İlham Əliyev: “İki partiya Azərbaycanın milli maraqlarının əleyhinə çıxış edir”
“Düşünürəm ki, ölkədə demokratik inkişaf müsbət məcrada gedir. Azərbaycanda bütün əsas azadlıqlar təmin olunub, siyasi fəaliyyət azadlığı, media azadlığı, ifadə azadlığı, sərbəst toplaşma azadlığı, dini etiqad azadlığı. Bununla bağlı məhdudiyyət yoxdur. Yeri gəlmişkən, bizdə internet azaddır. Bizi tənqid etməyə çalışanlar şayiələr yaymaqdan, Azərbaycanın guya demokratiya sahəsindəki çatışmazlıqlarını siyasi məqsədlər üçün, siyasi təzyiq məqsədilə istifadə etməkdənsə, məzmuna baxmalıdırlar. İndi mən yeni siyasi islahatlar proqramını təqdim etmişəm, o, bütün siyasi partiyaların mütləq əksəriyyəti tərəfindən dəstəklənib. Yeri gəlmişkən, bu, toqquşmalardan əvvəl olub”.
Prezident İlham Əliyev bu fikirləri Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsində deyib.
“İndi, əlbəttə ki, siyasi partiyaların mütləq əksəriyyəti işğal olunmuş ərazilərin qaytarılması ilə bağlı mənim yürütdüyüm siyasəti tam dəstəkləyir. Cəmi iki partiya bu prosesdə iştirak etmir. Cəmi iki partiya Azərbaycanın milli maraqlarının əleyhinə çıxış edir. Bunlar Xalq Cəbhəsi partiyası və Müsavat partiyasıdır. Yeri gəlmişkən, bu iki partiya mənim siyasi dialoqla bağlı təklifimi qəbul etmədi. Mən bu təklifi bir neçə ay bundan əvvəl etmişdim. Mən demişdim ki, bizim normal dialoqa ehtiyacımız var, hökumətlə müxalifət arasında, aparıcı partiya ilə digər partiyalar arasında normal, sivil münasibətlərə ehtiyacımız var. İndi zənnimcə, 50 və ya ondan da çox partiya bunu dəstəklədi. Biz siyasi dialoqun çox aktiv fazasındayıq”, – deyə dövlət başçısı əlavə edib.
“Yalnız iki partiya, birbaşa maliyyələşdirməsi kənardan gələn, həmişə Azərbaycanın milli maraqlarına qarşı çıxan, Ermənistanın ərazilərimizi işğal etdiyi zaman – 1992-1993-cü illərdə hakimiyyətdə olduqları üçün ərazilərimizin itirilməsinə görə məsuliyyət daşıyan bu iki partiya, Xalq Cəbhəsi və Müsavat. Ərazilərin itirilməsinə görə məsuliyyət daşıyan o insanlar bu gün həmin partiyaların, demək olar ki, 30 ildir rəhbərləridir. Heç kim demokratiyadan danışmır, heç kim onların bu vəzifədə demək olar ki, 30 il ərzində necə qaldıqları barədə danışmır. Buna görə bizi tənqid etmək istəyənlər yaxşı olardı ki, güzgüyə baxsınlar. Bizim gözümüzün önündə, beynəlxalq ictimaiyyətin gözü önündə dırnaqarası demokratiyalarda nümayişlərin necə dağıdıldığını, insanların mitinqlərdə necə öldürüldüyünü, yaralandığını, xəsarət aldıqlarını görürük. Biz bunları hər həftə görürük. Etirazçıları dağıtmaq üçün polisin itlərdən və atlardan necə istifadə etməsini görürük. Siz bunu Azərbaycanda görməyəcəksiniz, heç vaxt. Buna görə bizi tənqid edənlər, yaxşı olardı ki, öz işləri ilə məşğul olsunlar”, – deyə Prezident bildirib.