Öz şəhidinə hörmət qoymayan bir adamın siyasi iddialara düşməyə haqqı yoxdur-Ramin Əhmədov
Siyasi oyunbazlığın ən müxtəlif formalarından istifadə etməklə gündəmdə qalmağa çalışan Əli Kərimli Yanvarın 20-də daha betər riyakarlığa əl atdı. Ümumxalq hüzn günü, xalqımız öz şəhidlərini ziyarət etdiyi tarixdə adına milli şura deyilən amorf təşkilatın “desantları” Əli Kərimlinin göstərişi ilə Xiyabana gedən yolda əməlli-başlı şou yaratdılar. Hiss olunurdu ki, tamaşa əvvəlcədən qurulub. Əslində bununla Əli Kərimli açıq və aydın şəkildə nümayiş edtdirdi ki, onun üçün müqəddəs heç nə yoxdur, gərəkərsə şəhidlərin ruhuna belə hörmətsizlik göstərib öz çirkin oyunlarını davam etdirəcək qədər “qətiyyətlidir”… Hamı bilir ki, həmin tarixdə Şəhidlər Xiyabanını ziyarət etmək istəyənlərin sayı çox olur və elə buna görə də polis əməkdaşları ərazidə müxtəlif təhlükəsizlik tədbirləri görür, rahat hərəkəti təmin etmək üçün insanları prospektə hissə-hissə buraxırlar. Əli Kərimli nə etdi? Bir neçə dəqiqəlik “dayan” tələbini “Hakimiyyət şəhidlərin məzarını ziyarət etməyə imkan vermir” şəkilli şouya çevirdi. Gərək nə qədər vicdansız və riyakar olasan ki, əslində hamıya tətbiq olunan qaydanı “qadağa” kimi təqdim edib, siyasi bəyanatlar verə, başqaları şəhidlərin ruhuna dualar oxuduğu vaxt “İstefa”, “Azadlıq” şüarları səsləndirəsən. Görünür adam sayının az olduğunu pərdələmək üçün başqa yol qalmayıb. Süni hay-həşir qoparmaqla diqqəti sıralardakı “yarpaq tökümündən” yayındırmağa çalışıblar. Amma alınmadı, cəhdləri əks effekt verdi. Əli Kərimlinin ümumxalq hüzn günü də siyasi hoqqabazlığından əl çəkmədiyini görənlərin reaksiyası qurulan çirkin tamaşaya adekvat oldu – “Ayıb olsun”. Bunun adı müxalifətçilik deyil. Bu artıq axırıncı yoldur! Öz şəhidinə hörmət qoymayan bir adamın siyasi iddialara düşməyə haqqı yoxdur.
Bu sözləri Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədr müavini Ramin Əhmədov öz Facebook səhifəsində qeyd edib.