Ermənistanın TƏSLİM olmaqdan başqa yolu qalmayıb – Şərh

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Artıq 4-cü gündür ki, Azərbaycan Ordusu işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda şiddətli döyüşlər aparır. Rəsmi məlumatlara görə, düşmən tərəfi ciddi itkilər verərək, geri çəkilməyə məcbur olur.  Döyüşlərin ilk günündə Azərbaycan Ordusu tərəfindən yeddi kənd – Qaraxanbəyli, Nüzgar, Yuxarı Əbdurrəhmanlı, Böyük Mərcanlı, Kənd Horadiz, Qərvənd kəndlərinin işğaldan azad olunub. Düşmən tərəfinin 2300 nəfərədək canlı qüvvəsi, 130-dək tank və digər zirehli texnikası, 200-dən artıq artilleriya, yaylım atəşli raket sistemləri, 25-dək hava hücumundan müdafiə vasitələri, 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqələri, 5 silah-sursat anbarı, 50-dək tankəleyhinə vasitələr, 55 ədəd avtomobil texnikası məhv edilib. Sentyabrın 29-da Xocavənd rayonunun Şuşakənd ərazisində düşmənin 1 S-300 zenit-raket qurğusu sıradan çıxarılıb. Artıq Ermənistan ordusunun silah-sursat, hərbi texnika , canlı qüvvə ehtiyyatları tükənmək üzrədir. Ermənistan ordusunda ciddi dərman və tibbi ləvazimatlar, eləcə də ərzaq qıtlığı yaranıb.

Son iki gündə sosial şəbəkələrdə erməni əsgərlərin silahları ataraq qaçması, ağlayaraq imdad diləməsini əks etdirən görüntülər yayılır. Həmin görüntülər işğalçı tərəfin rəzil gününü əks etdirir və ermənilərin illərdir apardıqları “bütün hücumları dəf etməyə qadir ordu” təbliğatının boş iddilardan başqa bir şey olmadığını bütün dünyaya aydın etmiş olurlar.

Döyüş meydanında ağır məğlubiyyətə uğrayan Ermənistan “çıxış yolunu” havadarlarına yalvarmaqda görür. Lakin bu yalvarışlar da nəticə vermir. Ermənistanın baş Naziri Nikol Paşinyanın sentyabrın 29-da “Rossiya 1” kanalındakı çıxışı onun isterik halını tam çılpaqlığı ilə nümayiş etdirdi.  Prezidentimizin səlist nitqi, danılmaz, hüquqa əsaslanan faktları qarşısında aciz qalan Paşinyan gah saraldı, gah da bozardı. Bu onun növbəti siyasi nakautu idi… 

Bundan əvvəl eyni aqibəti Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan panel müzakirələri zamanı yaşamışdı. Azərbaycan Prezidentinin tarix dərsində Paşinyanın özünü necə itiridiyini yəqin ki, hamı xatırlayır. O, çıxışı zamanı  “çaşaraq”  “Qarabağ Azərbaycanın ərazisidir” deyə etiraf etmişdi…

Həm siyasi, həm müharibə meydanında ağır məğlubiyyətə düçar olan Ermənistan təlaş və qorxu içindədir. Cəbhədəki vəziyyət, Azərbaycan Ordusunun durmadan irəliləməsi, ölkənin ağır iqtisadi vəziyyəti, daxildə qalaq-qalaq olan sosial problemlər, beynəlxalq dəstəkdən mərhumolunma faktı Ermənistan üçün yalnız bir yolun qaldığını göstərir – Təslim olmaq!

Hazırda cəbhədəki əldə olunan nailiyyətlər qələbəmizin başlanğıcıdır. Qüdrətli Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin başçılığı altında Azərbaycanın işğal altında olan bütün torpaqlarını azad edəcək. Ermənilər üzərində yeni-yeni qələbələr qazanacağıq! O gün uzaqda deyil!

Xətai Salmanov
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının doktorantı

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR