Fəttah Heydərov xalqımızı Novruz bayramı münasibətilə təbrik edir
Əziz həmvətənlər, əziz dünya azərbaycanlıları və türk elləri!
Bayramlar içində müqəddəs və qədim, ən əziz, ən doğma, ən sevimli bir bayram – Novruz bayramı yurdumuza təşrif buyurdu! Uzun illər taleyinə ağrı-acı düşən, lakin heç vaxt unudulmayan bu bayram bizim milli bayramımızdır.
Təbiətin, həyatın oyanması Novruzdan başlanır. Azərbaycan xalqı bunu çox təntənəli və həm də hələ bir ay əvvəldən qeyd etməyə başlayır. Novruz bayramı halallıq, təmizlik bayramıdır, birlik bayramıdır. Novruza bir ay qalmış adamlar dörd çərşənbə axşamını qeyd edirlər. Bu çərşənbələrin hər biri yaşam üçün vacib olan dörd nüansdan birinə – od, torpaq, su və havaya həsr olunur. Bu da Novruzun dünyanın ən qədim, ən müdrik bayramlarından biri olduğunu göstərir. Yurdumuzda Novruz çərşənbələri də çox təntənə ilə qeyd olunur. Bu bayramda küsülülər barışır, insanlar bir araya gəlir, elin birlik nəğməsi oxunur. Novruz bayramı- bizim millli irsimizin əsasını təşkil edən folklorumuzun, adət-ənənələrimizin qorunması bayramıdır.
Mən həm öz adımdan, həm də təmsil etdiyim Azərbaycan Ağsaqqallar Şurasının bütün üzvləri adından, təbiəti oyadıb, ətrafı gözəlləşdirən, ürəkləri sevindirən, bayramların ən sevimlisi olan Novruz bayramınızı təbrik edir, hər bir ailəyə, hər ocağa sevinc, bol ruzi, səadət və qələbə sevinci arzulayıram!
Bayramınız mübarək olsun!
Xoş arzularla,
Fəttah Heydərov,
Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili