Nizami rayonunda yüksək seçici fəallığı müşahidə olundu

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

Səhər saatları olmasına baxmayaraq səsvermə məntəqələrində seçici sıxlığı müşahidə olunurdu.

18 saylı Nərimanov-Nizami seçki dairəsinin 19 saylı məntəqəsində də seçicilər arasında yüksək aktivlik müşahidə olunurdu. Məntəqə sədri Sevinc Nəzərova qeydiyyatda olan 1496 seçicidən 647-nin günorta saatlarınadək artıq səsvermə prosesində iştirak etdiyini bildirdi. Onun sözlərinə görə, məntəqədə səsvermə prosesi 11 yerli, 2 beynəlxalq müşahidəçi tərəfindən izlənilir: “İndiyədək səsvermə prosesində heç bir qanun pozuntusu ilə bağlı şikayət daxil olmayıb. Seçicilər demokratik şəraitdə səsvermə prosesində iştirak edirlər. S. Nəzərova bildirdi ki, səsvermə prosesini iki beynəlxalq müşahidəçi, İnsan Hüquqları Müdafiəsi Fondunun nümayəndələri, Kolbov Valter, Papadimitriou  Tsatsau Anna izləyib. Onlar da səsvermə prosesindən razı qaldıqlarını, seçicilərin fəallığını yüksək qiymətləndirdiklərini söyləyiblər. Məntəqədə səsvermə prosesini izləyən Avciya nümayəndəsi Anar Hüseynov da saat 07:30 radələrindən məntəqədə olduğunu, səsvermə prosesində heç bir qanun pozuntusu qeydə alınmadığını söylədi: “Səsvermə prosesi tam şəffaf keçir. İndiyədək heç bir şikayətin şahidi olmamışıq”.
Müstəqil müşahidəçi Əliyar Əzizov da səsvermə prosesinin demokratik mühitdə keçirildiyini bildirdi. Onun sözlərinə görə, saat 08:00-dan məntəqədə olsa da, heç bir qanun pozuntusu ilə rastlaşmayıb: “Görürsünüz ki, qeyd dəftərim boşdur. Hələki heç bir şikayət olmadığından qanun pozuntusuna dair qeyd də aparmamışam”.
Sosial Demokrat Partiyasının nümayəndəsi Leyla Yaqubova da səsvermə prosesini saat 08:00-dan izlədiyini deyir. Həmsöhbətimiz indiyədək məntəqədə heç bir seçicidən şikayət daxil olmadığını, eləcə də səsvermə prosesində hər hansı qanun pozuntusu ilə rastlaşmadığını söylədi.
Azərbaycan Demokratik Partiyasının məntəqədəki təmsilçisi də səsvermə prosesindən razılığını ifadə etdi. Müşahidəçi Mina Məmmədova səsvermə prosesini izləməyə, məntəqəyə səhər saat 07:30-dan gəldiyini, indiyədək hər hansı qanun pozuntusu ilə rastlaşmadığını söylədi.
18 saylı Nərimanov-Nizami dairə seçki komissiyasının 27 saylı seçki məntəqəsinin sədri İlqar Talıbov da səsvermə prosesinin şəffaf mühitdə davam etdiyini bildirdi. Onun sözlərinə görə, məntəqədə qeydiyyatda olan 1419 seçicidən 9 nəfəri qeydiyyatdan çıxma vəsiqəsi alıb. Saat 14:00-dək isə 868 seçici səsvermə prosesində iştirak edib: “Səsvermə prosesini məntəqdə 19 yerli, 4 beynəlxalq müşahidəçi izləyir. Səsvermə prosesi zamanı heç bir şikayət daxil olmayıb. Səsverməni izləyən beynəlxalq müşahidəçilər, İƏT OİC-in nümayəndəsi Mussinov Askar, Xasanov Cakhongir, eləcə də Kolbou Valter Papadimitrou Anna  da səsvermə prosesindən razılıqlarını ifadə ediblər.
BAXCP nümayəndəsi Aygün Teymurova da səsvermə prosesində seçici fəallığını müşahidə etdiklərini, səsvermə prosesində hər hansı qanun pozuntusuna rast gəlmədiklərini bildirdi. Digər yerli müşahidəçi, Milli QHT Formunun nümayəndəsi Samir Adıgözəlov da səsvermə prosesini saat 08:00-dan izlədiyini, səhər saatlarında xüsusilə seçici fəallığı müşahidə etdiyini bildirdi: “Bu saata qədər səsvermə prosesi tam demokratik şəraitdə davam edib. Heç bir qanun pozuntusunun şahidi olmamışıq. ADP nümayəndəsi Balakişiyeva Qöncə də səsvermə prosesini  izləmək üçün səhər saat 07:30 radələrindən məntəqədə olduğunu bildirdi. Onun sözlərinə görə, səsvermə prosesində heç bir qanun pozuntusu ilə rastlaşmayıb: “Səsvermə çox demokratik şəraitdə davam edir. Seçicilər sərbəst şəkildə səsvermə prosesində iştirak edirlər”.

18 saylı Nərimanov-Nizami dairə seçki komissiyasının 26 saylı məntəqəsində də seçici qələbəliyi vardı. Məntəqə sədri Almaz Əsgərova bildirdi ki, seçicilər yüksək fəallıqla prezident seçkilərində iştirak edirlər: “Bizim məntəqədə qeydiyyatda olan 1388 seçicidən 800 nəfəri artıq saat 14:15 radələrinədək səsvermə hüququndan istifadə edib. Seçicilərə səs vermək üçün demokratik mühit yaradılıb. Müşahidələr də, özünüz gördüyünüz kimi, maneəsiz səsvermə prosesini kənardan müşahidə edirlər”.
Bütöv Azərbaycan Xalq Cəbhəsinin məntəqədəki nümayəndəsi Adilə Cabbarova səsvermə prosesini səhər saat 08:00-dan izlədiyini, heç bir qanun pozuntusuna rast gəlmədiyini söylədi. Digər yerli müşahidəçilər də səsvermə prosesi zamanı heç bir qanun pozuntusunun qeydə alınmadığını, səsvermə prosesinə müdaxilənin şahidi olmadığını bildirdilər.
24 saylı Nizami Birinci Seçki Dairəsinin 9 saylı məntəqəsinə də baş çəkdik.
Öncə məntəqənin qarşısında “Els” Müstəqil Araşdırmalar Mərkəzinin “exit-poll” keçirən əməkdaşı Elxan Temurxanovla həmsöhbət olduq. O,   saat 1420 radələrinə 100-ə yaxın seçicinin “exit-poll”-da iştirak etdiyini söylədi: “Bu məntəqədə səsvermədə xüsusilə saat 12 radələrində yüksək aktivlik vardı. Hətta səhər saat 07:30-da 85 yaşlı qadın səsvermək üçün məntəqənin işə düşməsini gözləyirdi. Biz səsvermədə iştirak edən hər dörd seçicidən birini “exit-poll”-da iştirak etməyə dəvət edirik”.
24 saylı Nizami Birinci Seçki Dairəsinin 9 saylı məntəqəsinin sədri Fəridə Bağırova məntəqədə 1263 seçicidən saat 1437 radələrinə 811-nin səsvermə hüququndan yararlandığını söylədi. O, səsvermə prosesini məntəqədə 15 yerli, 4 xarici müşahidəçinin izlədiyini dedi. F. Bağırova səsvermə prosesində heç bir qanun pozuntusuna dair şikayətin qeydə alınmadığını söylədi.
Yerli müşahidəçilərdən Kamil Əliyev də səsvermə prosesinin şəffaf keçdiyini söylədi.
24 saylı Nizami Birinci Seçki Dairəsinin 10 saylı məntəqəsində də səsvermə prosesində aktivlik müşahidə etdik. Məntəqə rəhbəri bizimlə söhbətdə bildirdi ki, qeydiyyatda olan 1299 seçicidən 825-i öz səsvermə hüququndan istifadə edib. O, 5 nəfərin qeydiyyatdan çıxma vəsiqəsi aldığını bildirdi. Səsvermə prosesini  15 yerli, 5 xarici müşahidəçinin izlədiyini deyən məntəqə sədri heç bir irad bildirilmədiyini vurğuladı: “Səsvermə prosesi şəffaf mühitdə keçirilir. Heç kəs seçicilərin seçiminə müdaxilə etmir”.
ASDP-nin nümayəndəsi Şəhla Ələkbərova da səsvermə prosesini saat 08:00-dan izlədiyini, heç bir qanun pozuntusu ilə rastlaşmadığını söylədi.
Biz məntəqədən çıxdıqda da seçicilər dəstə-dəstə səsvermə məntəqəsinə daxil olur, sərbəst seçim edərək səsvermək hüquqlarından istifadə edirdilər.
Xatırladaq ki, bu gün Azərbaycanda keçirilən prezident seçkilərində 8 namizəd iştirak edir. Bunlar hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev, öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, “Cəbhəçilərin təşəbbüs qrupu” adlı təşəbbüs qrupu tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev və Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur. Dəqiqləşdirilmiş vahid seçici siyahısına əsasən, xaricdəki seçicilər də daxil olmaqla, Azərbaycanda 5 milyon 309 min 434 seçici var. Seçicilərin 50,78 faizi qadın, 49,22 faizi kişidir. Azərbaycanın 32 ölkədə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarında 41 məntəqədə seçki məntəqəsi yaradılıb. Seçkiləri izləmək üçün 894 beynəlxalq, 58 min 175 yerli müşahidəçi akkreditə olunub. ATƏT Parlament Assmableyası, ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, Avropa Şurası Parlament Assambleyası, Müstəqil Dövlətlər Birliyi də daxil olmaqla 60 təşkilat, eləcə də 59 ölkədən beynəlxalq müşahidə missiyaları seçki prosesini izləyir.
Səsvermə prosesi 119 Seçki Dairəsi üzrə 1000 seçki məntəqəsində quraşdırılan veb-kameralar tərəfindən izlənililir.
“Els” Müstəqil Araşdırmalar Mərkəzi, “RƏY” Monitorinq Mərkəzi, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın “Artur Finkelşteyn və Assosiasiya” şirkəti ilə birlikdə və Vətəndaş Cəmiyyəti uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi Fransanın “Opinion Way” təşkilatı ilə birlikdə prezident seçkilərində “exit-poll” keçirir.

Mövqe.az

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR