İlham Əliyevin düşmənləri – Korrupsioner və xalqı incidən məmurlar
Əslində qeyri-adi heç nə baş vermir… Bu gün həm sosial sahədə, həm də siyasi arenada cərəyan edən proseslər illər əvvəl anonsu verilən məsələlərdir desək, qətiyyən yanılmarıq. Bu gün ölkədə aparılan islahatlar bilavasitə Prezident İlham Əliyevin illər öncə elan etdiyi siyasi kursun tərkib hissəsidir. Korrupsiyaya qarşı mübarizə tədbirlərində də təəccüblü heç nə yoxdur. Bu xətti İlham Əliyev hakimiyyətə gəldiyi ilk günlərdən elan edib. O, hələ 2003-cü ildə bəyan etmişdi ki, korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə ardıcıl olacaq, belə əməllərə meyillənən vəzifə sahiblərini ciddi şəkildə cəzalandıracaq. Cəmiyyət ötən müddət ərzində buna əyani şəkildə şahid oldu. Prezident dedi və elədi! Proses bu gün də davam edir…
Prezidentin konkret tələbləri
Tərəddüdsüz deyə bilərik ki, korrupsiyaya bulaşmış icra başçılarına və ayrı-ayrı vəzifə sahiblərinə qarşı dövlətin tutduğu mövqe əvvəlcədən bəyan olunan siyasi xəttə uyğundur. Bu həm də dövlət başçısının iradəsidir. Cənab Prezident icra başçılarını, nazirləri vəzifəyə təyin edərkən onların qarşısında konkret tələblər qoyur:
Xalqa xidmət edin!
Vəzifədən sui-istifadə etməyin!
Vətəndaşları incitməyin!
Dövlət başçısı dəfələrlə xəbərdarlıq edib ki, kim çirkin əməllər arxasınca gedəcəksə, layiqli cəzasını alacaq. Budur, deyilənlərdən nəticə çıxarmayanlar bir-birinin ardınca ifşa olunur, cəzalandırılır. Bu baxımdan, hazırda müşahidə etdiyimiz proseslər heç kəsi təəccübləndirməməlidir. Nə baş verirsə, cənab Prezidentin prinsiplərinə mütənasibdir!
Dövlət vəsaitlərini mənimsəyən, rəhbərlik etdiyi qurumu korrupsiya və rüşvət yuvasına çevirən icra başçılarının həbs olunması, heç şübhəsiz ki, ölkə başçısının bu məsələdə nə qədər prinsipial mövqe tutduğunu bir daha nümayiş etdirir. Tam əminliklə deyə bilərik ki, islahatlara qarşı çıxan, xalqı incidən, rüşvət alan məmur İlham Əliyevin düşmənidir və belələri mütləq layiqli cəzasını almalıdır.
Xalqın dəstəyi
Rüşvətxor, korrupsiyaner şəxslərin, vəzifəsindən sui-istifadə edən məmurların, rəhbərlik etdiyi qurumu qohum-əqraba məclisinə çevirən, sahibkarları incidən, dövlətin torpaqlarında qanunsuz obyektlər inşa etdirən, dövlətin əmlakını, vəsaitlərini dədə-baba mirası hesab edən icra başçılarının cəzalandırılması əlbəttə ki, cəmiyyət tərəfindən də müsbət qarşılanır. Cəmiyyət Prezidentin elan etdiyi islahat kursunu və islahatlara qarşı çıxanların sərt şəkildə cəzalandırılmasını təqdir edir. Xalqımız ölkə başçısına inanır. Vətəndaş atılan addımların hamısının xalqın xeyirinə olduğuna əmindir. Xalqımız görür ki, ölkə başçısı Azərbaycanda rüşvətin, korrupsiyanın, məmur özbaşınalığının kökünü kəsmək üçün ortaya siyasi iradə qoyur.
Heç kəsə güzəşt olmayacaq
Ortada bir həqiqət var: Bilavasitə dövlət başçısının iradəsinə söykənən islahat kursunun alternativi yoxdur. Bunu hər bir kəs dərk etməli və öz fəaliyyətini məhz bu xəttə uyğunlaşdırmalıdır. Axına qarşı üzmək həvəsinə düşənlər bilməlidirlər ki, dövlət mütləq onların yaxasından yapışacaq və heç kəsə güzəşt olmayacaq.
İslahatların Azərbaycan modeli
Sonda bir məsələyə də diqqət yetirmək istərdik. Müşahidələr gəstərir ki, dünyanın bir çox ölkələrində islahatlar çox ciddi iqtisadi və siyasi itkilər fonunda həyata keçirilir. Yəni islahatlara ciddi müqavimət göstərilir və mərkəzi hakimiyyət müqaviməti yatızdırmaq gücündə olmadığı üçün vəziyyət nəzarətdən çıxır. Amma Azərbaycanda islahatlar tam fərqli şəkildə aparılır. İctimai-siyasi sabitliyə xələl gətirilmir, iqtisadi inkişaf öz tempi ilə davam edir, dövlət idarəçiliyində, xarici və daxili təhlükəsizlikdə heç bir boşluğa yol verilmir. Təsadüfi deyil ki, bu gün bir çox beyin mərkəzləri İlham Əliyevin başlatdığı islahat kursunu, “İslahatın Azərbaycan modeli” kimi dəyərləndirir.
Və əlbəttə ki, islahatların belə sakit, dinamik, əhalinin maraqlarına cavab verən şəkildə aparılması, ilk növbədə, ölkə başçısı İlham Əliyevin siyasi iradəsi və qətiyyətli addımları nəticəsində mümkün olur.