" />

Fəttah Heydərov:”Heydər Əliyev ideyaları Azərbaycanın əbədi inkişafının təməlidir”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Dünyamız misli görünməmiş təhdidlə üzləşib: son aylarda əksər dövlətləri böyük məhrumiyyətlərə düçar edən “COVID-19” adlı yeni növ koronavirus bəşəriyyətin dəhşətli kabusuna çevrilib. Sərhəd, məkan, ərazi tanımadan bütün ölkələri bürüyən yoluxucu virus dünyanın iqtisadi-siyasi mənzərəsini xeyli dəyişib. İndi dünya ölkələrinin inkişaf səviyyəsindəki fərq də nisbiləşib. İnkişaf səviyyəsindən asılı olmayaraq əksər ölkələr hələlik məlhəmi tapılmayan yoluxucu xəstəliklə əzmlə mücadilə aparırlar.
Qoca tarix nə qədər epidemiyalara, yoluxucu xəstəliklərə şahidlik edib, bunu oxuduqlarımızdan az-çox bilirik. İnsan övladı böyük, ya da kiçik itkilərlə üzləşdiyi sınaqlardan üzüağ çıxmağı bacarıb. Fəqət, son pandemiya dalğası özündən bir qədər təkəbbürlü, bir o qədər də arxayın dünyamızı qəfil haqlayaraq ciddi çətinliklərə məruz qoyub. “Sən saydığını say, gör fələk nə sayır” deyimi, görünür, təsadüfən yaranmayıb. Bizə yalnız son aylarda agah oldu ki, ötən 50-60 ildə inqilabi texnoloji yeniliklərə, unikal kəşflərə imza atan dünya dövlətləri bir göz qırpımında sanki bütün planeti bürüyən hansısa virus qarşısında çarəsizdir. Nəinki aya, hətta digər planetlərə də süni peyklər göndərməyə müvəffəq olan dünyamız hazırkı təhdid qarşısında çıxılmaz duruma düşüb.
Qlobal iqtisadiyyatda tənəzzül dərinləşir. Neftin 3 dəfəyədək enən qiymətləri hələ ki, sabitləşmək bilmir. Mövcud vəziyyət, istər-istəməz, insanlarda mənəvi-psixoloji gərginlik də yaradıb. İndi dövlətlərin bir məramı var – nəyin bahasına olursa-olsun, yoluxmanın geniş və sürətlə yayılmasının qarşısını almaq, vəziyyətdən tez zamanda və az itki ilə çıxmaq…
Narahat dünyamızın faciəvi mənzərəsi bizi nə qədər sarsıtsa da, bir reallığı çəkinmədən, qürur hissi ilə deyirik: Azərbaycan xalqı reallıqları düzgün dəyərləndirən, vaxtında qabaqlayıcı addımlar atan Prezident İlham Əliyevin rəhbərliyi ilə bu çətin sınaqdan üzüağ, az itki ilə çıxır!
Əksər dünya ölkələrinin rəhbərləri, Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq qurumlar da bunu açıq bəyan edirlər. Prezident İlham Əliyevin pandemiyanın qarşısının alınması məqsədilə ilk günlərdən qəbul etdiyi operativ, cəsarətli və düşünülmüş qərarları təqdir edilərək mütərəqqi nümunə, örnək kimi göstərilir.
Prezidentimizin bəyan etdiyi məram – “Azərbaycan sosial dövlətdir və siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Bu gün koronavirus dövründə bizim əsas amalımız Azərbaycan xalqını bu bəladan qorumaqdır” fikri dövlətimizin bu prosesdəki fəaliyyət prioritetini də aydın müəyyənləşdirir.
Bəşəriyyətin mövcudluq tarixi bu reallığı da danılmaz həqiqət kimi təsdiqləyib: hər bir ölkə konkret zamanda üzləşdiyi çətin durumdan məhz layiqli liderinin əzmi, qətiyyəti, yüksək idarəçilik keyfiyyətləri sayəsində çıxır. Həmin məqamda liderin atdığı düzgün addımlar, qəbul etdiyi müdrik qərarlar xalqın gələcək müqəddəratını müəyyən edir. Azərbaycan təcrübəsində də bu həqiqət dəfələrlə təsdiqini tapıb. Ulu Öndər Heydər Əliyevin ən layiqli davamçısı olan cənab İlham Əliyev ölkəmizə əzmkar rəhbərliyi ilə yüksək səriştəyə malik lider olduğunu dəfələrlə sübuta yetirib.
Həyatda hər kəsin fərqli iddia və imkanları, hədəfləri, özünəməxsus düşüncələri ola bilər. Əsas məsələ hədəfə qovuşmaq üçün seçilən yolun, vasitənin ədalətli və dürüst olmasıdır. İlham Əliyev son 17 ildə məhz Heydər Əliyev yoluna istinad edib, dahi rəhbərin ali ideyalarını rəhbər tutub. Ədalətli rəhbər kimi xalqının, dövlətinin mənafeyini düşünüb. İnsanların sosial rifahı, firavanlığı naminə dövlətin bütün imkanlarını səfərbər edib. Xalqımız 2003-cü ildən bəri yaranmış konkret situasiyalarda, fövqəladə vəziyyətlərdə cənab Prezidentin necə düzgün, ədalətli qərarlar qəbul etdiyinin, ilk növbədə, sadə insanları düşündüyünün əyani şahidi olub.
Müasir dünya sosial layihələrə o qədər də maraqlı deyil. Bazar münasibətləri şəraitində bir çox dövlətlər vətəndaşlarına dəyən maddi zərərləri dövlət büdcəsi hesabına qarşılamaq təklifinə tərəddüdlə yanaşırlar. Şükürlər ki, son 17 ildə Azərbaycan insanı bu yanaşmanın tam əksini görüb. Dövlətimiz və onun rəhbəri müxtəlif səbəblər üzündən insanlara dəyən zərərin büdcə hesabına və tam ödənilməsini təmin edib.
Ulu Öndər Heydər Əliyevin zamanında söylədiyi bu ibrətamiz fikri xatırlatmaq, fikrimcə, yerinə düşər: “Azərbaycan bazar iqtisadiyyatı yolunu seçsə də, insanların sosial məsələlərinin həlli dövlətin başlıca vəzifəsi olaraq qalır”. İlham Əliyev isə “Siyasətimizin əsasında Azərbaycan vətəndaşının maraqları, insan amili dayanır” deyərək, eyni xətti inamla davam etdirir. Nəticədə vətəndaşda haqlı əminlik, güvənlik var ki, dövlətimiz bütün çətin məqamlarda onun yanındadır.
Azərbaycan dövləti ötən illərdə xalqın rifahı naminə dəyəri bəzən milyard manatlarla ölçülən sosial layihələri reallaşdırmaqdan çəkinməyib. Məsələn, son 17 ildə çadır düşərgələri tamamilə ləğv edilib, məcburi köçkünlərin mənzillə təminatı davamlı xarakter alıb. MDB məkanında ilk dəfə məhz Azərbaycanda vətəndaşların keçmiş SSRİ dövründən banklarda qalmış ümidsiz əmanətləri geri qaytarılıb. Əhalinin mavi yanacağa, elektrikə, suya görə borcları silinib. Müxtəlif illərdə baş vermiş zəlzələlərdən, eləcə də Kür çayının daşıntılarından ciddi zərər görmüş vətəndaşlar üçün yeni evlərin inşası reallaşdırılıb. Şəhid ailələri, müharibə veteranları və əlilləri, hərbçilər, mədəniyyət, incəsənət, elm xadimləri, eləcə də KİV nümayəndələri dövlət hesabına mənzillə təmin olunublar.
2019-cu ildə dövlət başçısının siyasi iradəsilə reallaşdırılan sosial islahatlar paketi daha geniş miqyas alıb. Ötən il ərazi bütövlüyümüz uğrunda həlak olmuş qəhrəman insanların ailələrinə birdəfəlik ödəniş edilib. Minimum əməkhaqqı, sosial müavinət, pensiya və tələbə təqaüdləri əhəmiyyətli dərəcədə artırılıb. Devalvasiya nəticəsində banklara borcu yaranmış vətəndaşların borcları müəyyən şərtlər civarında kompensasiya olunub. Yanğından zərər çəkmiş sahibkarlara kompensasiya ödənilib.
Çətin və fövqəladə vəziyyətlərə hazırlıq hər bir hökumətin fəaliyyətinin səmərəlilik göstəricisidir. Son ayların reallığı bu həqiqəti də tam təsdiqləyib: koronavirus təhlükəsinin ciddiliyini ilk gündən düzgün dəyərləndirən, qabaqlayıcı addımlar atmaqda gecikməyən dövlətlər onunla mübarizədə daha az itki veriblər. Pandemiyanın ABŞ və əksər Avropa ölkələrini çənginə alması, kütləvi insan itkisi ilə müşayiət olunması həm də sosial məsuliyyətsizliklə əlaqələndirilir. Hesab olunur ki, bəzi dövlətlər pandemiyaya kifayət qədər ciddi yanaşmamaqla son nəticədə vəziyyətə nəzarəti itiriblər.
Sevindirici haldır ki, bu gün Azərbaycanın adı pandemiyaya ilə mübarizədə vaxtında qabaqlayıcı tədbirlər görən, ictimai rəyi ən qısa zamanda sosial məhdudlaşdırma tədbirlərinin vacibliyinə hazırlamağa nail olan dövlətlər sırasında çəkilir. Ölkə rəhbərliyinin vəziyyəti düzgün dəyərləndirmək və operativ qərarlar qəbul etmək bacarığı bizə bu böyük bəladan az itki ilə çıxmaq imkanı yaradıb.
“Biz birlikdə güclüyük!” şüarını koronavirusla mübarizənin əsas qayəsinə, başlıca məramına çevirən Azərbaycan Prezidenti hər bir qətiyyətli addımında məhz xalqına, mütləq çoxluğun dəstəyinə güvəndiyini nümayiş etdirir. Təbii ki, bu diqqət və qayğı insanların öz liderinə güvənini, etimadını artırır və yüksək qiymət alır. Qədirbilən xalqımız karantin dövründə atılmış müdrik, önləyici addımlara görə cənab İlham Əliyevə dərin təşəkkürünü, razılığını bildirir. Dövlət başçısının adına hər gün yüzlərlə təşəkkür məktubu gəlir.
Respublika Ağsaqqallar Şurasının üzvləri də dövlət başçısının həyata keçirdiyi addımları təqdir edir. Bütün xalqımız kimi, biz ağsaqqallar da Prezidentin və bu çətin günlərdə insanlara doğma ana, bacı kimi can yandıran Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər birimizə olan daimi diqqət və qayğısını yüksək qiymətləndirir, ölkə vətəndaşlarının sağlamlığının qorunması üçün yorulmadan həyata keçirilən fədakar fəaliyyəti, aparılan qətiyyətli siyasəti ürəkdən bəyənirik və dəstəkləyirik. Əminik ki, Azərbaycan bundan sonra da Prezidentin rəhbərliyilə bütün bəlalardan qorunaraq əmin-amanlıq şəraitində inamlı inkişaf yolu ilə gedəcək, müdrik, düşünülmüş və uzaqgörən siyasət yeni-yeni uğurlara imza atmaqla ölkəmizi daha xoşbəxt və sağlam gələcəyə qovuşduracaqdır.
Şübhəsiz, hakimiyyətin hər hansı tədbirlər planı o zaman səmərə verir ki, xalq bu addımları bəyənir, ona dəstək verir. Xalqla hakimiyyətin mənəvi birliyi olmadan hansısa ciddi uğura nail olmaq qeyri-mümkündür.
Azərbaycan cəmiyyəti Ümummilli Liderin zəngin dövlətçilik irsini hər zaman ölkəmizin təhlükəsizliyinin və milli maraqlarının təmin edilməsinə yönələn alternativsiz konsepsiya kimi qəbul edib. Məsələn, hansısa problem baş qaldıranda çoxları “Heydər Əliyev bu məsələni necə həll edə bilərdi” sualı üzərində düşünür. Bu yanaşmanı Azərbaycan Prezident cənab İlham Əliyev də birmənalı müdafiə edir. Dövlət başçısı çıxışlarında dəfələrlə bildirib ki, dövlət idarəçiliyinə dair hər hansı qərar qəbul etməzdən öncə bu sualı özünə ünvanlayır və cavab tapmağa çalışır.
Müstəqil Azərbaycanı Ulu Öndər Heydər Əliyevin “Şah əsəri” sayanlar tamamilə haqlıdırlar. Əslində, bu, nəinki ölkə ictimaiyyətinin, ümumilikdə realist dünyanın etiraf etdiyi bir həqiqətdir. Qazanılan nailiyyətlər xalqımızın Ümummilli Liderinin uzaqgörənliklə müəyyənləşdirdiyi inkişaf strategiyasının və bu siyasəti ötən 17 ildə milli maraqlar çərçivəsində uğurla davam etdirən Prezident cənab İlham Əliyevin danılmaz xidmətləri ilə bağlıdır.
Biz Ulu Öndərə dünyanın ən böyük azərbaycanlısı deməkdə tamamilə haqlıyıq: SSRİ kimi böyük imperiyada ən yüksək vəzifələri tutub, ən ali məqamlara yüksəlmiş yeganə azərbaycanlı kimi, o, xalqına daim ləyaqətlə, vicdanla xidmət edib. Böyük siyasətdə və dövlət idarəçiliyində qazandığı misilsiz nailiyyətlər, ilk növbədə, xalqın səmimi dəstəyinə, ictimai inam amilinə söykənib. Qarşıya qoyduğu məqsədlərə doğru irəliləyərkən təkcə iti fəhminə, parlaq zəkasına, dövlətçilik səriştəsinə deyil, həm də ictimai etimada əsaslanıb. Ən ciddi dəstəyi xalqdan, ona güvənən, xilas yeri kimi baxan insanlardan alıb.
Azərbaycanın son 50 illik tarixi Ulu Öndərin adı və onun müəyyənləşdirdiyi inkişaf yolu ilə birmənalı bağlıdır. Taleyin qismətindən yarım əsrlik tarixin təkcə şahidi deyil, həm də bu mərhələdə cərəyan edən ictimai-siyasi proseslərin bilavasitə iştirakçısı olmuşam. Yaxşı yadımdadır, 1969-cu ildə Azərbaycana rəhbərliyə irəli çəkilən Heydər Əliyev ilk günlərdən respublikada inqilabi islahatlara başlamışdı. Gənc, milli ruhlu, enerjili bir şəxsin respublika rəhbərliyinə irəli çəkilməsi insanlarda daxilən razılıq doğururdu. Durğunluq, iqtisadi tənəzzül içində yaşayan, keçmiş SSRİ-nin geridə qalmış respublikalarından sayılan Azərbaycanda vəziyyətin tezliklə dəyişəcəyinə inanmayanlar da var idi. Lakin Ulu Öndər çevik təşkilatçı, zamanın nəbzini tutan rəhbər kimi sübut etdi ki, istək, iradə, vətənpərvərlik və milli təəssübkeşlik hissi olan zaman az müddətdə çox şeyə nail olmaq olar.
Həmin illərdə vəzifəyə təyin etdiyi kadrlardan yalnız bir istək, bir tələbi var idi – insanlara layiqli xidmət! Verdiyi tapşırıqları ciddi nəzarətdə saxlaması, tələbkarlığı hələ o illərdə məmurları daim səylə işləməyə sövq edir, onların məsuliyyətini artırırdı.
İqtisadiyyatı yüksəltmək üçün rüşvətxorluğa, oğurluğa, əliəyriliyə və mənəviyyata zidd digər təzahürlərə qarşı amansız mübarizə aparırdı. Xüsusən də ilk illərdə istehsal və satış obyektlərində reydlər keçirir, işində səhlənkarlığa, məsuliyyətsizliyə, qanundan kənar hallara yol verən məmurları sərt şəkildə cəzalandırırdı. Qısa müddətdə ali məktəblərdə hökm sürən acınacaqlı vəziyyəti də aradan qaldırdı, qəbul prosesində şəffaflığı təmin etdi. 70-ci illərdə ixtisaslı kadr kimi yetişərək indi də dövlət idarəçiliyində mühüm postlar tutan insanlar bu sahədəki prinsipial addımları yaxşı xatırlayırlar. Müasirləşməyə xidmət edən mütərəqqi elm-təhsil islahatları Azərbaycan üçün, eyni zamanda, respublikadan kənarda kadr hazırlığına hesablanmışdı. Bəzi müasir ixtisaslar üzrə Azərbaycanda kadr hazırlığının aparılmadığı bir şəraitdə bu addım son dərəcə əhəmiyyətli idi. Bununla sanki müstəqil Azərbaycanın yüksəkixtisaslı kadrlarla təminatı işinə hazırlıq görülürdü.
Əminliklə deyə bilərəm ki, dahi şəxsiyyət Heydər Əliyev respublikaya birinci rəhbərliyi dövründə əməli fəaliyyəti ilə gələcək müstəqilliyə etibarlı zəmin yaratmağa nail oldu. Müstəqilliyin iqtisadi, siyasi, hüquqi və mənəvi əsaslarını formalaşdırdı. İqtisadiyyatda ciddi keyfiyyət dəyişikliklərini təmin etdi. Azərbaycanı xammal istehsalçısından qabaqcıl texnika və texnologiya ilə təchiz olunmuş sənaye bazasına çevirdi.
Ötən əsrin 70-80-cı illərində şəhərlərin, kəndlərin siması dəyişdi. İnsanların mədəni-intellektual səviyyəsi, mənəvi zənginliyi artdı. Azərbaycan fəhləsinin, kəndlisinin mənafeyi uca tutuldu, onun əməyi yüksək dəyərləndirildi. Müəllimlərin, alimlərin, mədəniyyət işçilərinin sosial müdafiəsi gücləndirildi. Yeni ali məktəblər açıldı, çoxlu sayda orta məktəb, mədəniyyət müəssisəsi istifadəyə verildi. Milli-mənəvi ruh yüksəldi, tarixi ənənələrə, köklərə bağlılıq sürətləndi.
Müasirlik xarakterin əsas məziyyəti, göstəricisidir. Dövlətə rəhbərlik kimi çətin missiyanı üzərinə götürən liderin müasir düşüncəli olması, yeniliklərə can atması, zamanın nəbzini tutması xüsusilə vacibdir. Düşünürəm ki, rəhbər vəzifələrdə çalışdığı bütün zamanlarda Heydər Əliyevin qazandığı möhtəşəm uğurların əsasında bir mühüm amil də dayanırdı: müasirlik və yenilikçilik! Ulu Öndər Heydər Əliyevin rəhbər kimi yeniliklərə can atması onun şəxsi xarakterindən, təşəbbüskarlığından irəli gəlirdi.
İdarəçiliyə yeni ruh, yeni nəfəs gətirən böyük şəxsiyyət 1969-1982-ci illərdə reallığın imkan verdiyindən də yüksək dərəcədə xalqının mənafeyi üçün çalışdı. Düşüncədə müasirliyi, mənəvi planda mühafizəkarlığı, milli kökə bağlılığı ictimai şüura təlqin edirdi. Bununla belə, elmi-texniki, mədəni tərəqqiyə xidmət edən proqramların həyata keçirilməsində, texnologiyaların tətbiqində yenilikçi, islahatçı idi.
1978-ci ildə Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin ana dili kimi göstərilməsi də Ulu Öndərin tarixi xidmətlərindən biri idi. Onun bu məsələdəki israrlı tələb və təkliflərini Moskva da heç cür qulaqardına vura bilməmişdi. Bu qətiyyətli qərardan sonra ana dilini inkişaf etdirmək, televiziya, mətbuat, kino və teatr quruculuğunda milli dilin tətbiqini gücləndirmək asanlaşdı. Onun bilavasitə himayəsi ilə xalqımızın tarixi qəhrəmanlıq keçmişini əks etdirən filmlər kinomuzun əsas mövzusuna çevrildi. “Nəsimi”, “Babək”, “Dəli Kür”, “Dədə Qorqud” kimi filmlər gəncliyin milli ruhda tərbiyəsində, sonralar kütləvi surətdə müstəqillik hərəkatına qoşulmasında böyük rol oynadı.
Qürur hissi ilə deyə bilərəm ki, dahi rəhbərin qətiyyətinin, prinsipiallığının, millət sevgisinin əyani təcəssümü olan bir hadisənin də canlı şahidlərindənəm. 1937-ci ildə repressiyaya məruz qalaraq Sibirə sürgün olunmuş görkəmli dramaturq Hüseyn Cavidin nəşi məhz Heydər Əliyevin əzmkar mübarizəsinin təntənəsi kimi Uzaq Sibirdən gətirilərək Naxçıvanda torpağa tapşırıldı. Həmin vaxt Culfa rayonunun birinci katibi vəzifəsində işləyirdim. Bu müdrik addımın ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılandığını görərək fəxarət hissi keçirmişdim. Bu həm də xalqda milli kimlik və özünüdərk hisslərinin gücləndirilməsi istiqamətində aparılan incə siyasətin mahiyyətindən irəli gəlirdi.
Əsl lider zaman və məkandan asılı olmayaraq, hər zaman xalqını düşünür, onun taleyinə qətiyyən biganə qalmır. 1982-ci illərdə onun Sov.İKP MK-nın Büro üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi yüksək vəzifələrə irəli çəkilməsi xalqımızın qürur və fəxarətinə çevrilən bir hadisə oldu. O, təkcə azərbaycanlıların deyil, ümumən keçmiş ittifaqın türk və müsəlman kökənli xalqlarının Kremldə parlayan ulduzuna çevrildi.
Böyük Öndər kifayət qədər yüksək və məsuliyyətli vəzifədə də qətiyyən xalqını unutmadı. Əslində, o, ittifaqa daxil olan 15 respublikanın hər birinə eyni nəzərlərlə baxmalı idi. Bu respublikaların sosial inkişafı üçün ona həvalə edilmiş vəzifələri layiqincə gerçəkləşdirirdi. Amma Azərbaycanın yeri onun üçün bir ayrı idi. Heydər Əliyev hər fürsətdə Azərbaycana yardımları artırırdı. Ölkəmizin kənd və qəsəbələrində sosial infrastrukturun inkişafına dəstək verirdi. Hətta, yeri gələndə, ondan sonra Azərbaycana rəhbərlik edən kadrlarını ölkənin inkişafı naminə mərkəz qarşısında təşəbbüslərə də sövq edirdi.
Səriştəli idarəçi olaraq keçmiş SSRİ-nin iqtisadiyyatına da layiqli töhfələrini verirdi. Baykal-Amur magistralı kimi strateji əhəmiyyətli tranzit layihəsi məhz onun rəhbərliyi ilə qısa müddətdə uğurla yekunlaşdırıldı. Sonrakı mərhələdə Kremlin bir tərəfdən Çernobıl faciəsinə, digər tərəfdən ermənilərin Dağlıq Qarabağdakı separatçı addımlarına münasibətdə cəsarətsiz münasibətini kəskin tənqid edən Heydər Əliyevə qarşı açıq hücumlar, təqiblər başladı. Fəqət, xalqın Heydər Əliyevə münasibəti, onun iştirakı ilə yaşanan tarix göstərdi ki, böyük şəxsiyyətlər hər zaman bütün vəzifələrin fövqündədir.
1990-cı ilin 20 Yanvar gecəsi keçmiş sovet ordusunun xalqımıza qarşı törətdiyi qətliamlara etiraz olaraq Ulu Öndər ailə üzvləri ilə birgə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəldi. Keçirdiyi mətbuat konfransında dəhşətli cinayətin səbəbkarlarını bütün dünyanın gözləri qarşısında ifşa etməsi sübuta yetirdi ki, xalqın haqq söyləyən səsini batırmaq qətiyyən mümkün deyil. Onun bütün təzyiq və təhdidlərə baxmayaraq, cəsarətli addımlarla yenidən böyük siyasətə qayıdışı ədalətin heç bir maneəyə rəğmən, gec-tez mənzil başına çatacağını göstərdi.
Sonrakı proseslər də orta və yaşlı nəslin yaxşı xatirindədir. Dağlıq Qarabağda erməni separatizminə açıq dəstəyin verilməsi, 1990-cı ilin Qanlı Yanvar hadisəsi göstərdi ki, əslində məqsəd xalqımızı müstəqillik arzusundan çəkindirmək imiş. Bu faciədən sonra imperiyanın əlaltıları şantaj yolu ilə onun Vətənə qayıtmasına imkan vermir, müdafiəsinə qalxanları olmazın təqiblərə məruz qoyurdular. Lakin onu heç nə qorxutmadı. Bütün maneələri dəf edərək, Vətənə, göz açdığı Naxçıvan torpağına qayıtdı.
Həmin dövrdə Naxçıvan Muxtar Respublikası olduqca acınacaqlı vəziyyətdə yaşayırdı. Dahi rəhbər dönüşü ilə blokada şəraitində yaşayan, dözülməz problemləri ilə yalqız qalan naxçıvanlılara ilahi ruh gətirdi. Ümidsizliyə qapılmış insanların qəlbində sanki ümid çırağı yanmağa başladı. 1990-cı ildə Azərbaycan Ali Sovetinə keçirilən seçkilər zamanı naxçıvanlılar Heydər Əliyevi deputat seçdilər.
1991-ci ilin 17 noyabrında Ali Məclisin qərarı ilə müstəqilliyimizin rəmzi olan üçrəngli bayrağımız muxtar respublikanın rəsmi bayrağı kimi qəbul edildi. Naxçıvan İttifaqın qalıb-qalmamasına münasibəti öyrənən səsvermə prosesində iştirakdan imtina edən yeganə məkan oldu. Sovet qoşun hissələrinin muxtar respublikadan çıxarılması, 20 Yanvar faciəsinə siyasi qiymətin verilməsi onun Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətləri idi.
Ən yaxın tariximizə sanballı möhürünü vurmuş Heydər Əliyev dühası təkcə qurucu deyil, həm də xilaskar rəhbər kimi tanınır. 1993-cü ilin əvvəllərində AXC-Müsavat hakimiyyətinin apardığı siyasət Azərbaycanı böyük uçurumla üzləşdirmişdi. Bu cür “münbit” şəraitdən istifadə edən bəzi separatçı qüvvələr ölkəni parçalamaq üçün çirkin oyunlara qoşularaq xarici düşmən qüvvələrin səyləri ilə antidövlət siyasəti həyata keçirirdilər. Vətəndaş müharibəsinin qığılcımları artıq alova çevrilirdi. Nəhayət, 1993-cü ilin iyun ayında Azərbaycanda dövlət idarəolunmaz vəziyyətə gəlib çıxdı. Gəncə hadisələri respublikanın həyatında gedən dağıdıcı proseslərin kulminasiya nöqtəsi oldu.
Respublikanın olum və ya ölüm dilemması qarşısında qaldığı bir şəraitdə çıxılmaz vəziyyətə düşən ovaxtkı “rəhbərlər” Naxçıvana üz tutdular. Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevə Bakıya gəlməsi üçün dəfələrlə müraciət edərək, xüsusi təyyarə göndərdilər. Ulu Öndərin iyunun 9-da Bakıya gəlişini bütün respublika həyəcanla izlədi. İyunun 15-də isə o, Ali Sovetin sədri seçildi. Beləliklə, Azərbaycan xalqı öz taleyini təcrübəli, xalqını sevən, onun arzu və istəkləri ilə yaşayan liderə etibar etdi.
Güvəndiyimiz, taleyimizi etibar etdiyimiz siyasi hakimiyyəti 1993-cü ilin oktyabr ayında – demokratik, azad və şəffaf seçkilər vasitəsilə qurmuşuq. Ümummilli Lider Heydər Əliyevin həmin seçkilərdə dövlətimizin rəhbəri seçilməsi ilə müstəqil Azərbaycanın taleyində tənəzzül, anarxiya və xaos mərhələsindən sabitlik və tərəqqiyə doğru möhkəm körpü salındı. Məhz 1993-2003-cü illərdə Azərbaycan xaos və anarxiya girdabından qurtularaq sabit və davamlı inkişaf yoluna qədəm qoydu. Respublikamızın özünəməxsus tərəqqi yolu, milli inkişaf modeli formalaşdı. Ölkə xaosdan, vətəndaş müharibəsindən, hərc-mərclikdən, dövlətçiliyini itirmək təhlükəsindən qurtuldu. 1994-cü ilin oktyabr, 1995-ci ilin mart hadisələrində Azərbaycan dövlətçiliyi ağır faciələrdən xilas edildi.
Ümummilli Lider siyasi sabitliyi təmin etməklə yanaşı, demokratik dövlət modeli konsepsiyasını da uğurla həyata keçirməyə başladı. 1995-ci ildə ölkə Konstitusiyasının qəbulu hüquqi dövlət quruculuğu prosesinin baza prinsiplərini müəyyənləşdirdi. 1994-cü ildə 20 sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması ölkənin siyasi və iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi yönümündə atılmış mühüm addımlardan biri oldu. Paralel olaraq ölkənin iqtisadi böhrandan azad olunması üçün iqtisadiyyatda struktur islahatları aparıldı, özəlləşdirmə prosesinə başlanıldı. Sahibkarlığın inkişafı məqsədilə ciddi qanunverici baza formalaşdırıldı, müvafiq dövlət proqramları qəbul olundu. Keçmiş SSRİ məkanında ilk dəfə olaraq aqrar sektorda islahatlar həyata keçirildi, torpaq əsl sahibinə kəndliyə qaytarıldı.
Əslində bu prosesə o, Naxçıvandan başlamışdı: 1992-ci ildə Naxçıvan Ali Məclisinə rəhbərlik edərkən Heydər Əliyev kolxoz-sovxoz sisteminin xüsusi mülkiyyətə keçirilməsi ilə bağlı qərar qəbul etmişdi. Bu, ümumilikdə ittifaq miqyasında kənd təsərrüfatında ümumi mülkiyyətçiliyin ləğvinə dair ilk təşəbbüslərdən idi. Ulu Öndərin səyi nəticəsində Azərbaycan kəndlisi bazar iqtisadiyyatı dövründə sahibkarlıq təfəkkürünə yiyələndi, torpağına sahibliyi ilə öz ruzisini halallıqla əldə etməyi öyrəndi.
Milli-mənəvi kökə, dəyərlərə qayıdış da diqqətdən kənarda qalmadı. Müstəqilliyin möhkəmləndirilməsi naminə elm və təhsilin inkişafı, milli-mənəvi irsin qorunması istiqamətində kompleks tədbirlər görüldü. Ulu Öndər dünyanın qədim böyük türk eposu “Kitabi-Dədə Qorqud”un 1300 illiyini bütün dünyada keçirməyə nail oldu. Bir tərəfdən dastanın Azərbaycan hadisəsi olduğunu sübut etdi, digər tərəfdən dünya türklərini dastan ətrafında toplayaraq birliyi gücləndirdi. Məhz onun müdrikliyi, böyük uzaqgörənliyi sayəsində dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illiyi bütün dünyada qeyd olundu. Azərbaycan dilinin, musiqisinin, incəsənətinin inkişafı, ən başlıcası azərbaycançılıq ideologiyasının möhkəmlənməsi məqsədilə tədbirlər həyata keçirildi. Diaspor quruculuğu, dünya azərbaycanlılarının milli-mənəvi birliyinin təmin edilməsi, habelə balanslaşdırılmış xarici siyasət kursunun təmin edilməsi – bütün bunlar Ulu Öndərin müstəqil Azərbaycan qarşısındakı tarixi xidmətlərinin çox az qismidir.
Bu gün qürur hissi ilə deyə bilərəm ki, Azərbaycanı həqiqi müstəqilliyə qovuşduran Heydər Əliyevin ideyalarını layiqincə davam edən yenilikçi rəhbərimiz var. Prezident İlham Əliyev son 17 ildə Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində saysız-hesabsız addımlar atıb. Ötən illərdə Azərbaycanın qazandığı ən sanballı uğuru bölgədə və regionda heç bir dövlətdən asılı olmayan müstəqil siyasət yürütməsidir.
Vətəndaşını düşünən, onun rifahı üçün çalışan hakimiyyətin ictimai dayaqları hər zaman möhkəm olur. 2018-ci ilin 11 aprel seçkilərindən sonra geniş miqyas alan islahatlar insan amilinin daxili siyasətimizdə necə üstün yerdə olduğunu göstərdi. Dövlətin xalqa layiqli xidmət missiyası tam mahiyyəti ilə gerçəkləşdi. Vətəndaşların dövlətinə, onun rəhbərinə etimadı daha da güclənib. İctimai rəyə həssas münasibət əsasında son 2 ildə bütövlükdə cəmiyyətin maraqlarını ifadə edən onlarla sosial layihə reallaşıb. Cənab İlham Əliyev bu islahatlara şəxsən müəlliflik edərək xalqın istisnasız etimad ünvanı olduğunu bir daha təsdiqləyib.
Dövlətimizin rəhbəri insan hüquq və azadlıqlarının təmini, demokratik proseslərin dərinləşdirilməsi istiqamətində də qətiyyətli addımlar atır. Bununla da demokratiya “hayqırtıları” ilə bizə təsir göstərmək istəyən dövlətlərə öz yerini göstərərək nümayiş etdirir ki, əsl demokratiya təkamül yolu ilə, tədricən bərqərar olunur. Azərbaycan iqtisadi cəhətdən inkişaf etdikcə, qanunçuluq möhkəmlənir, şəffaflıq artır. Yaşayış səviyyəsi, maddi rifah halı yüksələn insanlar açıq və şəffaf cəmiyyət quruculuğunun mahiyyətini dərk etməyə başlayırlar.
Ədalət hər bir cəmiyyətin mənəvi-hüquqi sütunu, məhək daşıdır. Biz bu gün həm də onunla qürur duyuruq ki, Heydər Əliyevin yolunu davam etdirən ədalətli liderimiz var. Cənab İlham Əliyev bütün proseslərdə hər bir vətəndaşın layiqli prezidenti olduğunu sübuta yetirir.
Dövlətin güc və qüdrətini, Prezidentin həssas yanaşma və diqqətini qabarıq duyan vətəndaşlarımız gələcəyə inamla baxır, hər bir çətin şəraitdə özünü güvənli hesab edir.
Bu, həm də Heydər Əliyev ideyalarının təntənəsi, zəfəridir…
Fəttah HEYDƏROV,
Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin komissiya sədri

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR