mayın 29-da, – bu, haqq qazandırılması mümkün olmayan böyük bir səhv idi, – İrəvanı paytaxt kimi Ermənistana verməyi qərara aldı. Beləliklə, onlar bizim bütün dini və mədəni irsimizi dağıdıblar. Onlar bizim məscidlərimizi, abidələrimizi dağıdıblar. Burada – Bakının mərkəzində isə çox sayda erməni kitablarının olduğu erməni kilsəsi var. Bu gün Bakıda və Azərbaycanın başqa yerlərində çox sayda, minlərlə erməni yaşayır. Sizin orada yaşayan çox sayda erməni ilə bağlı dediyiniz məqama gəlincə, bizdə olan məlumata görə, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti də daxil olmaqla, işğal edilmiş ərazinin real əhalisi təqribən 65 min nəfərdir. Bu, böyük icma deyil. Lakin müharibədən əvvəl, 1990-cı illərin əvvəlində Dağlıq Qarabağda, əsasən Şuşada, həmçinin Xankəndidə, ermənilərin törətdiyi soyqırımının qurbanı olan Xocalı şəhərində və bir çox başqa şəhərlərdə 40 mindən çox azərbaycanlı yaşayırdı”, – deyə ölkə başçısı əlavə edib.
Prezident bildirib ki, ermənilər azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçiriblər:
“Biz bunu heç vaxt etməmişik. Hətta bu toqquşmalar zamanı biz eyni yolla cavab verməmişik. Biz nə Dağlıq Qarabağ ərazisinə, nə də Ermənistan ərazisinə ballistik raketlərlə hücum etməmişik. Mən demişdim ki, biz qisas alacağıq, lakin biz qisası döyüş meydanında alacağıq. Beləliklə, Dağlıq Qarabağdakı ermənilər tam əmin ola bilərlər ki, Azərbaycan vətəndaşları olaraq onların təhlükəsizliyi təmin ediləcək. Dağlıq Qarabağdakı cinayətkar xunta kənarlaşdırılandan sonra onlar daha yaxşı yaşayacaqlar. Onlar ləyaqətlə yaşayacaqlar, sülh şəraitində yaşayacaqlar və ölkəmizdəki istənilən başqa insanlar üçün etdiyimiz kimi, biz onlar üçün də bütün sosial və iqtisadi imtiyazları təmin edəcəyik”.