" />

QMİ Məhərrəmliklə bağlı qərar verdi

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Bu il Aşura dünyada davam edən koronavirus pandemiyası dövrünə təsadüf edir.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Məhərrəm ayının başlaması ilə bağlı müraciətində bildirilir.

“Aylardır, koronavirus pandemiyası bütün dünyanı cənginə alıb, yüz minlərlə insan bu qorxunc bəla üzündən həyatını itirib, milyonlarla insan xəstəxanalarda ölümlə həyat arasında mübarizə aparmaqdadır. İnsan sağlamlığına ciddi təhlükə, ölümcül təhdid olan, hələ də səngiməyən bu bəlanın aradan qaldırılması yönündə dünya birliyi böyük səylə çalışır.

Şükürlər olsun ki, dövlətimiz tərəfindən xəstəliyin aradan qaldırılması üçün bütün lazımı tədbirlər görülür, insanlarımız diqqət və qayğı ilə əhatə olunmuşlar. Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev cənablarının, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi və diqqəti sayəsində vətəndaşlarımızın sağlamlığı üçün önləyici tədbirlər görülür, həm Bakıda, həm də ayrı-ayrı bölgələrimizdə modul tipli xəstəxanalar istifadəyə verilir. Xəstəliklə mübarizədə yerli həkimlər fədakarlıq nümayiş etdirirlər, əcnəbi həkimlər də prosesə cəlb olunur, Nazirlər Kabineti yanında Operativ Qərargah xəstəliyin miqyasının genişlənməməsi, əhalinin sağlamlığının qorunması məqsədi ilə lazımı tədbirlər həyata keçirir, müvafiq tövsiyələrini verir”, – müraciətdə qeyd olunur.

Qafqaz Müsəlmanları İdarəsi ölkəmizdə karantinin gündəmə gələn ilk günlərdən Nazirlər Kabineti yanında Operativ Qərargah ilə ətraflı məsləhətləşmələrindən sonra koronavirusa yoluxma hallarının qarşısının alınması məqsədilə ölkə ərazisindəki bütün məscid və ziyarətgahlarda ibadətlərin müvəqqəti dayandırılmasına dair qərar verib: “Uca Allahın yaratdığı ən müqəddəs dəyər olan insan həyatının qorunması məqsədi ilə bu məcburi addımın atılmasında əsas məqsəd vətəndaşlarımızın həyat və sağlamlığının qorunmasıdır.

Pandemiya dövrünün məcburi təcrid tədbirləri virus təhlükəsinin qapalı və açıq məkanlarda insanların sıx toplaşdığı şəraitdə artması ilə əlaqədardır. Dünyanın bütün nöqtələrində bu və ya digər şəkildə təcridolunma həyata keçirildiyi, İslamın vacib şərtlərindən biri olan müqəddəs Həcc ziyarətinin, habelə digər dinlərin müqəddəs ayinlərinin müvəqqəti dayandırılması artıq dövrümüzün gerçəkliyidir. Böyük kütləviliyi ilə seçilən, sosial məsafəyə əməl olunmasının təmini qeyri-mümkün olan Aşura mərasimi insanların virusa yoluxma sayının artma ehtimalı baxımından böyük təhlükə yarada bilər. Bu gerçəkliyi nəzərə alaraq, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və səlahiyyətli nümayəndələri bəyan edir ki, Operativ Qərargahın qərarına əsasən bu il Məhərrəmlik dönəmində məscid və ziyarətgahlarda təziyə mərasimləri keçirilməyəcək. QMİ-nin yerlərdəki qazı, səlahiyyətli nümayəndə və imamları bu tövsiyələri dindarlara çatdırmalıdırlar”, – deyə müraciətdə vurğulanır.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR