Nəcib insan, müdrik ağsaqqal

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

 Xuduş İsgəndərov – 80

 Hər bir insan Tanrının ona bəxş etdiyi ömrə öz düşüncəsi, bacarığı ilə dəyər verib həyatını yaşayır. Şair demişkən:

 

Hərə bir cür dən becərir,

Adam var hər gün becərir,

Adam var hərdən becərir.

Yaşamın mübarizə olduğunu unudub, “dən”ini hərdən becərənlərdən fərqli olaraq, bu yazımda ömür yolunun sınaqlarına mərdliklə sinə gərən, həyatının axarını öz iradəsi ilə dəyişdirməyi bacaran Zəngilan elinin dəyərli oğlu haqqında söz açmaq istəyirəm.

İsgəndərov Xuduş Əmən oğlu 1940-cı ildə, may ayının 2-də Azərbaycanın dilbər guşəsi olan Zəngilan rayonunun Keçikli kəndində kolxozçu ailəsində dünyaya gəlib.

1947-ci ildə Keçikli kənd yeddiillik məktəbinin I sinfinə daxil olub, 1954-cü ildə yeddinci sinfi fərqlənmə ilə bitirib. Həmin ilin sentyabr ayının 1-də Pircivan qəsəbə orta məktəbin VII sinfinə daxil olub, 1957-ci ildə orta təhsilini yenə fərqlənmə ilə başa vurub.

Xuduş İsgəndərov əmək fəaliyyətinə Bakı şəhərindəki 2 №-li un dəyirmanında başlayıb. Bacarıqlı laborant kimi az vaxt içərisində rəhbərliyin və əmək kollektivinin dərin hörmətini qazanıb. O, ailə vəziyyəti ilə əlaqədar olaraq rayona qayıdır.

1959-1960-cı illərdə Mincivan qəsəbəsindəki pambıq qəbulu məntəqəsində laboratoriya müdiri işləyir.

1960-cı ildə sənədlərini indiki Gəncə (o vaxtkı Kirovabad) şəhərindəki Dövlət Pedaqoji İnstitutunun biologiya fakültəsinə verir, yüksək qiymətlərlə instituta daxil olur. İnstitutda oxuduğu illərdə yaxşı bir tələbə kimi fərqlənmiş, tələbə elmi cəmiyyətin xətti ilə bir sıra elmi təcrübələr aparmış, yaxşı nəticələr əldə etmişdir. O, 1965-ci ildə institutu fərqlənmə diplomu ilə bitirmiş, 1965-1966-cı illərdə oxuduğu orta məktəbdə ixtisası üzrə müəllim işləmişdir.

Xuduş müəllim qazandığı ixtisasın nəzəri əsaslarını, metodikasını yaxşı bilən, bacarıqlı müəllim kimi pedaqoji kollektiv və şagird kollektivinin dərin rəğbətini qazanmış, həm də rayonun pedaqoji ictimaiyyətində bacarıqlı bir müəllim kimi tanınmışdır. O, rayonun ictimai-siyasi işlərində uğurlu fəaliyyətinə görə partiya, sovet rəhbərlərinin diqqətini cəlb etmişdir. Elə ona görə də 1966-cı ildə onu Zəngilan Rayon Partiya Komitəsində işə qəbul etmişlər.

Xuduş müəllim partiya komitəsində işlədiyi illərdə vəzifəsi ilə əlaqədar təhsil müəssisələrində yoxlamalar aparmış, müəllimlərə, xüsusən də gənc müəllimlərə məsləhətlər vermiş, qabaqcıl müəllimlərin iş təcrübələrinin pedaqoji kollektivlərdə yayılmasına səy göstərmişdir.

Xuduş müəllimin təhsil sahəsində bilik-bacarığını, metodik ustalığını görən təhsil idarəsinin rəhbərliyi onun təhsil şöbəsində işləməsini rayon partiya komitəsinin rəhbərliyindən xahiş edir.

1968-ci ildən 1971-ci ilə kimi rayon təhsil şöbəsində metodiki kabinetin müdiri vəzifəsində işləyir. Sonralar rayon partiya komitəsinin rəhbərliyi onu yenidən partiya komitəsinə dəvət edir. O, 1971-ci ildən 1973-cü ilə kimi partiya komitəsində fəaliyyət göstərir.

Xuduş müəllimin partiya işindəki uğurlu fəaliyyətini nəzərə alan rayon rəhbərliyi onu 1973-cü ildə Bakı Ali Partiya məktəbinə göndərir.

Xuduş müəllim 1975-ci ildə partiya məktəbini də fərqlənmə diplomu ilə bitirəndən sonra Zəngilan Rayon Partiya Komitəsində siyasi maarif kabinetinin müdiri və partiya komissiyasının sədri vəzifələrində işləyir. O, bir dövr ərzində bacarıqlı, səmimi bir partiya işçisi kimi rayon ictimaiyyətinin dərin hörmətini qazanmışdır. Yaxşı fəaliyyətinə görə dəfələrlə fəxri fərmanlar, digər mükafatlar almışdır.

1988-ci ildə Zəngilan rayon avtonəqliyyat müəssisəsində əmək kollektivi arasında narazılıq yarandığını nəzərə alan rayon rəhbərliyi Xuduş müəllimi bacarıqlı partiya işçisi kimi rayon avtonəqliyyat idarəsinə müdir göndərir. O, burada 1990-cı ilədək işləmişdir.

Sonrakı iki ildə 144 №-li peşə məktəbində əmək fəaliyyətini davam etdirmişdir. 1992-ci ilin fevral ayında Bəsitçay Dövlət Təbiət Qoruğuna direktor təyin edilmişdir.

Xuduş müəllim Zəngilan işğal olunduqdan sonra Bakı şəhərinə gəlmiş, əsasən elmi işlə məşğul olmuşdur. Bir monoqrafiya və on elmi əsərin müəllifidir. Onun “Azərbaycanın Arazboyu dağətəyi düzən rayonlarında payızlıq taxıl əkinlərinin alaqlarına qarşı kimyəvi mübarizə tədbirləri” barədə əldə etdiyi elmi təcrübə bu gün təsərrüfatlarda geniş tətdiq olunur.

Xuduş müəllim səmərəli əmək və elmi fəaliyyətinə görə 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

O, hazırda təqaüddədir, Zəngilan rayon Ağsaqqallar Şurasının sədridir. İctimai-siyasi fəaliyyətinə görə dəfələrlə rayon rəhbərliyi tərəfindən Fəxri fərmanlara layiq görülmüşdür.

Ailəlidir, dörd övladı, səkkiz nəvəsi, üç nəticəsi var. Övladlarının hamısı ali təhsillidir.

***

Aşağıdakı şeiri rayonumuzun fəxri ziyalısı, bilik və bacarığına, səmərəli fəaliyyətinə, elmi axtarışlarına görə rayon ictimaiyyəti arasında özünəməxsus yeri olan, mərkəzi rəhbərlik və rayon rəhbərliyi tərəfindən dəfələrlə fəxri mükafatlara layiq görülən, sözü ilə əməlinin vəhdətinə həmişə diqqət yetirən Azərbaycan Respublikası Ağsaqqallar Şurasının üzvü, Zəngilan rayon şöbəsinin sədri İsgəndərov Xuduş Əmən oğlunun səksən illik yubileyinə ithaf edirəm.

 

Yüz yaş arzulayıram, səksən yaşın mübarək!

 

Zamanın sərt vaxtında bu dünyaya gəlmisən,

Atasız böyüsən də, öz yerini bilmisən,

Uşaqlıq çağlarının dəyərini bilmisən,

Ağır sınağa çəkib səni bu zalım fələk,

Yüz yaş arzulayıram, səksən yaşın mübarək!

 

Böyüdün yaşa doldun, çatdı təhsil illəri,

Məktəbə yola saldı səni ana əlləri,

Taleyindən keçsə də dövrün qara yelləri,

Çətinliyi həmişə qarşıladın gülərək,

Yüz yaş arzulayıram, səksən yaşın mübarək!

 

Zəhmətinlə, ağlınla zirvələrə ucaldın,

Kamil bir ziyalı tək fəxri adını aldın,

İşinlə, əməlinlə həmişə yadda qaldın,

Dostluqda sədaqətlə sən kəsmisən duz-çörək,

Yüz yaş arzulayıram, səksən yaşın mübarək!

 

Əməyinlə gənclərin arzusunu çin etdin,

Kamil müəllim oldun, həmişə öndə getdin,

Elminlə, biliyinlə çox məqsədlərə yetdin,

Qəlbində sən yaşatdın həmişə yaxşı dilək,

Yüz yaş arzulayıram, səksən yaşın mübarək!

 

Dövlətinə, xalqına sədaqətli olmusan,

Zəhmətinin bəhrəsin sən onlardan almısan,

İnsanların qəlbində, yaddaşlarda qalmısan,

Ulu Tanrı bəxş edib bunu sənə bilərək,

Yüz yaş arzulayıram, səksən yaşın mübarək!

 

Yüz yaşına o gözəl Zəngilanda çatasan,

Vətən dərdin qəlbindən birdəfəlik atasan,

O yerləri seyr edib şirin yuxu yatasan,

Tanrımız qismət edə o günü biz də görək,

Yüz yaş arzulayıram, səksən yaşın mübarək!

Telman  MƏMMƏDOV,

Zəngilan rayonundan məcburi

köçkün, təqaüddə olan müəllim,

“Qızıl qələm”, “Əsrin ziyalısı”,

“Azərbaycan bayrağı”

mükafatlarının laureatı

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR