Ramin Əhmədov:”31 mart -təkcə azərbaycanlıların deyil, bütün Türk dünyasının soyqırım günüdür”
“31 mart- Vəhşət günü kimi Azərbaycan tarixinin qanlı səhifəsinə yazılıb. Bu günü unutmaq gələcəyi itirmək deməkdir!”.
Bu sözləri “Türk dünyası ağsaqqalları” qəzetinin baş redaktoru Ramin Əhmədov Agsaqqqallar.az saytına açıqlamasında deyib. O, bildirib ki, bütün anım günlərində rəhbəri olduğu qəzetin əməkdaşları şəhidlərin xatirəsini yad edir, şəhid məzarlıqlarını ziyarət edirlər.
“Terrorizm elə bir bəladır ki, ondan qurtarmaq qeyri-mümkündür. Məkrli insanların bədənində yaşayan “terror mikrobu” nəsildən nəsilə ötürülür və bu mikrob yaşadıqca dinc insanlar əziyyət çəkirlər. Biz birmənalı olaraq terroru pisləyir, onu törədənləri lənətləyirik! Azərbaycanlılara qarşı törədilən soyqırım Bakı ilə yanaşı, Şamaxı, Quba, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan və Qars bölgələrini də əhatə etdi. 1918-ci ilin ilk beş ayı ərzində təkcə Qubada xüsusi vəhşiliklə 16 mindən artıq insan öldürüldü. Ermənilər, həmçinin Qubada yaşayan yerli yəhudi və ləzgilərə qarşı qətliam törətdilər. 1918-ci ilin mart-aprel aylarında Bakıda, Şamaxıda, Qubada, Muğanda və Lənkəranda ermənilər tərəfindən 50 000 azərbaycanlı qətlə yetirilib, evləri qarət edilib, on minlərlə şəxs evlərindən qovulub, təkcə Bakıda 30 000 nəfər xüsusi qəddarlıqla qətlə yetirilib. Bu dəhşətli bir tarixi faktdır ki, Azərbaycan xalqı heç zaman bunu unutmayacaq!”.
R. Əhmədov onu da qeyd edib ki, 2007-ci ildə Quba rayonu ərazisində aşkar olunmuş kütləvi məzarlıqda ilk araşdırma aparan jurnalistlərdən olub. “Bu kütləvi məzarlıq ermənilərin törətdiyi qeyri-insani əməllərin əyani sübutunu təşkil edir. Bu barədə məzarda araşdırma aparan tarixçi alimimiz Qəhrəman Ağayevlə söhbətimizdə o, insanlara verilən bu cür zülmün yalnız ermənilərin törədə biləcəyini vurğuladı. Mən bütün xalqımıza, eləcə də terrordan əziyyət çəkən türk ellərinə başsağlığı verirəm. Bu təkcə azərbaycanlıların deyil, bütün türk dünyasının soyqırım günüdür”-deyə R. Əhmədov vurğulayıb.