QARAPAPAQ KİŞİLƏRİMİZ…BUDUQ PƏLƏNGİ

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

Mən yurdumun seyrinə çıxmağı çox xoşlayıram. Azərbaycanda müxtəlif xalqların nümayəndələri, etnik qruplara mənsub insanlar yaşayır ki, onlar azsaylı olmaqlarına baxmayaraq adət-ənənələrini qoruyub saxlayır, nəsildən nəsilə ötürürlər. Ahıllar yurddaş tarixinin rəvayətlərini o qədər cazib, o qədər gözəl nağıl edirlər ki, insanın ruhu coşur, pərvazlanır. Onların söhbətində keçmişlərə səyahət edir, rəvayət personajını xəyalən özününküləşdirirsən və bu müqəddəs duyğuların şirinliyindən qopmaq istəmirsən….

Hər bölgədə yaşayan xalqın özünəməxsus qədim tarixi vardır ki, bu da böyük maraq çərçivəsində bir çox gizlinlərə işıq sala, bilgilərə əsrarəngiz gözəllik verə, rəng qata bilir. Belə gözəl məkanlarımızdan biri də Şahdağdır. Şahdağın ətəklərində Şahdağ milli etnik qrupuna daxil olan  etnoslar  BuduqCekƏlikHaputQrızXınalıq və Yergüc adlı qədim yaşayış məskənləri, kəndləri yerləşir. Bu kəndlərdən biri də Buduqdur ki, buranın əhalisi nə basqınla, nə də başqa eldən köçüb gəlmişlər. Qafqaz Albaniyasının 26 tayfasından biri olaraq bu yurdun sakinləridirlər. Buduq kəndinin çətin yerdə salınmasına səbəb sasanilərin hücumlarından qorunması olub. Buduqluların öz dilləri, öz adət-ənənələri var. Və ən diqqət çəkən və maraqlı olan isə Buduqa saxsı borularla süd kəməri çəkilib. Bu boruların qalıqları hələ də qalmaqdadır. Buranın əhalisi maldarlıq, heyvandarlıqla məşğul olublar.Buduq kəndində evlər yonulmuş daşdan tikilib. İkimərtəbəli, 2 otaqlı evlərin alt mərtəbəsindən heyvan saxlanması üçün istifadə olunub. Evlərdə qədim xalça və palazlar qorunub saxlanır və istifadə olunur. Buduqlular bu gün də xeyir-şər mərasimlərində öz etnik adət-ənənələrinə sadiq qalırlar..

Buduq kəndi Qara-çayın sağ sahilində, 300 m hündürlükdə kiçik bir dağ yaylasında yerləşir. Kəndin yerləşdiyi vəziyyət strateji cəhətdən böyük üstünlüklərə malikdir. Evlər sıra ilə yaylanın yuxarı hissəsində yerləşir. Kənddən təxminən 2-3 km yuxarı, alp çəmənliklərində Qazma Buduq kənd sakinlərinin evləri var. XX əsrin əvvəllərinə kimi Buduqun əhalisi 2500-3000 nəfər təşkil edirdi. Sosial-iqtisadi şəraitlə əlaqədar olaraq sakinlərin çox hissəsi kəndi tərketmişlər. Hazırda Buduq kəndi, təxminən 200 sakini olan 30 evdən ibarətdir.

Sosial-iqtisadi şəraitlə əlaqədar olaraq sakinlərin çox hissəsi kəndi tərk etmişlər. Dağüstü, Qazmalar, Daliqaya, Qaraqız Buduq, Xaçmazda Ağyazı, Şabranda Yalavanc kəndləri Buduqlulardan ibarətdir. Elə o məkanlara da el arasında Buduq deyilir. Mənim yolum da Şabrana idi. Yalavanc (Buduq) kəndinə.

İnsan üçün ən müqəddəs şey Vətəndi, yurddu! Doğulduğu, göz açdığı, iməkləyib ayağa qalxdığı, sevib pərvazlandığı bir ocaq! Hər kəsin sevgisi onun yurda bağlılığı və həyata baxışıyla bir ölçüdədir. İnsan var yalnız özü üçün yaşayır, insan da var ömrünü Vətəninə xalqına xidmətdə keçirir.

Bu dəfə “Buduq pələngi” kimi tanınan dəyərli ağsaqqalımız İldırım Nurulla oğlu Məmmədovla müsahib olmağa gedirdim. Quba rayonunun nüfuzlu fermerlərindən biri idi. Onunla ara-sıra Ağsaqqallar Şurasının tədbirlərində rastlaşırdıq. Qubada keçirilən konfransdakı çıxışı diqqətimi çəkdi. Fermer təsərrüfatından danışırdı. Maraqlı çıxışı və dəyərli təklifləri vardı. Çıxışında yumora da yer verirdi. Əsl müdriklik təcəssümü idi. Müdrik – öz hərəkətlərini və əxlaqını formalaşdıran, şüurlu yaşayan, hər şey haqqında doğru qərar verə bilən insana deyilir. ABŞ-ın banilərindən biri, diplomat Bencamin Franklin deyir ki, müdrik bir insan, ədalətli bir şəkildə qazana biləcəyindən, sadə bir şəkildə istifadə edəcəyindən, sevinclə dağıda biləcəyindən və rahatlıqla geridə buraxa biləcəyindən daha çoxunu istəməz.

İldırım Məmmədov 1949-cu ildə Quba rayonunun Buduq kəndində anadan olub. Kənd Təsərrüfatı İnstitutunu bitirib. İxtisasca alim-zootexnikdir. Əmək fəaliyyətinə 1967-ci ildə rayonun Nizami adına sovxozunda fəhlə kimi başlayıb. Sonra texnik və zootexnik işləyib. Sovet ordusu sıralarından qayıtıqdan sonra Quba dövlət damazlıq birliyində zootexnik, baş zootexnik və rayon kənd təsərrüfatı idarəsində baş zootexnik, 1978-ci il dən isə həmin idarənin rəisi vəzifəsində çalışıb.

İ.Məmmədov 1980-ci ildə raykomla mübahisə zəminində cəzalandırılıb, vəzifədən və partiyadan xaric edilsə də, yenidən partiyaya bərpa olunub. Əvvəlcə Quba rayon Dövlət Damazlıq Birliyinin baş zootexniki, sonra isə Nizami adına sovxozun direktoru, 1984-cü ildən isə “Şahdağ” aqro firmasının baş direktoru işləyib.

Onunla təsərrüfat sahəsində görüşdük. Mehriban, qayğıkeş bir əlin açdığı çay süfrəsində şirin söhbətə başladıq. İldırım müəllim həm də sosial şəbəkələrdəki fəaliyyəti ilə də diqqəti özünə cəlb edə bilmişdi. Maraqlı statuslar, düşündürücü şərhlər, cəsarətli çıxışlar böyük bir auditoriya toplamışdı. Bu barədə sualıma cavabı belə oldu:”Mən 1994-95-ci illərdə Ümummilli liderimizlə görüşdə olmuşam. Görüşlərin birində Ulu öndər Heydər Əliyev -müasir texnikanı öyrənin- demişdir. Elə ondan bəri günün tələbləri ilə ayaqlaşmağa başladım. Sosial şəbəkələr isə həyatımızın bir hissəsidir. Əvvəlcə “Facebook”dan istifadə çətin olsa da, sonradan öyrəndim. İndi bir gün belə sosial şəbəkədən istifadə etməyəndə, dostlarım ilə yazışmayanda həyatımda elə bil nə isə çatmır.Amma “Facebook”un da öz qanunu var. Bəzi şəxslərin buradakı fəaliyyəti hər şeydən əvvəl bir ağsaqqal kimi məni narahat edir. Bayağılıq, vulqar ifadələr ictimai arenada çərçivəyə sığmır. Bu bəzi gənclərimizə də, bəzi ağsaqqallarımıza da aiddir. Burda başqa ölkələrin nümayəndələri çoxdur. Biz ehtiyatlı davranmalıyıq”.

