Sapı özümüzdən olan baltalar
Müxtəlif ölkələrə qarşı sifarişli və qərəzli yazıları ilə tanınan “Vaşinqton Post” qəzeti bu dəfə Azərbaycan hakimiyyətini və juralistlərini hədəf seçib.
Qəzetin qərəzli və jurnalist etikasına yaraşmayan şəkildə dərc etdiyi “Azərbaycanda bəzi jurnalistlər pulsuz mənzil alır, bəziləri həbsxana kamerası” adlı məqaləsində Azərbaycanda söz azadlığının boğulduğu və hakimiyyətin jurnalistləri ələ almağa çalışdığı iddia edilir.
Prezident İlham Əliyevin sosial siyasətinə kölgə salmaq cəhdi
Məqalə Azərbaycan hakimiyyəti və jurnalistləri arasında təəssüf hissi doğurdu. Yazıda qeyd edilənlər Azərbaycan prezidenti İlham Əliyevin jurnalistlərə qarşı nəcib və dəyərli təşəbbüsünə kölgə salmaqdan başqa bir şey deyil. Çünki prezident dəfələrlə açıq şəkildə bəyan edib ki, Azərbaycan xalqının sosial vəziyyətinin yaxşlaşdırılması ölkə hakimiyyətinin bir nömrəli hədəfidir. Təbii ki, jurnalistlər də Azərbaycan xalqının nüməyəndəsi olduğu üçün onlara da hakimiyyətin yaratdığı imkanlardan pay düşür. Amma belə görünür ki, bu bəzi qüvvələri narahat edir. Ona görə ki, belə bir ənənə dünyanın heç yerində yoxdur. Jurnalistlərə evlərin verilməsi hakimiyyətin hər bir Azərbaycan vətəndaşına olan qayğısının və diqqətinin bariz nümunəsidir. Əgər Azərbaycan hakimiyyəti evləri jurnalistlərə rüşvət kimi və onları ələ almaq üçün versə idi, o zaman mediada “Vaşinqton Post” qəzetinə və digər xarici media orqanların qarşı yazıların ardı-arası kəsilməzdi. Azərbaycan hakimiyyəti jurnalistləri “Vaşinqton Post”-a qarşı yazılar yazmağa məcbur edə bilərdi. Amma görürük ki, mediamızda yalnız xarici mətbuatda Azərbaycan əleyhinə tirajlanan yazılar barədə rəsmi cavablar dərc olunur. Bu isə hakimiyyətin medianın işinə təsir etmədiyinin bariz nümunəsidir.
Günahsız insanları öldürən amansız rejimlər və Azərbaycan hakimiyyəti
Məlum məsələdir ki, Azərbaycan əleyhinə yazılar sifariş əsasında həyata keçirilir. Bu sifarişlərin arxasında isə ermənipərəst qüvvələr dayanır. Çünki Azərbaycanın tutduğu uğurulu iqtisadi və siyasi yol çox dövlətləri narahat edir. Ona görə hakimiyyətə təziq etmək üçün Azərbaycanda insan hüquqlarının olmamasını və diktaturanın mövcudluğu kimi əsassız iddiaları ortaya atırlar. Amma onlar bu iddiaların fonunda ortaya əsaslandırılmış bir fakt qoya bilmirlər. Çünki Azərbaycanda bütün saytlar, televiziyalar, «facebook» və «youtobe» kimi nüfuzlu sosial şəbəkələr sərbəst şəkildə fəaliyyət göstərir. Hər bir Azərbaycan vətəndaşı yuxarda sadalanan media resursları vastəsi ilə sözünü deyə və hakimiyyəti açıq şəkildə tənqid edə bilir. Belə bir azad mühitdə hansı diktaturadan söhbət gedə bilər? Dikdatura olan ölkələrdə insanlar günahsız yerə həbsə atılır, öldürülür, qaçırılır, işgəncələrə məruz qalır. Diktaturanı keçmiş İraq lideri Səddam Hüseyn və hazırda Şimali Koreyada qəddar bir rejimə rəhbərlik edən Kim Çen İn qurub. Həmin ölkələrdə insanlar günahsız yerə öldürülür və işgəncələrə məruz qalır. Amma Azərbaycanda heç kim deyə bilməz ki, hakimiyyət mənə qarşı qərəzli mövqe nümayiş etdirir və biz siyasi rejimin terroruna məruz qalırıq. Azərbaycanda heç bir jurnalist və siravi vətəndaş siyasi baxışlarına görə təqib olunmur. Bəli, konkret cinayət əməlinə görə həbsdə olanlar var və bu bütün dünyada belədir. Bu gün ölkəmizdə hər kəs azad şəkildə sözünü deyə bilir, evində və küçədə təhlükəsiz şəkildə hərəkət edir. Bu şəraiti xalqımıza Azərbaycan prezidenti İlham Əliyev bəxş edib.
Yalan və əsasız yazılara, soyuqqanlı reaksiya
Yazıların dərc edilməsi birmənalı olaraq Azərbaycana qarşı yönəlmiş çirkin kampaniyadır. Bu, Azərbaycanın inkişafını, müstəqil siyasətini, qətiyyətli mövqeyini gözü götürməyən bəzi qüvvələrin qərəzli addımlarından başqa bir şey deyil. Azərbaycan hakimiyyətinin də dərc olunan yazılara reaksiyası soyuqqanlı və əsaslandırılmış oldu.
Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov: «Azərbaycan prezidentinin nəcib və dəyərli təşəbbüsünü bütün jurnalistlərimiz, media ictimaiyyəti yüksək qiymətləndirib və alqışlayıb, dövlət başçısının KİV əməkdaşlarının sosial məsələlərinin həllinə diqqət və qayğısının bariz nümunəsi kimi xarakterizə edib. Təəssüf ki, bu mühüm təşəbbüsü bəzi yerli siyasi qruplar, onların nəzarətindəki media orqanları, həmçinin bir sıra xarici KİV-lər qərəzli şəkildə şərh edir, “ölkədə söz və məlumat azadlığının məhdudlaşdırılması”, “jurnalistləri ələ almaq cəhdi” kimi cəfəng iddialar irəli sürülür».
Azərbaycan Mətbuat Şurası: “Təəssüfləndirici haldır ki, “Vaşinqton Post” Azərbaycan dövlətinin öz vətəndaşı olan jurnalistlərə yönələn bu sosial siyasətinə, humanist dəst-xəttinə fərqli don geydirməyə çalışır, məsələni təmənnalı münasibət müstəvisinə daşıyır. Azərbaycan dövləti “Vaşinqton Post”un iddia etdiyinin əksinə olaraq heç vaxt jurnalistikanı hansısa təmənna ilə ələ almaq niyyətində olmayıb. Azərbaycan jurnalistləri də heç zaman düşünməyiblər ki, dövlətin onlarla bağlı siyasəti yaradıcılıqlarını məhdudlaşdıra, özünüsenzura meyli yarada bilər. Onlar bu gün də tam azad və sərbəst şəkildə fikirlərini ifadə edir, ən sərt tənqidi, düşündürücü materiallarla oxucularının görüşünə gəlirlər”.
Sapı özümüzdən olan baltalar!
Hakimiyyət dəfələrlə bəyan edib ki, hüquqi, demokratik dövlət olan Azərbaycan Respublikasının sürətli inkişafı, müstəqil daxili və xarici siyasəti bəzi maraqlı dairələri, xüsusilə Ermənistan və erməni lobbisini ciddi narahat edir. Bu narahatçılıq son dövrlər özün daha çox göstərir. Çünki Azrəbaycanda sabit ictimai-siyasi vəziyyət hökm sürür. Bu məqam Azərbaycanın inkişafını və Dağlıq Qarabağ münaqişənin həllini istəməyən qüvvələrə sərf etmir. Təbii ki, Azərbaycanda yarana biləcək qeyri-sabit mühit Dağlıq Qarabağ münaqişəsinin həllini daha da uzada bilər. Bu səbəbdən, hər vəclə, Azərbaycandaki siyasi hakimiyyətə qarşı təziqlər edib, ölkədəki sabit ictimai-siyasi mühiti darmadağın etmək istəyirlər.
Bəs Azərbaycan qarşı yazılan yalan və əsasız məlumatları xarici media orqanlarına kimlər ötürür? Bu sualın cavabı aydındır: Sapı özümüzdən olan baltalar! Bəziləri Azərbaycan xalqının çörəyini yeyib, xarici təşkilatlarla birləşərək hakimiyyətə qarşı kompaniya aparır. Onlar xarici media orqanlarına Azərbaycan barədə yalan məlumatlar ötürərək, dünyada ölkəmizə qarşı mənfi imic formalaşdırmağa çalışırlar.
Təbii ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da müəyyən problemlər var və ölkə prezidenti həmin problemlərin həlli istiqamətində bütün imkanlardan istifadə edir. Azərbaycan gündən-günə inkişaf edir, hər bir vətəndaşın həyat tərzinin daha da yaxşılaşması üçün mühüm işlər görülür və bunlar da bəzi qüvvələrdə ciddi narahatlıq yaradır. Belə çirkin kampaniyalar bizi tutduğumuz qətiyyətli mövqedən çəkindirə bilməz. Azərbaycan xalqı hər zaman öz prezidentinin ətrafındadır. Biz daim belə kampaniyalara qarşı mübarizə aparmalıyıq ki, həmin qərəzli qüvvələr öz istəklərinə çata bilməsinlər.
P.S: Azərbaycanda yaxşı bir məsəl var. Deyir, filankəsin daşı ağır olub, düşüb filankəsin başına! Bax, indi bu misanlın əsil yeridir. Daşı ağır olan Azərbaycan prezidenti, başına daş düşən isə Amerika mətbuatıdır!
Ramin Əhmədov
Yeni Azərbaycan Partiyasının Nizami rayon təşkilatının sədr müavini