" />

Bakıda konfrans: “Gizli deyil ki, medianın cəmiyyətimizə təsiri güclüdür – BAMF sədri

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

“Medianın cəmiyyətimizə təsiri güclüdür. O bizim fikirlərimizin və davranışlarımızın aynasıdır”.
Mia.az “Eurasia Diary”ə istinadən xəbər verir ki, bunu Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Mirzəyev  “Azərbaycan ərazilərinə silahlı erməni təcavüzü: itki və tələfatlar” mövzusunda bu gün Bakıda keçirilmiş beynəlxalq konfransda çıxışı zaman deyib.
O, bildirib ki, bu kimi tədbirlərin keçirilməsi sülhün, tolerantlığın, azad, bərabər və birgə yaşayışın, milli münaqişələrin həllinin vacibliyinin dünyaya çatdırılması baxımından çox önəmlidir:
“Bu gün sadə insanların sülh şəraitində yaşamaq kimi təbii hüquqları dünyanın müxtəlif  güc mərkəzlərinin nəzarətində olan media qurumlarının əsas hədəfinə çevrilmişdir. Gizli deyil ki, medianın cəmiyyətimizə təsiri güclüdür – o, bizim fikirlərimizin və davranışlarımızın aynasıdır. Bəzən cəmiyyətdəki ziddiyyətlərin kəskinləşdirməsinə, münaqişələri qızışdırmasına baxmayaraq, onun mövcud problemlərin həll edilməsi üçün töhfə vermək potenisalı da çoxdur. Sadə dillə desək, media həm münaqişələri alovlandırır, həm də qarşısını alır. Obyektiv informasiya isə bir mənalı şəkildə insanlar arasında barışa və sülhə xidmət edir.
Bildiyiniz kimi, 80-ci illərin sonu 90-cı illərin əvvəllərindən Azərbaycan ədalətsiz bir müharibəyə cəlb edildi. O zaman separatçılar tərəfindən kəndlərimiz yandırılır, insanlarımız qətlə yetirilirdi. Sovet Mediası isə bunu həqiqətə uyğun olmayan şəkildə – əks tərəfin müharibədən necə əziyyət çəkməsi adı altında nümayiş etdirməklə bölgədə böyük bir süni qarşıdurmaya səbəb olurdu.
Məhz erməni separatçılarının və sovet mediasının destruktiv fəaliyyəti ilə başlayan Dağlıq Qarabağ münaqişəsi nəticəsində 90-cı illərin əvvəllərində Azərbaycan iyirmi faiz torpaqlarını itirməklə yanaşı bir milyon məcburi köçkünün acı faciələrini və Xocalı soyqırımını yaşamış oldu. Hələ Xocalıdan əvvəl, biz 250 mindən çox azərbaycanlının Ermənistandakı doğma torpaqlardan deportasiyasını, Boqanis Ayrım, Qaradağlı, Cəmilli, Kərkicahan, Quşçular kəndllərində faciələrin canlı şahidi olduq. Sülh danışıqları üçün Xankəndinə yola düşən Azərbaycanın ictimai-siyasi xadimlərinin olduğu vertalyot səmada erməni terrorçuları tərəfindən vuruldu.
Baş verənlərə rəğmən, Sovet mediası bir cümlə də olsun bizim faciələrimizdən danışmadı. Peşakarlığı və obyektivliyi şəxsi maraqlara və böyük siyasətə qurban verdilər.
Etiraf edək ki, doğma dini inancları təhqir edilən, milli və etnik dözümsüzlüyün təşviqi, insanların minilliklər boyu hörmət etdiyi dəyərlərin tapdanması ilə müşayət olunan, neqativ və bir tərəfli məlumatlar bəşəriyyət üçün indi də təhlükə mənbəyidir. Müasir mediada yenə də böyük bir uçurum var. Dünyanın hər bir tərəfində media obyektivliyi sınağa çəkilir. Təəssüf ki, heç də hamı bu sınaqdan üzü ağ çıxmır”, – deyə BAMF sədri qeyd edib.
U. Mirzəyev əlavə edib ki, 25 il bundan əvvəlki dövrlə müqayisədə bu gün xalqımızın üzləşdiyi faciələrin dünyaya çatdırılması, ölkəmizlə bağlı hadisələrin obyektiv dəyərləndirilməsi, mediada qeyri sağlam yanaşmalarının aradan qaldırılması, Dağlıq Qarabağda baş verənlərin dünya mediasında yayılması Azərbaycan mediası üçün əsas prioritet istiqamətlərə çevrilib. Bu da ölkə rəhbərinin, hökumətimizin ardıcıl, məqsədyönlü və qətiyyətli siyasətinin, keyfiyyət dəyişikliyi prosesinin uğurla həyata keçirilməsinin məntiqi davamıdır. Bu əsnada dövlətimizin və Prezident İlham Əliyevin KİV-ə göstərdiyi diqqət və qayğı jurnalistlərin ümummilli mövzuları daha geniş işıqlandırması üçün əlavə imkanlar yaradıb.
“Başa düşürük ki, Qarabağ münaqişəsinin istər sülh, istərsə də hərbi yolla həllinin indiki həlledici mərhələsində jurnalistlər bütün təcrübə və bacarıqlarını, səylərini ikiqat artırmalıdırlar. Çünki jurnalistlərimizin əməyi bu gün səngərdə dayanan əsgərimizin məsuliyyətindən heç də az deyil.
1992-ci ildə münaqişə bölgələrindən obyektiv informasiyanın beynəlxalq ictimaiyyətə yayılması və sülh quruculuğu missiyası ilə yaradılan Beynəlxalq Avrasiya Mətbuat Fondunun çətin bir şəraitdə fəaliyyətini xatırlayıram. O vaxtlar Qarabağda baş verənlərin dünyaya çatdırılması üçün yüzdən çox beynəlxalq jurnalistin regiona səfərlərini təşkil edərək, ölkəmiz haqda doğru-dürüst məlumatların bütün səylərimizlə dünya ictimaiyyətinə çatdırmağa çalışırdıq.
Bu gün isə AZƏRTAC, Trend, APA kimi peşəkarlığı ilə seçilən agentliklərimiz və media qurumlarımız vardır. Rəhbərlik etdiyim təşkilatın təsisçiliyi ilə yaradılan 5 dildə fəaliyyət göstərən “Eurasia Diary” analitik-informasiya portalı isə dünyanın tanınmış ekspertlərinin ciddi müzakirə müstəvisinə çevrilmiş, bu istiqamətdə önəmli yer tutur.
Xatırlayırsınızsa, vaxtilə beynəlxalq media orqanlarında Azərbaycanla bağlı ya mənfi rəy formalaşdıran əsassız məqalələrə yer verilirdi, ya da ümumiyyətlə bizim haqqımızda danışılmırdı.
Amma son illər ali diplomatik qurumlarımızın, dövlət–vətəndaş cəmiyyəti və media təşkilatlarının birlikdə uğurlu siyasi və ictimai fəaliyyəti nəticəsində beynəlxalq media ciddi şəkildə bizim ölkəyə maraq duyur, bizim əldə etdiyimiz nailiyyətləri işıqlandırır, müsbət iqtisadi nəticələrimiz haqqında məqalələr yazır, reportajlar hazırlayır.
Digər tərəfdən mən bir beynəlxalq təcrübəsi olan vətəndaş cəmiyyəti təmsilçisi kimi tam əminliklə deyə bilərəm ki, məhz media, vətəndaş cəmiyyəti və dövlət qurumları arasında sıx qarşılıqlı əlaqə sayəsində obyektiv informasiyanın yayılması, müharibələr nəticəsində haqqları pozulmuş insanların haqlarının qorunması, münaqişələrin həllində sülh təşəbbüslərinin dəstəklənməsi bu günkü qədər aktual olmamışdır”, – deyə U. Mirzəyev bildirib.
BAMF sədrinin sözlərinə görə, BMT-nin Sosial-İqtisadi Şurasının Əsas Məşvərətçi Statuslu üzvü kimi Beynəlxalq Avrasiya Mətbuat Fondu son illər Azərbaycanın üzləşdiyi ədalətsiz müharibəyə dair, Böyük Britaniya, Rusiya, Türkiyə, Amerika Birləşmiş Ştatları, Litva, Macarıstan, Qətər, Pakistan, Gürcüstan, Banqladeş, Hindistanı təmsil edən bir sıra nüfuzlu media qurumları, CNN və Əl-Cəzirə kimi nəhəng televiziya şəbəkələri ilə əməkdaşlıq qurmaqla, ölkəmizlə bağlı yüzlərlə yazıya müəlliflik etmiş, münaqişələrin törətdiyi fəlakətlərin və fəsadların dünyaya çatdırılması istiqamətində materiallar hazırlamış, sənədli filmlər, foto sərgilər nümayiş etdirib:
“Azərbaycanın haqq səsi  yazılı bəyanatlar şəklində BMT tribunalarından səsləndirilmiş, bu istiqamətdə Beynəlxalq Mətbuat İnstitutu, Beynəlxalq Sülh Bürosu, Beynəlxalq Jurnalistlər Federasiyası, Qaçqın və Sığınacaq Axtaranlar üzrə Avropa Şurası, BMT agentlikləri ilə sıx fəaliyyət göstərilmişdir. BAMF, münaqişələrin həllində ikili yanaşma, dünyanın əsas müzakirə mövzusu olan sürətli silahlanma, nəzarətsiz qalmış ərazilərdə təbii və mədəni dəyərlərin məhv edilməsi, terrorizm əleyhinə beynəlxalq kompaniyalarda yaxından iştirak etməklə ölkəmizin üzləşdiyi bu kimi məsələlərin media və vətəndaş cəmiyyəti qurumlarında gündəmə gətirilməsi ilə də yadda qalmışdır”.
BAMF sədri qeyd edib ki, müharibə və terrorizmin, eləcə də ayrı-seçkilik, düşmənçilik və zorakılıq hallarına yol açan milli, irqi, etnik və dini nifrətin təbliğatında KİV-dən istifadənin artması narahatlığa ciddi səbəb yaradır:
“Bu fenomeni biz Lapşin hadisəsində daha dəqiqliklə gördük. Bəzi dairələr müstəqil media nümayəndəsi adı altında Azərbaycanın dövlət qanunlarına  saymazyana yanaşmağa cəhd etdilər. Nəticə hamıya məlumdur. Azərbaycan dövlətinin bu məsələdə qətiyyət nümayiş etdirməsi təqdirə layiqdir.
Əziz dostlar, burada təkcə bizim yox, beynəlxalq ictimaiyyətin də belə hallara qarşı birmənalı və təxirəsalınmaz mübarizə aparmasına ehtiyac var. Terror və nifrət təbliğatının dayandırılması və medianın bu məqsədlə istifadə olunmasının qarşısını almaq üçün hökumətlər müvafiq resurslardan istifadə etməli, bu cür media və ya media nümayəndəsinin maliyyələşdirilməsinin qarşısı alınmalı, ölkəmizin üzləşdiyi haqsız müharibənin fəsadları dünyaya çatdırılmalıdır.
Heydər Əliyev Fondunun başlatdığı “Xocalıya Ədalət” kompaniyasının bu istiqamətdə misilsiz xidmətləri olub. Doğrudur, bu istiqamətdə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası, Azərbaycan Respublikasının Prezidenti yanında KİV-ə Dəstək Fondu, eləcə də və digər proqramlar çərçivəsində xeyli işlər görülsə də, fəaliyyətimizin daha geniş və şaxəli həyata keçirilməsi üçün resurslarımızın səfərbər olunmasına ciddi ehtiyac vardır.
Bu məqsədlə dini və milli dəyərlərimizin, dövlətçilik ənənələrimizin qorunması ölkəmizə qarşı törədilmiş cinayətlərin tanınması, dözümsüzlüyün, qeyri-bərabərlik və münaqişələrin qarşısının alınmasında  medianın potensialından istifadə olduqca vacibdir. Biz indi internet mediası əsrini yaşayırıq. Burada oturan dəyərli tədbir iştirakçılarının böyük əksəriyyəti əminəm ki, zəruri bildiyi gündəlik infomasiya təminatını məhz internetdəki media resurslarından alır.
Bu, həm də bizim üçün də bir çağırışdır. Xüsusilə beynəlxalq əlaqələri olan, bir neçə dildə məlumat yayan yerli online media resurlarımıza, vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyətinə dəstək göstərmək zərurəti aktuallığı ilə gündəmdədir. Bu, artıq maliyyə layihəsi yox, həm də milli məsələyə çevrilməlidir. Çünki reallıq odur ki, internet həm də informasiya müharibəsinin getdiyi bir poliqona, meydana çevrilib.
Məhz bu amili nəzərə alaraq biz xüsusilə ölkəmiz barəsində həqiqətləri, Qarabağ münaqişəsi haqqında reallığı məhz internet üzərindən, media quruluşları vasitəsilə ən müxtəlif dillərdə beynəlxalq ictimaiyyətə, xarici auditoriyaya çatdırmalıyıq”.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR