El ağsaqqalları ölkə başçısına məktub ünvanlayırlar

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Fəttah Heydərovdan, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident.
Bu gün Siz dünyanı bürümüş koronavirus pandemiyasına qarşı mübarizə sahəsində yorulmadan fəaliyyət göstərirsiniz. Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması, ölkəmizdə karantin rejiminin tətbiq edilməsi, sərhədlərin bağlanması, dövlət dəstəyi proqramlarının hazırlanması və onların icrası üçün lazımi vəsaitin ayrılması, tez bir zamanda Azərbaycanda maska istehsalı müəssisəsinin yaradılması, koronavirusa yoluxmuş xəstələrin müalicəsinin səmərəli təşkili məqsədilə modul tipli xəstəxanaların quraşdırılması, bir sözlə, pandemiya ilə mübarizə çərçivəsində atdığınız bütün qətiyyətli və humanist addımlar xalqımızın bu bəladan minimum zərərlə xilas olacağına böyük əminlik yaradır.
Hər bir vətəndaşımızın, xüsusilə də yaşlı insanlarımızın sağlamlığını, rifahını düşünərək həyata keçirdiyiniz bu tədbirlər, yorulmaz fəaliyyətiniz hamı kimi, biz ağsaqqallarda da möhtəşəm qürur hissi yaradır, Sizin daim xalqımızın yanında olduğunuzu sübut edir. Hazırda respublikamızın bütün ağsaqqalları, xüsusilə də yetişməkdə olan gənc nəsil də bu fikirdə yekdildirlər ki, Siz ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı olaraq Azərbaycanın ən vətənpərvər, ən mərhəmətli, ən qətiyyətli və ən müdrik rəhbərisiniz.
Möhtərəm cənab Prezident, qısa müddət ərzində bütün qurumları səfərbər edərək, vətəndaşlarımızın bu xəstəlikdən etibarlı müdafiəsini təşkil etmək üçün həyata keçirdiyiniz təsirli və qabaqlayıcı tədbirlər ölkə ictimaiyyəti ilə yanaşı, bir çox dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən də böyük rəğbətlə qarşılanır. Elə bu günlərdə Sizin təşəbbüsünüz və yüksək təşkilatçılığınızla Türk Şurasının videokonfrans vasitəsilə keçirilən və koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunan fövqəladə Zirvə görüşü bizə Dədə Qorqud dastanında deyildiyi kimi, el obanı şad gündə şənliyə, dar gündə təhlükəyə qarşı mübarizəyə, birliyə səsləmək üçün qalanan tonqalları xatırlatdı. Sizin sayənizdə dünya xalqları bir daha şahidi oldular ki, yurdumuzun ocağı hər zaman gur yanır. Qədim tarixlərdən və qardaşlıq əlaqələrindən güc alan türkdilli dövlətlər yaxşı günlərində də, dar günlərində də daim birlikdədirlər, bir-birilərinə dayaqdırlar.
Hörmətli cənab Prezident, bütün xalqımız kimi, biz ağsaqqallar da Sizin və bu çətin günlərdə insanlara doğma ana, bacı kimi can yandıran Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər birimizə olan daimi diqqət və qayğısını yüksək qiymətləndirir, ölkə vətəndaşlarının sağlamlığının qorunması üçün yorulmadan həyata keçirdiyiniz fədakar fəaliyyətinizi, apardığınız qətiyyətli siyasəti ürəkdən bəyənərək və dəstəkləyərək, bu şərəfli və məsuliyyətli işinizdə Sizə uğurlar diləyirik. Biz əminik ki, Azərbaycan bundan sonra da Sizin rəhbərliyinizlə bütün bəlalardan qorunaraq əmin-amanlıq şəraitində inamlı inkişaf yolu ilə gedəcək, müdrik, düşünülmüş və uzaqgörən siyasətiniz yeni-yeni uğurlara imza atmaqla ölkəmizi daha xoşbəxt və sağlam gələcəyə qovuşduracaqdır.
Allah Sizi və Azərbaycan xalqını qorusun.
Dərin Hörmətlə,
Heydərov Fəttah, Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı.
Azərbaycan Respublikası, Bakı şəhəri.
———————————————————————-
İsa Əhmədovdan, Zaqatala, Azərbaycan
Möhtərəm cənab Prezident.
Son vaxtlar dünyada geniş vüsət almış koronavirus pandemiyasının Azərbaycanda yayılmasının qarşısının alınması, ölkəmizin, xalqımızın pandemiya ilə mübarizədən qalib çıxması üçün tərəfinizdən görülən qabaqlayıcı tədbirlər biz ağsaqqallar tərəfindən də rəğbətlə qarşılanır. Siz ilk günlərdən bütün qüvvələri səfərbər edərək mümkün tədbirləri həyata keçirdiniz, hər zaman olduğu kimi, bu çətin anda da vətəndaşların yanında, onların xidmətində oldunuz. Bu çətin günlərdə dövlətimiz, xalqımız üçün gördüyünüz işlər, göstərdiyiniz fədakarlıq, yorulmaz fəaliyyətiniz bizi daha da ruhlandırır. Bu gün Azərbaycanda koronavirusa qarşı aparılan mübarizə tədbirləri, həyata keçirilən siyasət bir sıra ölkələr üçün nümunədir. Bəşəriyyəti bürüyən bu bəladan qorunmaq üçün xalqa etdiyiniz müraciətləriniz, qısa müddət ərzində ölkəmizdə 14 laboratoriyanın fəaliyyətə başlaması, “Yeni klinika” tibb müəssisəsinin istifadəyə verilməsi, tibbi maska istehsal edən müəssisənin açılışı, sosial paketin həyata keçirilməsi üçün böyük həcmdə maliyyə vəsaitinin ayrılması sübut etdi ki, ölkəmizdə bütün lazımi addımlar ən yüksək səviyyədə atılır. Biz ağsaqqallar da dövlətimizə, onun gücünə, gördüyünüz işlərə fərdi məsuliyyətimizlə dəstək olacaq, bəşəriyyəti bürüyən bu bəladan uğurla çıxacağıq. Azərbaycan xalqının sağlamlığının qorunmasına xidmət edən fəaliyyətinizə görə Sizə dərin təşəkkürümüzü bildirir, möhkəm cansağlığı arzu edirik.
Hörmətlə,
Zaqatala rayon ağsaqqalı İsa Əhmədov
Azərbaycan Respublikası, Zaqatala rayonu.
———————————————————————-
Yaşar Zamanovdan, Bərdə, Azərbaycan
Hörmətli cənab Prezident.
Koronavirus infeksiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması üçün Sizin rəhbərliyinizlə Azərbaycan hökuməti tərəfindən həyata keçirilən operativ və qabaqlayıcı tədbirlər nəticəsində bu xəstəliyin ölkəmizdə geniş yayılmasının qarşısının alınmasında uğurlu nəticələrə nail olunmuşdur ki, bu da dünyanın ən inkişaf etmiş ölkələri üçün nümunədir. Bu xəstəliyin yayılması ilə əlaqədar bütün ölkələrin, o cümlədən dövlətimizin də maliyyə itkilərinə məruz qalmasına baxmayaraq, hər zaman olduğu kimi, bu ağır günlərdə də Sizin Azərbaycan vətəndaşına, Azərbaycan sahibkarlarına göstərdiyiniz diqqət və qayğı bir daha təsdiqlədi ki, ümummilli liderimiz Heydər Əliyev dühasının layiqli davamçısı olaraq əsas məramınız yalnız Azərbaycan dövlətinin və onun vətəndaşının mənafeyidir.
Bütün bunlara görə Bərdə Rayon Ağsaqqallar Şurasının üzvləri, həmçinin bütün bərdəlilər adından Sizə təşəkkürümüzü bildirir və gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq.
Möhtərəm Prezidentimiz, Sizə inamımız böyük və sonsuzdur.
Hörmətlə,
Zamanov Yaşar, Bərdə Rayon Ağsaqqallar Şurasının sədri.
Azərbaycan Respublikası, Bərdə rayonu.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR