Sulutəpə dairəsində müxtəlif səviyyəli yol qovşağı inşa edilir

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhəri və şəhərətrafı ərazilərdə kompleks tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində paytaxtın şimal qapısı istiqamətində genişmiqyaslı yenidənqurma işləri aparılır.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat verib.

Bildirilib ki, aparılan işlərin davamı olaraq hazırda Sulutəpə dairəsində tıxac və ləngimələri aradan qaldırmaqla vətəndaşların rahat hərəkətinin təmin olunması üçün yol qovşağının inşasına başlanılıb.

Qovşaq iki yol ötürücüsündən ibarətdir. Yol ötürücüləri Biləcəri, Binəqədi həmçinin Şamaxı və qeyd edilən istiqamətdə yerləşən qəsəbələrdən hərəkət edən avtonəqliyyat vasitələrinin dairədə sıxlıq və tıxac yaratmadan paytaxt istiqamətinə rahat və maneəsiz hərəkətini təmin edəcək. Bununla da, sözügedən dairədə xüsusən günün pik saatlarında müşahidə olunan tıxac və ləngimələr tam aradan qaldırılacaq.

Yol ötürücüləri üç və dörd aşırımlı olmaqla uzunluqları 69 və 128 metr, eni isə 9 metr təşkil edəcək. Hazırda körpülərin dayaqlarının inşası aparılır. Növbəti mərhələdə aşırım hissələrinin inşasına başlanılacaq.

Layihə əsasında dairə ətrafında olan 2350 metr uzunluğa malik yolların təmiri, piyada səkilərinin yaradılması, 600 metrdən çox istinad divarlarının inşası nəzərdə tutulur.

Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, tərtib olunan qrafiklə və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR