ADAMI İNSANA, KÜTLƏNİ XALQA, TAYFANI MİLLƏTƏ ÇEVİRMƏK ÜÇÜN, ALLAHIM, SƏN MƏNƏ AĞSAQQAL YETİR! (Z.Y)

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

Mətbuata qədəm basdığım gündən, uzun-uzun illərdir ki, bu dəyərli insanı tanıyır, məxsusi hörmət və ehtiram bəsləyirəm. Onun barəsində yazmaq ağır və həddimdə olmasa da, bu gün yubileyini təbrik etmək istədim bu kiçik yazımla! Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov o qədər böyük və alicənab bir şəxsiyyətdir ki, insan bilmir onu necə, hansı sözlərlə tərənnüm etsin. Həm güclü siyasətçi, həm uzaqgörən müdrik dövlət xadimi, həm də böyük vətəndaş, milli xüsusiyyətləri özündə birləşdirən, öz xalqını vətənini əsl övlad məhəbbəti ilə sevən, şüurlu həyatını xalqının, yurdunun yolunda əridən bir insan, öz mənliyini uca tutan, ömür yolunda mərdliyi, şərəfi əlində bayraq edən biri olaraq cəmiyyət arasında böyük nüfuz qazanmaq, ancaq Fəttah Heydərov kimi müdriklərin işidir! Qəlbi yalnız Vətən eşqilə döyünən bu insan təkcə Azərbaycanda deyil, Vətənin hüdudlarından kənarda da tanınır, sevilir! Şair Musa Cəlil deyir ki:
Dəmir işlədikcə par-par parıldar.
Palçıq ocaq üstə bişər, daşlaşar.
Kimin ki, qəlbində Vətən eşqi var,
Vətən torpağında vətəndaşlaşar!
Yaxşı ata, nümunəvi el ağsaqqalı, yaxşı vətəndaş olan belə şəxsiyyətlər tanrının xalqımıza ərməğanıdır!
Hamıya məlumdur ki, dəyərli ağsaqqalımız Fəttah Heydərov ümummilli liderimiz Heydər Əliyevin yaxın silahdaşı olmuşdur.
Xalqımızın böyük oğlu ulu öndər Heydər Əliyev yaşlı nəslə qiymət verərək demişdir ki, ağsaqqallar milli -mənəvi dəyərlərimizin qızıl fondudur. Onlar milli adət və ənənələrimizin saxlayıcısı, qoruyucusu və nəsildən-nəsilə ötürücüləridir. Əminliklə deyərdim ki, ulu öndərin bu dəyərli tövsiyyələrinə uyğun olaraq respublikamızda ağsaqqallarla geniş işlər aparılır. Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov da bu vəsiyyəti dəyərləndirərək rayon təşkilatlarının fəaliyyətini daha da yaxşılaşdırmaq məqsədilə ardıcıl tədbirlər görür. Vaxtaşırı keçirilən respublika müşavirələri, böyük iclas və konfranslar ağsaqqalların fəaliyyətlərinin istiqamətləndirilməsində böyük əhəmiyyət kəsb edir. AAŞ-nın qərar və göstərişlərini əldə rəhbər tutan rayon Ağsaqqallar Şuraları da il müddətində müəyyən işlər görməyə nail olurlar. Ənənəvi olaraq ağsaqqalların asudə vaxt keçirmələrinə şərait yaradılması, yubiley yaşı çatan ahılların ad günlərinin qeyd edilməsi, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində ardıcıl işlər aparır. Cəmiyyətdə, ümumiyyətlə, çox müsbət aora, quruculuq, yaradıcılıq və inkişaf ab-havası vardır. Azərbaycan əsrlər boyu ictimai-siyasi quruluşdan asılı olmayaraq, müxtəlif dinlərin, xalqların vətəni olmuşdur və bu gün də belədir. Azərbaycanda bütün xalqların, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar, heç bir ayrı-seçkilik qoyulmur və qoyula da bilməz. Dəyərli ağsaqqalımız Fəttah heydərovun təbirilə desək, Azərbaycan tolerantlıq sahəsində bütün dünyaya nümunədir. Bu da dövlət başçısının məqsədyönlü siyasətinin nəticəsidir. Ölkəmizdə tolerantlıq həm də dövlət siyasəti kimi həyata keçirilir. Biz həmişə mənəvi-əxlaqi dəyərlərimizlə öyünmüşük. Bu keyfiyyətləri qoruyub saxlamaq, dövlətçiliyimizi qoruyub saxlamaq deməkdir. Müstəqil dövlətimiz bizim ilahi qismətimizdir. Ona görə də, indiki və gələcək nəsillər ona hədəflənməlidir ki, ən böyük sərvətimiz olan müstəqilliyimiz qorunsun. Bizim bundan böyük nailiyyətimiz və sərvətimiz yoxdur. Bu düşüncə, ancaq Fəttah Heydərov kimi bir müdrikin dilində səslənə bilər!
Bütün bunlar, Azərbaycan insanını təcəssüm etdirən amillərdən biridir. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş ölkəmizdə aparılan gənclər siyasəti bu gün də öz müsbət nəticələrini verməkdədir. Ulu Öndər gənc nəslə öz qayğısını əsirgəməmiş, gənclərin ictimai-siyasi həyatda fəal iştirak etməsini, onların sosial ehtiyaclarını, yüksək səviyyədə təhsil almalarını, asudə vaxtlarını səmərəli keçirmələrini, hüquqlarının müdafiəsini, ümumiyyətlə, gənclərin hərtərəfli inkişafını təmin etmişdir. Eyni zamanda ahıl və qocalara da qayğı ilə yanaşaraq bu sahədə, gənclərin vətənpərvər ruhda, dövlətçiliyin inkişafında rolunun formalaşmasında ağsaqqalların mühüm rol oynadığını daim diqqət mərkəzində saxlamışdır. Bunu əldə əsas tutan şura sədri Fəttah Heydərov da quruma rəhbər olandan sonra ilk işi nəsillərin, yəni ağsaqqalar və gənclərin görüşünü təşkil etmək olmuşdur! Bu görüşdən sonra ağsaqqallar və gənclər arasında isti bir körpü yaranmışdır!
Dağları qürurumuz, çayları qaynar qanımız, ormanları geniş ürəyimiz olan bir diyarda – Azərbaycan adlı məmləkətdə doğulmaq, yaşamaq, işləmək, yaratmaq, onu qorumaq, sevmək və bu sevgi uğrunda canından belə keçmək hər bir vicdanlı Vətən övladının, hər bir qeyrətli yurddaşımızın məslək işi, fəxarət dünyası, həyat amalı, ömür andıdır.
Ağsaqqallar Şurasının bölgələr üzrə demək olar ki, bütün sədrləri ilə həmsöhbət olmuşam. Onlar Fəttah Heydərovdan söz düşəndə deyirlər ki, biz fəxr edirik, bu cür sədrimiz var. “O, sadə, səmimi və işgüzardır! Əvvəllər, hər şey tamam başqa cür idi. İndi zaman dəyişib, fikirlər, zövqlər müxtəlifləşib. Bu isə biz ağsaqqalların boynuna daha böyük məsulliyət qoyur. Biz gənclərin vətənpərvər ruhda yetişməsinə, mental dəyərlərin qiymətini saxlamaqda öz tövsiyyələrimizi vermək üçün daim təbliğat işi aparırıq, tez-tez gənclərlə görüşlər keçiririk. Eləcə də, şuranın sədri, millət vəkili Fəttah Heydərov şura üzvləri ilə rayonlarda, bölgələrdə tez-tez gənclərlə görüşlər keçirir, gənclərin dövlətçiliyin inkişafında rolunun daha da artırılmasına çalışır. Gənclərin asudə vaxtı, işsizliyin aradan qaldırılması üçün lazımi tövsiyyələr verir. Gənclik-məhəbbət deməkdir! Məhəbbət isə Vətən sevgisindən başlanır! Bu torpaqlar bizim ata-baba yurdlarımızdı. Qorumaq, gələcək nəsillərə ötürmək bizim borcumuzdu. Əgər bizim sədrimiz o qədər dövlət işinin içində vaxt tapıb təbliğat aparırsa, biz niyə oturmalıyıq? O, bizim ruhumuzun pərvazlanmasına təkan verir, bizim gənclik ruhumuzu özümüzə qaytarır!”.
Min illər boyu bundan əvvəl həyatı davam etdirmək üçün odu mağarada qoruyub saxlamağı bacarmaq, ağacdan, daşdan ilk əmək aləti düzəltmək müdrik zehin və zəka sayəsində olmuşdur. Bu müdriklik də insanı təkmilləşdirmiş, onu ali varlığa çevirmişdir. Əmək bütövlükdə insan camiyyətini dəyişdiyi kimi, hər bir fərdin həyatında da mühüm rol oynayır. Əməyə xor baxanlar həmişə başqalarına möhtac qalırlar. Əksinə, kim ki, zəhmət çəkir, tər tökür, o, el-oba içində hörmət-izzət qazanır. Bizim dəyərli ağsaqqal Fəttah atamız kimi!
Atalar deyir ki, ağsaqqal olan yerdə urvat, ağbirçək olan yerdə mürvət olar. Əgər kimsə öz tarixinə, öz keçmişinə laqeyd baxırsa, ağsaqqal öyüdündən, ağsaqqal nəsihətindən yan qaçırsa, böyük səhvə yol vermiş olur. Ağızdan ağıza keçən sözlərdir ki, ta qədimdən bu günədək böyük sözünə, ata nəsihətinə, ağsaqqal öyüdünə mənəvi ehtiyacımız olub. Bu, bizim el ağsaqqallarına olan hörmətimizdən, hörmət isə daxilimizdən, qanımızdan, canımızdan gəlir. Yeri ürəklərdə olan, ölçüyəgəlməz məhəbbət və rəğbətlə xatırlanan el ağsaqqallarına ehtiyac dünən də olmuş, bu gün də var, sabah da olacaq.
Həm gözəl ata, həm dəyərli el ağsaqqalı, həm gözəl ailə başçısı, həm də gözəl baba! Fəttah Heydərov coşğun qəlbli, qaynar ürəkli bir insan olaraq sevilir! Onun qaynar ürəyi Vətən eşqilə, insanlıq eşqilə alışıb yanır! O ürək durmur, o ürək dayanmır, o ürək pərvazlanır Vətənin hər bucağına, döyünür və Vətən naminə atır! Və o ürək onu dövlətçilik naminə, Azərbaycan naminə böyük-kiçik kürsülərə götürür! Bu kürsüdən elə səsləndirir! Ocaqları çatdırır, nigahlara xeyir-dua, dağılan ailələrə tövsiyyə, gənclərə böyük stimul verir coşğunluqla! Məğrur duruş, ahıl baxış, təmkin, ləyaqət və insanlıq büstü ilə naqislərə meydan oxuyur! Budur insanlığın böyük büstü! Budur ahıllığın dərin qayəsi! Budur eli üçün pərvazlanan ruh!!!
Bir nəsilin nuru, işığı! Bir yolun daim yanan mayakı! Böyük filosof Əbu Turxan deyir ki, adətən adamlar özündə olanı başqasına bağışlayır; müdriklər isə səndə olanı sənə ərməğan edir Fəttah atamız kimi! Ömrünü Vətənə, xalqa, elinə-obasına həsr edən ürək qocalmır, həmişə cavan qalır.
Həyatımızın, ömrümüzün dayağıdı atalar! Ruhumuzun qidasıdı atalar! Yurdun yanan çırağıdı atalar!
Əzizimiz Fəttah ata, sizin kimi insanlar bütövlükdə bir nəslin parlaq güzgüsüdürlər. Sizin yaşadığınız ömrün hər günü, hər ili, hər əməli insanlar üçün bir nümunədir. Bu əməlləriniz hər bir insan üçün qeyrət dərsi, vicdan nümunəsidir, yol göstəricisidir. Mən də sizi bu kiçik yazımla səmimi qəlbdən təbrik edir, sizə əsas can sağlığı ilə uzun ömür arzulayıram! O nurlu çöhrəniz daim gülümsər olsun!
100 yaşayın!

Böyük sevgi və ehtiramla,
Şərafət Şəfa

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR