Azərbaycan Ağsaqqallar Şurasının sədri həmvətənlərimizi Qurban bayramı münasibətilə təbrik edib
Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov həmvətənlərimizi Qurban bayramı münasibətilə təbrik edib:
Əziz həmvətənlər!
Sizi dünya müsəlmanlarının ən əziz bayramlarından biri olan, əsrlər boyu insanları həmrəyliyə, halallığa və paklığa səsləyən müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, xalqımızın və dövlətimizin tərəqqisi, əmin-amanlığı naminə etdiyiniz duaların, kəsdiyiniz qurbanların Allah dərgahında qəbul olunması diləyirəm.
Bu gün ulu öndər Heydər Əliyevin bizə miras qoyduğu tolerant Azərbaycanda möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəqqi, rifah, sülh və sabitlik yoluna sadiq qalaraq, dövlətçilik siyasətində müqəddəs mənəvi dəyərlərə daima yüksək qiymət verir, birlik və qardaşlıq dini olan İslam dininin ümumbəşəri mahiyyətinə böyük hörmətlə yanaşır. Bu səbəbdəndir ki, Azərbaycanda milli-mənəvi həmrəyliyin, saflıq və mərhəmətin təntənəsinə çevrilən Qurban bayramı hər il böyük sevinc və yüksək əhval-ruhiyyə ilə qeyd olunur. Ölkəmizin hər yerində Allahın adına qurbanlar kəsilir, dövlətimizin, xalqımızın sosial-iqtisadi inkişafı və firavanlığı üçün dualar oxunur, şəhid Azərbaycan övladlarının xatirəsi ehtiramla yad edilir.
Siyasi, iqtisadi və maliyyə böhranının, hərbi və silahlı qarşıdurmaların davam etdiyi müasir dünyada bəzi xarici qüvvələrin, qərəzli təşkilatların durmadan antiazərbaycan kampaniyası aparmasına baxmayaraq, ölkəmiz öz inkişaf tempini saxlayır, xalqımız təhlükəsizlik şəraitində yaşayır, respublikamızda sabitlik və tərəqqi hökm sürür. Bu gün xalqımız xöşbəxtdir ki, milli-mənəvi və dini dəyərlərimizin hər birimizin mədəni inkişafında müstəsna rol oynamasında əvəzsiz xidmətləri olan ümummili liderimiz Heydər Əliyevin bu şərəfli missiyasını dövlət başçısı cənab İlham Əliyev böyük uğurla davam etdirir. Müasir Azərbaycanda mütərəqqi islami dəyərlər və adət-ənənələr uca tutulur, cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin, humanizmin, şəfqət və mərhəmət duyğularının təntənəsi hökm sürür. Öz milli və dini dəyərlərinə, tarixi ənənələrinə həmişə sadiq qalmış Azərbaycan xalqı da bütün dünya müsəlmanları ilə həmrəylik göstərərək müqəddəs Qurban bayramını böyük təntənə ilə qeyd edir. İnanıram ki, vətəndaşlarımız sülh, əmin-amanlıq və bərabərlik rəmzi olan Qurban bayramı günlərində olduğu kimi hər zaman mehribanlıq və qardaşlıq tellərinin möhkəmləndirilməsi yolunda daha böyük əzmkarlıq nümayiş etdirəcəklər.
Bir daha hər birinizi, dünyadakı bütün müsəlman bacı və qardaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə Azərbaycan Ağsaqqallar Şurasının çoxsaylı üzvləri adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edir, ailələrinizə səadət, süfrələrinizə xeyir-bərəkət diləyir, Vətənimizin xoşbəxt gələcəyi, xalqımızın rifahı üçün edilən duaların və kəsilən qurbanların Uca Tanrı dərgahında qəbul olunmasını arzu edirəm.
Dərin hörmət və səmimiyyətlə,
Fəttah HEYDƏROV,
Azərbaycan Ağsaqqallar Şurasının sədri,
millət vəkili