Həyati reallığı tam əks etdirən güzgü- “İkinci pərdə”..

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

Və ya bir gəncin efirdən hayqırtısı…

Həyatlar müxtəlif, zövqlər fərqli, düşüncələr prizmaya bağlı. İnsanların yaşam tərzi bu yöndə. Bəzən həyatda elə şeylər baş verir ki, insan onları düşünməkdən belə yan qaçır, hətta əlinin hərəkətilə onu beyninə yaxın gəlməkdən uzaqlaşdırır, qovur. Bunun sadəcə bir adı var. Dəhşət! Təəəsüf ki, bu dəhşətləri yaşayan neçə-neçə ailələr, neçə-neçə məhv olan həyatlar var.

Emil Quliyev gənc istedaddır. Onun barəsində elə də yaxşı bilmirəm. Lakin Emili (oğlum yaşında olduğu üçün belə xitab edə bilərəm) “İkinci pərdə”də daha yaxşı tanıdım. Bütün insani duyğuların, ən neqativindən ən amadəsinə qədər tam dolğunluğu ilə verdiyi bu film onun sözə, insanlığa, dostluğa, yaşam üçün nə varsa hamısına vurduğu yaradıcı möhrüdü. Bu əsər heç bir etik norma gözləmədən, tam dolğunluğu ilə həyatımızdan, olduğu kimi çəkilib. Bütün jestlər, danışıqlar reallığı əks etdirib. Təbii ki, buna ağız büzənlər də olacaq, redaktəvi rəng vuran da, qısqanan da… Amma həqiqət olduğu kimidir! Həqiqət bu filmdir! Həqiqət orda yaşanandı! Cəmiyyətin biganəliiyindən doğan, bütün müqəddəs şeyləri bayağılaşdırıb məfhumları öldürərək Emil kimi bir gənci hayqırtandı həqiqət ! Bir gəncin kiçik ürəyində doğulan böyük bir əsərdir “İkinci pərdə”. Böyük filosof Robindranat Taqor deyir ki, insanın ölümsüz, tükənməz olan özlüyü-mahiyyətidir. Biz onu yaşadığımız duyğularla, bir də çəkdiyimiz əməklə qavraya bilərik. Bununla da, bizim adlaya bilmədiyimiz çevrələrdən qırağa çıxmağı bacaran üstün insanı anlamağa başlayırıq. Elmi baxışlar, ayrı-ayrı kimsələrin qavramlarında qapanıb qalmır, dünyanın, ayrıca kimsələrdən yox, hamıdan asılı olan gercəklərini arayıb-öyrənir. Din isə, ayrı-ayrı kimsələrdən asılı olmayan gerçəkliyi qavrayaraq, bizim bir az da dərində olan ehtiyaclarımızla bu gerçəklik arasında bağlılıq yaradır; dini inancların yardımı ilə qavradığımız gerçəklik, təkcə bizim yox, bəlli bir çoxluğun inandığı dəyərlərə çevrilir. Bu dəyərləri qorumaq üçün isə Emil Quliyev kimi insanlara çox böyük ehtiyac var. Eynşteyn deyir ki, gerçəklikləri sözlə anlatmaq, doğrultmaq olmur. Biz gerçəkliyi qavraya bilməyi, ancaq universal insanın obyektivliyinə bağlayırıq, yalnız onun bacaracağı bir iş sayırıq. Yəni varlığımızdan, sınaqlarımızdan, anlağımızdan, istəklərimizdən asılı olmayan gerçəkliklər vardır, ancaq biz bunun nədən belə olduğunu sözlə anlatmaq gücündə deyilik. Bunu çox insan bacarmır…Və bir gəncimiz bunu bacardı! Olduğu kimi, rəngsiz, makiyajsız, maskasız həqiqəti şillə kimi çırpdı cəmiyyətin üzünə. Bu bizik! Burdakı bütün hadisələri yaradanlar da bizik! 

Bu film iynə kimi damara girib, sürətlə qana qarışıb, ürəkdən süzülərək böyük acı yaşadır, insanın tükünü qabardır  və ən əsası da olayların dəhşətli mənzərəsini verir. Filmdə çəkilmiş aktyorların peşəkarlığı da filmin çəkisini daha da artırır. Bütün aktyor seçimi, mükəmməllikdən xəbər verir. Nəhayət ki, ekranda əsl sənət işi yer aldı. Baş rolda oynayan Hikmət Rəhimov isə öz rolunu o qədər duyğulu oynayır ki, bir anlıq onun ürəyinin dayanacağını sandım.

Emil Quliyevin bu, acı həqiqət filmini, bayağı, gic-gic komediyalara bir növ cavab olaraq gördüm. Bu mənim sübyektiv fikrimdi. Yuxarıda da vurğuladım ki, hərə öz prizmasından baxır. Emil Quliyev sosial şəbəkədəki səhifəsində gözəl bir status buraxıb. Elə özünün təbirincə desəm, “Kino və teatr hər şeydən əvvəl yaradıcı, ümumdünyəvi məna daşıyan və tamaşaçı ilə dərindən təmas quran incəsənət formalarıdır. Biz hər bir obrazı canlandırarkən, yazarkən və ya göstərərkən onun daxili dünyasını bütünlüklə analiz edirik, anlayırıq, sevirik və ortalığa çıxardırıq. Bizim sənətimiz yaratdığımız obrazları tamaşaçıya ötürməkdir. Hər bir obraz özünəməxsus formada, yaşadığı dövrə və mühitə uyğun bir şəkildə bizim tərəfimizdən tamaşaçıya təqdim olunur. Təqdim edərkən biz yaradıcı gücümüz ilə tam azad şəkildə, heç bir qadağa olmadan sənət ilə məşğul oluruq”.

Əziz oğlum! Bəlkə də çoxları qadınlığıma görə məni qınayacaq ki, belə bir filmə baxmışam. Amma mən, üstün bir gəncin etikadan kənar filminə deyil, əsl həyat filminə baxdım. Və bu film mənə o qədər dərindən təsir etdi ki, artıq üçüncü dəfədir baxıram. Bu filmdə çoxlu sətiraltı mənalar var, bu filmdə itmiş dostluğun solğun məzarı, itmiş insanlığın can verən, inləyən  vücudunun mərhəmət gözləyən baxışları var. Bu film od düşmüş laləzarın kösövlənmiş bağrına bənzəyir. Bu laləzarın yenidən doğulması, yenidən gözəlləşməsi üçün İNSANLIĞIN yenidən doğulması gərəkdir!

Mən bu filmdə çəkilən, əməyi olan hər bir kəsi alqışlayır, sizlərə sənət uğurları  arzulayıram!

 

Sevgi və ehtiramla,

Şərafət Şəfa

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR