AĞSAQQAL YOLU– 75

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

 

 

75 illik enişli-yoxuşlu,acılı-şirinli, bir üzü tunc, bir üzü ipək dünyanın təbəddülatlarından keçib gələn, urvatlı, örnək olacaq bir  həyat yolu adlamış Mayıl müəllimi nurlu çöhrəsindəki təbəs­sümsüz təsəvvür etmirəm. İlk baxışdaca duruşunda, baxışında batman bir kişinin mənlik, qürur zənginliyi duyulmaqdadır.

Tanışlıq təəssüratından doğan bu qənaət  aramızdakı ülfət ziyadələşdikcə, bir daha özünü həyati olaraq bariz şəkildə təsdiqlədi. Şəxsi tanışlığımızdan öncə onun imzasını tanımışam.“Türk Dünyası Ağsaqqallari” qəzetində incəsənətimizin səhnə mədəniyyətini  təmsil edən sənət adamları haqqındakı  yazıları marağıma səbəb oldu…

Düşünürəm ki, çoxumuz sərt və sal qayaların “qabar-qabar” olmuş bəzi yerlərində zoğların boy göstərdiyini  müşahidə etməmiş deyilik. Nədir bu? Təbiətin ecaz­karlığı qarşısında əriyən sərtliyin məğ­lu­biy­yə­timi, yoxsa hansısa qüvvənin təzahür forması? Yox, bu yaranışın vəhdətə qovuşması, günəş ziyasına üz tutmaq, yaşam təzahürünün təcəllisidir. İnsan da özünü, həyatın mənasını dərk etdiyi gün­dən enişli-yoxuşlu həyat yolu keçib, özünü sübut et­məyə, təsdiqləməyə çalışır. Hərə bir cür… İnsan da təbiətin bir parçası, yaranışın zərrəsidir. Öz- özlüyündə bir dünyaya dönür. İllər keçdikcə Tanrının ona bəxş etdiyi ömür qismətinin hər anı gözünə, könlünə  köçür.

Təzadlarla üz-üzə, gerçəkliklə göz-gözə acılı-şiri­nli, kədərli-sevincli, sevgili-nifrətli həyat ya­şayır… Beləcə, ömrün yaşanmış məqamları özün­dən uzaqlaşdıqca, tarixləşdikcə bitib-tükənməyən nə­ha­yətsiz çalarlara boyanır.

Təxəyyül və idrak sonsuzluğunda qurub-yarat­maq, yaşayıb-yaşatmaq istəyi süsləyir özünü dərk edən insanın ruhunu, varlığını.

Müdriklərdən birinin “İnsan sirdir, onu aç­maq gərək; əgər bütün ömrünü buna sərf etsən, vaxtımı itir­dim demə” deyimini xatırlayıram. O insanlar ki, var­lığı, enerjisi ədalət ülgüsündən keçir, xeyir bağ­la­­rına dayaqlanır, insanlıq adının ülviliyinə ün­van­la­nır.

Yaşadığımız zaman kəsiyindən arxaya boy­la­nı­ram. Köklü-köməcli bir xalqın ərənləri, zəkaları, dü­­halarının yüksək amalları ülviləşən qüdrəti salam­layır  bizləri.İnsanlıqla yaşıd bir gerçəklik hakim kəsilir dü­şün­­cəmə. Əbədi həyat iksiri xalqın nəhəng, tükən­məyən yaradıcı gücü, mənəvi dünyasıdır. Bu xalq neçə-neçə ərənləri, igidləri, zəka sahib­lərini, neçə-neçə qeyrət mücəssəməsi olan oğulları bö­yüdüb­dür.

Bax, Mayıl müəllim bu dəyərləri gözünə, kön­lünə köçürən bir insandır. Necə deyərlər, bu dəyərlər onda gözəl olur ki, həyata gözəl baxa bilirsən. Allahın ya­rat­dıqları gözəllikləri dəyərləndirə bilib, cəmiyyəti gö­zəl görmək istəyəsən və öz əməlinlə buna can ata­san.

Mayıl müəllimlə bağlı dü­şün­­­cə­lə­ri­mi ilk növbədə  ulu­la­rın təfək­kür  məh­sulu,  söz box­ça­sının   in­ci­si olan  “Elin gö­zü tərəzi­dir”­  de­­yimi­nin  fonunda  bö­lüş­­­mək istərdim. Be­lə de­yir­lər ki, şəx­siy­yətin miq­yasını, onun əhatə dairə­­sini müəy­yən et­mək üçün müdrik in­san­lar universal ölçü vahidi müəy­­yən  edərkən  elin gözünü, elin tərəzi­sini başlıca me­­­yar hesab etmişlər. Belə bir ölçüyə, belə bir meyara uy­­­ğun gələn insanlar görkəmli şəxsiyyət və iste­dad sahib­ləri kimi qiymətləndirilmişdir. Tamamilə mü­bali­ğ­əsiz demək olar ki, həmin şəxsiy­yət­lərdən  biri də  məhz  Mayıl Əliyevdir.

Düşünürəm ki, Mayıl müəllimin ömür yolunu özündə ehtiva edən   bioqrafiyası ilə tanışlıq və bu qısa bioqrafik məlumatın ehtiva etdiyi xronoloji xülasə onun 75 illik ömür  salnaməsinin ştrixlərinə işıq tutan bir vəsilə olar:

Mayıl  Qasım oğlu Əliyev  5 mart 1943-cü ildə Şəmkir rayonunun Əliyaqublu kəndində dünyaya göz açmışdır.

1960-ci ildə həmin kənddəki orta məktəbi bitirmiş və Bakıdakı 1 saylı texniki peşə məktəbinə qəbul olunmuşdur.

1961-ci ildə texniki peşə məktəbini çilingər ixtisası üzrə bitirərək, təyinatla Qazan Mexaniki Zavoduna göndərilmişdir. Bir ildən sonra istehsalatdan ayrılamadan Azərbaycan Politexnik İnstitunun mexanika fakültəsinin axşam şöbəsinə qəbul olunmuşdur.

M.Əliyev 1963-1966-ci illərdə ordu sıralarında həqiqi hərbi xidmətdə olmuş və tərxis olunandan sonra ali təhsilini davam etdirməklə bərabər,  Azərbaycan SSR Tikinti Sənayesi Nazirliyinin Bakı Mərmər Zavodunda işə düzəlmişdir. O, burada mərmər kəsicisi sexin rəisi və baş texnoloq vəzifələrində işləmişdir.

1969-cu ildə təhsilini başa vuraraq mühəndis-mexanik ixtisasına yiyələnmişdir.

M.Əliyev 1981-ci ildə Mərmər Zavodunun baş mühəndisi vəzifəsinə təyin olunmuş və uzun illər ərzində bu müəsisədə səmərəli əmək fəaliyyətində olmuşdur. O, dəfələrlə Moskva və Kiyev şəhərlərində ezamiyyətlərdə olmuş, yeni texnologiyanın tətbiqinə önəm vermişdir. Bakıda və respublikanın əksər bölgələrində inşa olunan buraxılış obyektlərinin üzlük plitələrlə və digər zəruri materiallarla təminatına bilavasitə rəhbərlik etmişdir. Onun rəhbərliyi altında “Gülüstan” Sarayına, Heydər Əliyev Sarayına, metronun “28 May”, “Gənclik”, “Nərimanov”, “Ulduz” stansiyalarına, daha sonra isə “Koroğlu”, “Neftçilər” və “Xalqlar Dostluğu” stansiyalarına lazım olan mərmər və travertin üzlük materillarla keyfiyyətli və vaxtında sifarişçiyə təhvil verilmişdir.

Moskva şəhərindəki daimi nümayəndəliyin binası (indiki Azərbaycan səfirliyinin  binası) və mehmanxanası üçün lazım olan materiallar Bakıdan göndərilmiş və həmçinin Avstraliyadan daxil olan sifarişə görə Naxçıvandan xeyli sayda Buzqov travertin plitələri ixrac edilmişdir ki, bu sahədə də onun xüsusi əməyi olmuşdur.

M.Əliyev inşaat kompleksindəki fasiləsiz və qüsursuz işinə görə dəfələrlə nazirlik və trest rəhbərliyi tərəfindən mükafatlandırılmış, bir sıra fəxri fərmanlarla təltif olunmuşdur.

1972-ci ildə Nərgiz xanımla ailə həyatı qurmuş və bu izdivacdan iki övladları ( bir oğlan, bir qız) dünyaya gəlmişdir. Övladlarının hər ikisi ali təhsillidir.

…Nərgiz xanımın  yüksək musiqi duyumu onu  musiqi təhsili almağa yönəltsə də Azərbaycan Neft və Kimya İnstitutunu bitirmişdir. Mayıl müəllim xəyalən o illərə döndükcə kövrəlir və xəfif təbəssümlə  xanımı ilə tanışlığına və ailə həyatı qurmasına da vəsilə olaraq   onun musiqi ilə bağlılığını söyləyir… Mayıl müəllimin ömür-gün yoldaşı Nərgiz xanım 2007-ci ildə dünyasını dəyişibdir.

2009-cu ildə təqaüdə çıxmışdır.

M.Q.Əliyev 2012-ci ildən Azərbaycan Ağsaqqallar Şurası Nizami rayon şöbəsinin  sədridir.

Zaman-zaman mənəvi dəyərlər  müstəvisində özündə bir ölçü, mizan əxz edən  bir fikri-ritorik sualı  düşüncəmdə təkrarlayıram: məslək və amalı qurub-yaratmaq, öz doğma xalqına, torpağına xidmət etməkdən şərəfli nə ola bilər? Şüurlu həyatını bu yola həsr edənlər təbii ki, əqidə saflığına, iradə möhkəmliyinə, bilik və bacarıqlarına söykənərək addım atırlar. İllərlə öz istək və məramlarını gerçəkləşdirmək üçün imkanlarını səfərbər edən belə insanlar öz məqsəd aydınlıqları ilə də seçilirlər. Mayıl Əliyev məhz belə  kəslərdəndir.

2012–ci ildən üzü bəri Mayıl müəllimin sədr olaraq təmsil etdiyi Ağsaqqallar Şurası Nizami rayon şöbəsinin  rayonun ictimai-siyasi və sosial həyatında da böyük rolu vardır. Belə ki, rayon şurası fəaliyyətində hərbi vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirir. Bu məqsədlə gənclər və yeniyetmələrdə Vətənə məhəbbət hissinin aşılanması üçün vaxtaşırı ümumtəhsil məktəblərində, kolleclərdə və digər yerlərdə görüşlər keçirilir. Bu istiqamətdə rayon rəhbərliyinin Ağsaqqallar Şurasına dəstəyi də təqdirəlayiq haldır.

Bu da bir faktdır ki, bu gün ağsaqqallar milli mənəvi dəyərlərimizin qorunması, saflıq, ədalətlilik kimi yüksək insani keyfiyyətlərin cəmiyyətdə geniş yayılmasını özünün əsas vəzifələrindən hesab edir. Eyni zamanda, gənc nəslin mənəvi və fiziki sağlamlığına diqqət yetirən ağsaqqallar bu istiqamətdə də əzmkarlıq göstərir, müxtəlif layihələr reallaşdırır, görüşlər keçirirlər.Xüsusi olaraq vurğalamaq istərdim ki, Nizami rayonunda ağsaqqallarla gənclər arasında möhkəm bağlılıq mövcuddur. Mütəmadi olaraq Nizami Rayon Ağsaqqallar Şurasının,  Nizami Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman İdarəsinin, və YAP Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə müxtəlif tədbirlər keçirirlər.

Onu da qeyd edək ki,  Mayıl  müəllim 23 may 2014- cü ildə Nizami rayon İH-nin 42-ci sərəncamı ilə “Nizami rayonunun ictimai həyatında fəallığına görə” fəxri fərmanı ilə təltif olunmuşdur.

El ara­sın­da cəmiyyətdə sevilən şəxsiyyət olaraq dəyər verilən  adam haq­­­­­­qın­da be­lə bir deyim var ki, filan­kəs qəni­mət adam­dır. Ağ­­­­saqqal ucalığında olan Mayıl müəllim  özünün şə­rəf­li ömür yolu ilə bu həqi­qə­ti qa­zan­­­mış  bir şəxs­iyyət­dir.

Yüksək mədəniyyətə ma­­­lik, mülayim təbiətli, tə­va­zö­kar, iş­gü­­­zar və məsuliyyətli, eyni za­man­­­da, məqamında qa­­ya kimi sərt bir insan kimi ta­­nınan Mayıl müəl­li­mə necə deyərlər,  Allah hər şeyi öz yerində verib.

İnsanlığı səciyyələndirən belə bir  söz var: gözəl insan. Müdriklərdən biri gözəl insanı üç cəhəti ilə xarakterizə edib: zahiri, dili və qəlbi. Bu üçlüyün vəh­də­ti-insanın  zahiri görünüşü, mənəvi aləmi və ün­siy­yə­ti gözəldirsə, demək o insan gözəl  insandır. Təbii li, gö­zəl insan gözəl əməl  sahibidir.

Mayıl müəllimin  ixtisasca mühəndis olmasına baxmayaraq, ədəbiyyata, incəsənətə böyük marağı var. Bu maraq həm də ötəri yox, istedadla müşayiət olunur. Qeyd etdiyim  kimi onun özündən əvvəl imzasını tanımışam. Hansı ki neçə- neçə oxunaqlı, diqqət çəkən məqalə və publisistik yazıların müəllifidir. Görünür bu istedad  ona necə deyərlər, südlə  ötürülən bir xislətdir. Axı Mayıl müəllimin  Azərbaycan mədəniyyətini layiqincə təmsil etmiş iki sənətkarla qohumluq əlaqəsi vardır. Onlardan biri xalası – Azərbaycan SSR xalq artisti, opera müğənnisi (soprano) Gülxar İbrahim qızı  Həsənova (1918 – 2005), digəri isə xalası oğlu, Azərbaycan kino və teatr aktyoru, Azərbaycanın əməkdar artisti Hamlet Ağadadaş oğlu Qurbanovdur (1940-1995).Onu da deyim ki, Mayıl müəllimin anası Böyükxanım Sultanova Şəmkirin nüfuzlu bəylərindən biri olan İbrahim ağanın ailəsindəki beş övladın ilkidir.

Saf əqidə, xoş niyyətli  Mayıl müəllim gözəl əməl sahibi, gözəl insandır.

Qoca Şərqin  təfəkkür aynasında  işıqlı şəxsiy­yət beş fəzil keyfiyyəti özündə cəmləyir. Bu  beş hik­mət insanın müdriklik və kamillik  məqamını şərt­ləndirir: elm, ədalət, səxavət, səbir və həya. Elmsiz adam tavansız ev kimidir. Ədalətsizlik-mə­c­ra­sından çıxmış çay kimidir. Səxavətsiz insan meyvəsiz ağac kimidir. Sə­bir­siz olmaq işıqsız lampa kimidir. Həyası olmayan in­san duzsuz təam kimi­dir.

Bu hikmət müstəvisində sa­dala­nan insani key­fiyyət­lər(elm, ədalət, səxavət, səbir və həya) müdriklik zirvəsinə apa­ran yoldur ki, Mayıl müəllimin  həyat yolunu  məhz o mənəvi dəyərlər şərtləndirir.

Poetik şəhdi-şirəsi,ağsaqqal olaraq müdriklik zirvəsində qərarlaşan Mayıl müəllimin şəxsiyyət məziyyətlərindən qaynaqlanan “Ağsaqqal yolu” adlı söz çələngimi “75 illik” müdrikliyin və şövqün  ovqatında çoşqu ilə ağsaqqal dostumuza ünvanlayıram:

 

Dünya işığına göz açan andan

Ömür dediyimiz bir yol üstəyik.

Belə xəlq edibdi  Ulu Yaradan,

Təpədən-dırnağa  arzu-istəyik.

 

Ağsaqqal çağında yol gedənlərin

Düşər çöhrəsinə Tanrı işığı.

Ağsaqqal zirvəsi fəth edənlərin

İlahi qüdrətdən nur yaraşığı.

 

Hər kəsin əməli onun  aynası,

Sənin həyat yolun gəncliyə örnək.

Ağsaqqal yolunun  idrak-mayası

Haqqa, həqiqətə  yön olan məslək.

 

Zaman xərcləmisən yetmiş beş illik,

Enişli-yoxuşlu batman bir ömür.

Tapdıq Əlibəyli söyləyir təbrik!

Tanri yazan ömrü gözü dolu sür!

 

Dünyaya gəldiyin günün mübarək!

Fərəhli günlərin sığmasın saya.

Mayıl Qasım oğlu, yüzünü görək!

Ağsaqqal yoluyla nurlansın dünya.

 

Tapdıq  ƏLİBƏYLİ

Azərbaycan Yazıçılar Birliyinin üzvü,

Prezident Təqaüdçüsü

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR