Azərbaycanda 2019-cu ilin əvvəlindən start verilən genişmiqyaslı islahat proqramı ölkəmizdə fəaliyyət göstərən bütün sektorları əhatə edir. Bu gün hər bir Azərbaycan vətəndaşı öz işlədiyi sahədə müsbətə doğru ciddi dəyişikliklərin, maliyyə şəffaflığının, əhəmiyyətli maaş artımlarının, kadr islahatlarının təsirini hiss edir.
Ölkəmizdə həyata keçirilən islahatların nəticəsində iqtisadi sahədə də gəlirlərin tam şəffaflaşması istiqamətində bir çox yeniliklər müşahidə olunmaqdadır. Məsələn, ölkə başçısının kadr və struktur islahatları fonunda “kölgə” iqtisadiyyatının miqyası əhəmiyyətli dərəcədə kiçilib və ciddi rəqabət mühiti formalaşıb.
Müşahidələr nə göstərir?
Müşahidələr göstərir ki, ciddi nəzarət tədbirləri və dövlətin həyata keçirdiyi təşviqyönlü mexanizmlər iqtisadi sahələrdə ciddi şəffaflığın yaranmasına şərait yaradıb.
Ölkəmizdə rüşvətxorluğun, korrupsiyanın, maliyyə saxtakarlıqlarının, vergidən yayınma hallarının və mənimsəmə faktlarının ifşası yönündə həyata keçirilən ciddi hüquqi tədbirlər, özəl şirkətlərin və digər biznes strukturlarının “qara mühasibatlıq”dan imtinasına və şəffaflaşma yolunu seçməsinə səbəb olub.
Şəffaflaşma prosesinin dövlətin gəlirlərinə və iqtisadiyyatımızın artım dinamikasına müsbət təsirini statistik rəqəmlərdən də aydın görmək olar. Statistik məlumatlara görə, 2020-ci ilin I rübündə dövlət büdcəsinə qeyri-neft sektoru üzrə daxilolmalar 21.3% artaraq 1.4 mlrd. manatı üstələyib.
Şirkətlərin “qara mühasibatlıq”dan imtinası və maaşları ağartmağa üstünlük verməsi əməkhaqqı fondunda da müsbətə doğru ciddi irəliləyişlərin olduğunu deməyə əsas yaradır. Əlbəttə ki, bu əsasları əmək müqavilələrinin artım sayında ortaya çıxan yeni statistik rəqəmlərdə də görmək olar.
Rəqəmlərə nəzər salsaq görərik ki, 2019-cu ildə əmək müqavilələrinin sayı 153 min artıb və artımın 99 mini özəl sektorun payına düşüb.
Ümumilikdə son 5 rüb, yəni 2019-cu il və cari ilin birinci rübü ərzində əmək müqavilələrinin sayı 172 mindən çox artıb.
Xarici gəlirlərimizin ötən dövrə nisbətən azaldığı, neftin qiymətinin kəskin ucuzlaşdığı və yeni növ koronavirusun dünyada iqtisadi təlatümlər yaratdığı bir dövrdə Azərbaycanda maliyyə sabitliyinin müşahidə olunması, əlbəttə ki, maliyyə sahəsində tətbiq olunan ciddi şəffaflaşma standartları ilə bilavasitə əlaqəlidir. Azalan xarici gəlir, ölkəmizdə pandemiya dövründən xeyli əvvəl start verilən şəffaflaşma prosesi nəticəsində dövlət büdcəsinə transfer edilən maliyyə gəlirləri ilə kompensasiya olundu.
Zəruri və təxirəsalınmaz tədbirlərin müsbət nəticələri
İş yerlərinin və işçilərin əməkhaqlarının qorunması, əhalinin məşğulluq imkanlarının artırılması da pandemiya dövründə əsas diqqət yetirilən məsələlərdəndir. Bu istiqamətlər Prezident İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabinetinin təsdiq etdiyi və pandemiyanın iqtisadiyyata, sosial rifaha və məşğulluğa mənfi təsirlərinin azaldılmasına xidmət edən Tədbirlər Planında da öz əksini tapıb.
Yəni Azərbaycan dövləti pandemiya dövründə də öz vətəndaşını tək qoymadı, onun həm sağlamlığını qorudu, həm də ciddi maddi çətinliklər yaşamasına imkan vermədi.
Dövlət həmçinin şirkətlər, fərdi sahibkarlar və digər özəl sektor nümayəndələrinin qarşısında ciddi tələblər qoydu. Əsas tələblərdən biri pandemiya dövründə işçilərin əsassız yerə işdən çıxarılmaması, ixtisarlara yol verilməməsi və məzuniyyətə buraxılan işçilərin əməkhaqlarının saxlanması isə bağlıdır. Nəticədə mövcud iş yerləri nəinki qorundu, həmçinin “Əmək müqaviləsi bildirişi” altsistemindən mayın 1-də əldə olunan məlumata əsasən, 2020-ci ilin əvvəlindən əmək müqavilələrinin sayında 105 min nəfərlik (o cümlədən özəl sektorda 94 minə yaxın) artım oldu. Həyata keçirilən zəruri tədbirlər nəticəsində muzdla işləyən 1 milyon 660 min şəxsin pandemiya dövründə məşğulluğu təmin edildi…
Kimlər dövlətdən yardım ala bilməz?
Əlbəttə ki, dövlətə vergi verməyən, vergidən yayınmaq üçün qanunsuz yollara əl atan, “qara mühasibatlıq” yaradıb işçilərin maaşlarını az yazan, əmək müqaviləsi ilə işçi işlətməyən hər hansı bir sahibkar dövlətdən yardım ala bilməz. Amma işlərini qanuni çərçivədə quran hər bir sahibkar dövlətin pandemiya dövründə onun üçün tətbiq etdiyi bütün maliyyə güzəştlərindən istifadə edə bilər. Məsələn, Prezidentin pandemiya dövründə zərər çəkən sahələrdə iqtisadi aktivliyin dəstəklənməsinə 900 mln.manat birbaşa kompensasiya ödənişinin ayırmasını xüsusilə qeyd etmək olar. Beləlikdə qeyd etdiyimiz bu istiqamət üzrə görülən işlərin nəticəsində:
– Muzdlu işçilərin çalışdığı biznes sahələri qorundu;
– Zərər çəkən sahibkarlara maliyyə dəstəyi göstərildi;
– Geniş vergi güzəştləri tətbiq olundu;
– Fəaliyyət sahələrinə ayrılan 1.5 mlrd.manat bank kreditlərinə dövlət zəmanəti və faizlərə subsidiya verildi.
Dövlət pandemiya dövründə aztəminatlı və koronavirusa görə işləyə bilməyən hər bir Azərbaycan vətəndaşını diqqətdən kənarda qoymadı. Ölkə başçısının tapşırığı ilə onlara da 190 manat məbləğində birdəfəlik ödənişlər təyin edildi. Dövlət başçısı aprelin 17-də videobağlantı formatında keçirdiyi iclasda 600 min insana iki ay ərzində hər ay 190 manat birdəfəlik vəsait verilməsini tapşırdı: “Bu kateqoriyaya aid olan insanlar aztəminatlı təbəqənin nümayəndələridir, eyni zamanda, koronavirusla bağlı işini müvəqqəti itirən və qeyri-formal məşğul insanlardır. Onların da problemlərini dövlət öz üzərinə götürür”.
Çıxış yolu “kölgə iqtisadiyyatı”na son qoymaqdır
Həmin videobağlantı formatlı iclasda Prezident İlham Əliyev formal məşğulluq kimi problemli məsələlərə də toxunaraq bunları dedi: “Baxmayaraq, mən dəfələrlə onlara müraciət etmişəm ki, qeyri-formal məşğulluğa son qoyun, çünki bu, sizin üçün problem yaradacaq. Siz işsizlikdən sığorta, işsizlik müavinəti, pensiya, tibbi sığorta ala bilməyəcəksiniz. Son vaxtlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi və digər aidiyyəti qurumların fəaliyyəti nəticəsində on minlərlə yeni əmək müqaviləsi bağlanıldı. Mən ümid edirəm ki, bu ağır vəziyyətdən sonra bunu nəzərə alaraq bu gün hələ də kölgə iqtisadiyyatında çalışan insanlar da dərk edəcəklər ki, yeganə çıxış yolu kölgə iqtisadiyyatından çıxmaqdır. Sahibkarlara müraciət edirəm, qeyri-formal məşğulluğa son qoyun. İşçilərə bir daha müraciət edirəm, əmək müqaviləsi olmadan işləməyin, tələb edin. Əgər hansısa sahibkar sizinlə əmək müqaviləsi bağlamaq istəmirsə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, İqtisadiyyat Nazirliyinə, Prezident Administrasiyasına dərhal məlumat verin”.
Dövlət həmçinin pandemiya dövründə ünvanlı dövlət sosial yardım proqramından yararlanmaq istəyən vətəndaşlarımız üçün də geniş imkanlar yaratdı. Təkcə aprel ayında əlavə 12 min ailə (50 min ailə üzvü) də bu proqrama cəlb edilmiş və hazırda 82 mindən çox ailənin 342 min üzvü ünvanlı dövlət sosial yardımı ilə təmin edilir.
Pandemiya dövründə pensiya, müavinət və təqaüdlərlə bağlı heç bir problem yaşanmayıb. Bu kateqoriyadan olan 2 milyon şəxsə ödənişlərin davamlılığı təmin edilir.
Nəticə çıxarmağın zamanıdır
Sahibkarlar pandemiya dövründəki “acı nəticələri” nəzərə alaraq şəffaf işləməli, vergidən yayınmaq üçün “qara mühasibatlıq” şəbəkəsi qurmamalıdır. Dövlətin biznesdən və əhalidən gözləntisi – fəaliyyətin tam şəffaflaşdırılmasıdır. Vergidən yayınan hər bir sahibkar və biznes sektoru pandemiya dövründə dövlətin ayırdığı yardımlardan, maliyyə və vergi güzəştlərindən yararlanmadığı üçün itirdiklərini bir daha nəzərdən keçirməlidir. Bu proses həyat dərsi olmalıdır. Pademiya dövrü göstərdi ki, qanunvericiliyin tələblərinə əməl edən hər bir sahibkarın, biznes sektorunun fəlaliyyəti dövlət başçısı tərəfindən yüksək qiymətləndirilir və onlar dövlətin güzəştlərindən maksimum yararlanmaq imkanı əldə edirlər.
Və sonda…
Ümid edək ki, pandemiya dövründə dövlətin köməyindən məhrum olan hər bir sahibkar, xidmət sektoru, fərdi sahibkarlıqla məşğul olan şəxslər post-pandemiya dövründə işlərini düzgün quracaq, işçilərlə əmək müqaviləsi bağlamaqla tam şəffaf fəaliyyət nümunələrinə üstünlük verəcəklər. Əks təqdirdə bir gün qapılarının hüquq-mühafizə orqanları tərəfindən döyüləcəyinə əmin olsunlar. Kim ki, dövlətin qarşısında üzünün AĞ olmasını istəyir, qara işlərdən əl çəkməli, tam şəffaf fəaliyyət formasına keçməlidir.