Qeyd edim ki, İldırım kişi sözü üzə deyən, haqsızlığı qəbul etməyən qarapapaq kişilərimizdəndir. Sözün dəyərini, sözün kəsərini uca tutaraq KİŞİLİK simvolunu yaşatmağa çalışır. Böyüklə böyük, kiçiklə kiçik, qonaqla qayğıkeş və diqqətli davranan ağsaqqal bütün əxlaqi dəyərləri özündə ehtiva edir. Deyir;”-Mən bu torpağı, bu yurdu çox sevirəm. Olub ki, xaricdən dəfələrlə iş təklifi almışam. Amma mən elimi, yurdumu buraxıb getməmişəm. Öz millətimi, öz vətənimi düşünmüşəm. İnsan iki varlıqdan ayrı qalanda,yetim sayılır, bir anadan,
bir də vətəndən. Mən yetim olmaq istəmədim.Hər əlim torpağa dəyəndə biləyimə güc, dizimə taqət gəlib. Səhərin al şəfəqindən gözüm nurlanıb, gecələrin ayazından ruhum nəmlənib. Yaşamağa, yaratmağa həvəsim birə min artıb. Mən öz yurdumda rahat yaşayır, rahat işləyirəm.  Öz vətənimə xidmət edirəm! Aqrar islahatların aparılmasında öz töhvəmi verməyə çalışıram. Bazar iqtisadiyyatı şəraitində kəndli-fermer təsərrüfatları respublikada əhalinin ərzaq məhsullarına olan tələbatının yaxın gələcəkdə ödənilməsinin ən güclü ehtiyat mənbəyidir. Məhsul bolluğunun yaradılması kəndli-fermer təsərrüfatlarının inkişafı şəraitində bir sıra şərtlərin və amillərin düzgün nəzərə alınmasından asılıdır ki, bəzən bu nüanslar nəzərdən qaçırılır. Çətinliklərlə üzləşdirir. Fermer öz işini özü bilmirsə, görmürsə, o işdən əlini üzsün, fermer əzəl gücünə güvənməlidir. Bu birinci şərtdir. İkinci şərt isə dövlət qayğısıdır. Qubada ilk fermer təsərrüfatını biz yaratmışıq. Ulu Öndər Heydər Əliyevin dövründə aqrar sahəyə diqqət, qayğı böyük idi. Ümummilli lider işgüzar insanları çox sevərdi, onlarla tez-tez görüşər, şərait yaradardı. Bir dəfə 1994-cü ildə, iclasların birində söz istədim. Məndən əvvəl 3 nəfər alim çıxış etmişdi. Aqrar islahatların aparılması ilə əlaqədar məni dəvət eləmişdilər. Cənab prezident soruşdu ki, bu da alimdi? Dedilər, yox, fermer təsərrüfatının direktoru İldırım Məmmədovdur. Çıxışımı diqqətlə dinlədi. Tövsiyyələrini verdi. Zəhmətkeş insanların fikirlərinə hörmətlə yanaşan Heydər Əliyevin özəlliyi onda idi ki, o, insanları sona qədər səbrlə dinləyir, onların fikirlərini azad ifadə etməsi üçün şərait yaradırdı. Güclü yaddaşı vardı. Bu iclasdan bir il sonra yenidən bizi hökumət iclasına çağırdılar. İkinci görüşümüz də unudulmaz oldu mənimçün. Dahi rəhbər ölkədə gedən bütün proseslərdən xəbərdar idi. Xırda bir detal gözündən yayınmazdı.O, həmişə haqqın tərəfində idi. Şəxsi arxivimdə həmin video görüntüləri, şəkilləri qoruyub saxlayıram. Hər anım günündə Ulu Öndərin məzarını ziyarət edirəm. Böyük lider, böyük insan idi!”.

İldırım kişi həvəslə danışır, mən də həvəslə qulaq asırdım. Cümlə düzümü, sətiraltı eyham, vurğular o qədər səlis idi ki, mənə tələbəlik illərini xatırladırdı. Böyük üləmayla həmsöhbətdim. Fəlsəfi baxış, elmi izahlar, vətən təəsübü, müdrik kəlam və ağsaqqal düşüncəsi gələcəyə böyük, abad bir yolun qapısını açırdı. Sadəcə bu yolun salınmasına dəstək verəcək insanlar lazımdı. İldırım kişidən buduqca danışmasını xahiş etdim.Şirin-şirin gülümsədi. Mən özüm də etnos olduğum üçün bir-iki kəlmə saxur dilində söz dedim. O, da buduqca cavab verdi. Təbii ki, bir birimizi anlamasaq da gülüşümüz söhbətin davamına xoş ab-hava gətirdi. Buduq əlifbası barədə soruşdum. Dedi:” -Quba rayonundakı Alekseyevka kənd orta məktəbinin əslən buduqlu olan müəllimi var. Adıgözəl Hacıyev. O, Şahdağ xalqlarından biri olan buduqluların dilinə uyğunlaşdırılmış Buduq əlifbasının layihəsini işləyib hazırlayıb. Latın qrafikası əsasında tərtib edilən bu əlifbada 43 hərf və 1 işarə var. Müəllif Buduq dilinin təbliğində maraqlı olan dövlət və ictimai qurumları, eləcədə ayrı-ayrı şəxsləri yeni Buduq əlifbası ilə bağlı müzakirələrdə fəal iştirak etməyə səsləyib. Multikulturalizm və tolerantlıq Azərbaycanda dövlət siyasəti səviyyəsinə qaldırılıb. Ona görə bu sahəyə diqqət yetərincədir. Azərbaycanda hökm sürən etnik və dini tolerantlıq dünyaya nümunədir. Ölkəmizdə istər dini, istərsə də milli və irqi ayrı-seçkilik yoxdur. Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri, o cümlədən müxtəlif dinlərin təmsilçiləri arasında bir-birinə tolerant yanaşma mövcuddur.”

İldırım kişi ciddi və tələbkar olması ilə yanaşı yumoru da sevir. Hər şeyi normasında etməyi xoşlayır. Cəsarətli insan idi. Deyir, bütün heyvanlar şaqqıltı eşidəndə bir addım geri, qurd isə bir addım qabağa atır. Ona görə də çox vaxt cəsarətli insanlara qurd ürəyi yeyib-deyirik. Bu istinadla İldırım Məmmədov da cəsarəti ilə həmişə seçilib. Yaxınlarından eşitdim ki, hətta sovet imperiyasının zəhimli vaxtında İldırım kişi M,S.Qorbaçovun dik gözlərinə baxıb cəsarətlə sözünü deyib, xalqı aldatdığını üzünə vurub. Alqışa layiq bir addımdı…

Bir dəfə sosial şəbəkədə bir statusu diqqətimi çəkmişdi. Giley vardı. Yazmışdı ki, düşünürəm,insan qocaldiqca, onu hesab dəftərindən uzaqlaşdirirlar! Giley dolu bu şərhin sətiraltı mənası böyükdü. İldırım Məmmədov cavanlıqdan bu yaşa kimi sevilən, sayılan, seçilən insan olub. Xeyirxahlığı, məsuliyyəti ilə örnək olub çoxlarına. Dövlətə, milllətə yararlı, dəyərli bu vətəndaşın həyatını araşdırdıqda aydın oldu ki, İldırım Məmmədov heç bir fəxri ada və mükafata layiq görülməyib. Təbii ki, diqqətdən kənar qalmaq istər-istəməz insanın qəlbinə toxunur.  Ümidvarıq ki, dəyərli ağsaqqalımız, kənd təsərrüfatının inkişafında yetərincə xidməti olan İldırım Məmmədova da layiq olduğu mükafat verilər.

Deyir, elə adamlar axtarın ki, onlarla söhbət yaxşı kitaba bərabər olsun, elə kitablar da axtarın ki, mütaliəsi filosoflarla söhbətə dəysin. Mənim tapdığım “Buduq pələngi İldırım” kitabı da unudulmaz müsahiblər rəfinə daxil oldu.

Əzizimiz İldırım müəllim!

Mövlanə deyir ki, gözəllik baxdığın şeydə deyil, baxışda olmalı. Üz, gözün gördüyü deyil, könül gözüylə gördüyündür gözəl olan. Siz dünyaya gözəl qəlbinizin gözüylə baxdız, gözəl qəlbinizlə insanları, insanlığı, Vətəni torpağı, yurdu sevdiz. Çox insanların sevgisini qazandız, çox qəlblərə məlhəm, çox insanlara arxa-dayaq olduz. Bunların cəmində isə gözəl bir, örnək olan ömür yaşadız! Sizin mükafatınız hamı tərəfindən sevilməyinizdi! Sizin mükafatınız bütün qapıların üzünüzə açıq olmasıdı! Sizin mükafatınız milyonlarla sizə ünvanlanmış dualardı! Və siz qəlbləri gözəl xarakterinizlə fəth edən fateh, buduqluların iftixarı, elimizin dəyərli ağsaqqalısınız!

Sizə uzun ömür, can sağlığı arzulayıram!

70-80-90-100 yaş yubileylərinizdə şux qamətinizlə, can sağlığı ilə görüşmək ümidilə…

 

Şərafət Şəfa

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR