Haqqımızda Əlaqə

Yumşalmadan sui-istifadə və iki günlük izolyasiya – Dövləti sərt qərarlara məcbur etməyək!

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Sabahdan etibarən iki gün ərzində Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində sərt karantin rejimi tətbiq ediləcək. Bu ərazilərdə yaşayan sakinlərə yaşadıqları və ya olduqları yeri tərk etmək qadağan edilir. Qeyd olunan tarixlərdə sakinlər yaşayış yerlərini və ya olduğu yerləri həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandığı halda, eləcə də təxirəsalınmaz tibbi yardıma ehtiyac olduqda yalnız təcili tibbi yardım xidməti vasitəsilə, habelə yaxın qohumların dəfnində iştirak etmək üçün Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti – Zəng Mərkəzi vasitəsilə icazə almaqla tərk edə bilər.

Hökumətin sərt karantin rejimi – 2 günlük tam izolyasiyaya dair qərarı, heç şübhəsiz ki, ölkədə koronavirusla yoluxma hallarının sürətlə artması səbəbindən qəbul olunub. Əslində bu barədə xeyli əvvəldən xəbərdarlıqlar olunmuşdur. Nazirlər Kabineti yanında Operativ Qərargah yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı sanitar-epidemioloji vəziyyəti, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikasını nəzərə alaraq, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin bir qisminin yumşaldılması ilə bağlı qərar verərkən açıq şəkildə bəyan etmişdir ki, karantin rejimi ilə bağlı sərt qaydalar vəziyyətdən asılı olaraq yenidən tətbiq oluna bilər. “Xüsusi karantin rejimindəki mövcud məhdudiyyətlərin sanitar-epidemioloji şəraitdən asılı olaraq mərhələli yumşaldılması zəruridir. Amma epidemioloji vəziyyət tələb edərsə, yəni xəstəliyin dinamikasında artım olarsa, karantin rejimi yenidən sərtləşdiriləcək, müvafiq məhdudiyyətlər yenidən tətbiq olunacaq”, – Operativ Qərargahdan verilən açıqlamalarda belə deyilirdi. Təəssüf ki, hadisələrin gedişatı ürəkaçan olmadı və hökumət tam izolyasiya tədbirlərinə əl atmaq məcburiyyətində qaldı.

Əlbəttə, dövlət vətəndaşının işləməsində, iqtisadi fəallığın artmasında maraqlıdır və buna uyğun qərarlar qəbul etmək istəyir. Lakin koronavirusla mübarizə çərçivəsində həyata keçirilən genişmiqyaslı tədbirlər göstərdi ki, dövlət üçün vətəndaşın sağlamlığı hər şeydən önəmlidir. Deməli, bu xüsusda vətəndaş da dövlətə kömək etməli, karantin rejimində müəyyən edilmiş qaydalara riayət olunmalı, yoluxma sayının artmasına şərait yaradılmamalı idi. Amma müşahidələr göstərdi ki, ölkədə yumşaldılma qərarlarından sui-istifadə hallarına yol verildi, bir çoxları elə hesab etdi ki, yumşaldılma pandemiyanın tamamilə çəkilməsi deməkdir. Görünən o oldu ki, vətəndaşlar zərurət oldu-olmadı evdən çıxır, ictimai nəqliyyatda sıxlıq yaranır, küçələrdə, ticarət mərkəzlərində qələbəlik müşahidə olunur. Bir sözlə, şəxsi gigiyena, sosial məsafə, qoruyucu maskalardan istifadə və özünütəcrid qaydaları tamamilə arxa plana keçirildi… Bu da nəticə – iki günlük tam izolyasiya.

Əlbəttə, həftə sonları tam qapanma vətəndaşların sağlamlığını qorumaq məqsədini daşıyır. Dövlət bütün zəruri tədbirlərə əl atır ki, koronavirus bəlasını  minimum itki ilə adladaq. Dövlət qabaqlayıcı tədbirləri ilə ölkəmizdə pandemiyanın faciəvi hal almasına imkan vermədi. Azərbaycanda vəziyyət İran, ABŞ, İspaniya, İtaliya və digər Avropa ölkələrindəki kimi ağır olmadı. Vətəndaşlar mövcud reallıqları düzgün qiymətləndirməli, məsuliyyətlərini dərk etməli və dövlətin atdığı addımlara dəstək olmalıdırlar ki, pandemiya qısa müddətdə ölkəmizdən tamamilə çəkilsin və gündəlik həyatımız yenidən əzəli məcrasına dönsün. Daha ağır vəziyyətin yaranmaması, faciəvi halların yaşanmaması, vəziyyətin qeyri-müəyyən məcraya yönəlməməsi üçün qoyulan bütün qadağalara əməl etməliyik. Hər bir fərd anlamalıdır ki, onun məsuliyyətsizliyi yoluxmanın artmasına, ölüm sayının sürətlə çoxalmasına səbəb ola bilər. Vətəndaş dövlətin onun sağlamlığı üçün çəkdiyi əziyyəti, gördüyü tədbirləri, aldığı iqtisadi zərbələri nəzərə almalı, xüsusi karantin qaydalarının yumşaldılmasından sui-istifadə etməməlidir. Tələblər isə çox sadədir:

– Zəruri profilaktik tədbirlər davam etdirilməlidir;

– Hər bir vətəndaş 2 metrlik məsafə saxlamaqla bağlı tələblərə əməl etməlidir

– Qoruyucu maskalardan istifadə olunmalıdır.

Cənab Prezident İlham Əliyevin iyunun 3-də Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edərkən qoruyucu maskadan istifadə etməsi hər bir Azərbaycan vətəndaşı üçün nümunə olmalıdır.

COVİD-19 xəstəliyi uzunmüddətli prosesdir. Heç bir dövlət 1-2 ay ərzində bu virusa qalib gələ bilməyib. Ona görə də insanlarımız qoyulan bütün tələblərə, tətbiq olunan qadağalara tam şəkildə əməl etməlidirlər. Əks halda, nəinki iki günlük izolyasiya tədbirləri, əvvəlkindən də sərt karantin rejimi tətbiq oluna, iş yerləri yenidən bağlana, sms-lə icazə yenidən qüvvəyə minə bilər. Bu zərurətin yaranıb-yaranmayacağını isə vətəndaş məsuliyyəti göstərəcək. Vətəndaş məsuliyyətli olub qaydalara əməl etməklə öz işini, həyat tərzini asanlaşdırmış olacaq.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR