Qadın –  sevgi və şəfqət qaynağıdı…. Mələk Bayramqızının dünyasına səyahət

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

 

Qadın – anadır, qadın – sirrdir, qadın – ailədir, qadın – nənədir, qadın – zənginlikdir, qadın – iffətdir, qadın – cənnətdir, qadın-ocaq nuru, yuva işığıdır.

Hər bir kəsin ana şəfqətinə, ana əlinə ehtiyacı olduğu bu kainatın kiçik bir bucağı olan cənnətməkan Azərbaycanda bir ana da var. Mələk ana!

Onu virtual tanıyıram. Qaxlıların doğması olduğunu gözəl nəvəsi Aytənin söhbətindən bilmişəm. Məmmədova Mələk Bayram qızı 09 iyun 1949-cu ildə Qərbi Azərbaycanın Vedi rayonu Şidil kəndində ziyalı ailəsində anadan olub.  1965-ci ildə gəncliyin coşğun pərvazında eşq ilahəsinin xeyir-duasıyla ziyalı, hörmətli bir gənc olan aqronom Qurban Məmmədovla ailə həyatı qurur. Bu gözəl nigahdan 5 övlad dünyaya gəlir. 1984-cü ildə iş ilə əlaqədar ailə Azərbaycanın cənnətmisallı yurduna, Qax rayonuna köçməli olur. Və Mələk xanım 13 saylı Uşaq Bağçasında ixtisasına uyğun olaraq müdir vəzifəsində çalışmağa başlayır. 4 il burda çalışan Mələk xanım qaxlılarla mehribanlaşır və özünə doğmalar qazanaraq, ürəklərdə yer alıır. 1988-ci ildə ailəsi ilə Bakıya köçən  Mələk xanım artıq burda əbədi məskunlaşır. 

İbadətindən qalmayan, milli-mənəvi dəyərləri özündə ehtiva edən kələğayılı Mələk anaya Həcc ziyarəti nəsib olur. 2009-cu ildə Həccə gedir. İmanın yolu onun ruhunu saflaşdırdıqca, qəlbinin istəyi onu ziyarətlərə götürür. 2010-cu ildə Kərbəlaya, Məşhədə, xanım Zeynəbin ziyarətlərində olur. Təqaüdə çıxan Mələk xanım sevimli həyat yoldaşını itirdikdən sonra daha çox qələm-kağıza sarılır. Yurd həsrəti, gənclik harayı, itən sevgisi onun qəlbində söz vulkanı yaradır və bu vulkan püskürüb vərəqlərə axıb töküldükcə, kitablara çevrildikcə ruhu sakitləşir,  ürəyinə azca su çilənmiş kimi ürəyini ovudur. Onun “Könlüm Vətən arzular” şeiri də bunu ehtiva edir. Uzaqdan, üfüqlərdən boylanan gənc bir Mələk düşmən əlində olan yurddan ona əl sallayıb nigaran məzarların iniltisini yetirir. Orda keçirdiyi gəncliyinin şaqraq səsləri qulağında səsləndikcə, qəlbinə sanki xəncər saplanırmış kimi, boğazına qəhər düyünü vurur. Bunun fövqündə şeir yaranır, əsər yaranır.

İllər keçdikcə söz bazası su anbarı kimi dolur, daşır, köksə sığmır və Mələk xanım növbəti kitabını müqəddəs tutduğu , ömür-gün yoldaşı Qurban kişiyə həsr edir. Gənclik sevgisindən ahıl tininə gələn, dəyişməyən, hər zaman təravətli və müqəddəs saxladığı sevginin rəngini, ruhunu,  pıçıltısını, nisgilini “Demə ayrılığa dözür Mələyin” adlı kitabına yığır.

Mələk ananın gözəl övladları, gözəl nəvələri var. Oğlu Ələsgər 23 ildir ki, dövlət qulluğundadır. Ədliyyə Nazirliyində hərbi qulluqçu kimi vətən xidmətindən qürur duyur. 1988-ci ildən bu yana Azərbaycanın başına gələn bütün müsibətlərin şahidi olan Mələk ana dualarında Azərbaycanın rifahda olmasını, xalqın sakit, xoşbəxt yaşamasını, itirilmiş torpaqların geri qayıtmasını uca Allahdan diləyir. O deyir ki, Allah prezidentimizə cansağlığı versin. Biz bu gün sakit, sabit, terrorsuz ölkədə yaşayırıq. “Uşaqlarımız rahat gəzib dolanır, rahat oxuyurlar. Çiçəklənən yurdumuzda hər şey gözəldir. Bircə mənfur düşmən torpağımızdan çəkilsə, Qarabağımız qayıtsa, başqa heç bir problemimiz qalmır. Hər gün yeni iş yerləri açılır. Hər bir gəncə dövlət tərəfindən qayğı, diqqət var, onların gələcəyi üçün şərait var. Biz də möhtərəm prezidentimizə və birinci xanımımıza dəstək verməliyik, gənclərin doğru yolla getməsinə təkan verməliyik”.

Mələk ana bu gün də qələmi yerə qoymur. Azərbaycan qadınının bütün məziyyətlərini özündə cəmləyən bu gözəl Azərbaycan qadınına Allahdan can sağlığı diləyir, nurlu üzünə sevinc nəsib olsun,- deyirik. Qələmi həmişə gözəlliyi tərənnüm etsin, vüsaldan danışsın, oba şənliyindən, yurddaş şadlığından söz açsın.

Amin!

Mələk Bayramqızının  şeir kitabından

     

P. S. Bu yaxınlarda Mələk Bayramqızı ilə geniş müsahibəm olacaq.

Sevgiylə, 

Şərafət Şəfa

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR