Şərafət Şəfa yazır: Geri dönməz gedənlərə neyləsin, kimə zülmət, kimə parlaq şöləsən…

Yazı fontunu küçültür Yazı fontunu büyütür

İnsan həyatı hadisələrlə zəngin olur. Böyük hadisələr, kiçik hadisələr, təsadüfi hadisələrlə. Bəzən kiçik bir təsadüf daha böyük hadisələrə səbəb olur. Təbii ki, bu böyük hadisə uğura nədən olduqda insan xoşbəxt hiss edir özünü..

Onu uzun illər tanımağıma baxmayaraq yalnız son günlər şeir yazdığını bildim. İlqar Yusibov uzun illər səhiyyə sahəsində çalışan, xeyirxah və davranış mədəniyyəti ilə seçilən bir insandı. Ailənin klassik modelini yaradan bu insanın əlində cərrah bıçağı olsa da qəlbi həddən artıq yumşaq və duyğusaldı. Biz nədənsə həmişə elə düşünürdük ki, cərrahlar həddən artıq sərt, qəlbidaş və soyuqqanlıdılar. Lakin ünsiyyətdə olduqca əksinin şahidi olur, təəcüblənirsən. Bizim soyuq daşa oxşatdığımız həkim qəlbi əlindəki cərrah bıçağıyla qəlbinin gözüylə gördüyü insan vücudundakı laləzarın qurumuş budaqlarını budayıb gözəlliyi, lətafəti qorumağa çalışır. Kənar görüntü və həkim baxışı! Təzadlı, inikas baxışlar..

Sosial şəbəkədə təsadüfən rastlaşdığım bir şeir diqqətimi çəkdi. Və ruhumu oxşadı. Bu vətənpərvər ruhun böyük çağırışı idi! “Cəngi” ruhunda qanadlanan şeirin sətirləri tarixin qanlı-şanlı səhifəli kitabları yatan rəflərini silkələməyə çalışır.

Şəhid qanı torpağının boyağı,
Sənsiz dünya boş yuvadı-bayağı,
Qalx ayağa, ey Türk-İslam dayağı,
Buz qılıncım, od günəşim, börküm heyy!!!
Qadan alım, Özünə gəl, Türküm heyy!!!

Bu sətirlərin müəllifinə baxdığımda heyrətləndim. İlqar həkimin ruhunun çılğınlığı və əsrarəngizliyi önümə yeni bir yaradıcılıq səhifəsi açdı. Qızılgül butasını yırtıb dünyaya baxdığı kimi baxdım mən də İlqar həkimin duyğu dünyasına. Bu insanın duyğu dünyasının kulminasiyasında Vətən, yurd sevdası durur. Vətən – doğulduğun yurddan başlar ürəkdə cücərib, boy atar. Özünün təbirincə desək,“

mənim yurdum əsrarəngizliyi ilə tamamən seçilir. Bu yurd ta qədim dövrdən Azəri türklərinin məskən saldıgı və adət-ənənələrimizin yüksək səviyyədə qorunduğu məkandır. Yüksək səviyyəli ziyalıları, professor-müəllim heyyəti, yazarları, həkimləri, Qarabag muharibəsi iştirakcisları, Qarabag müharibəsi əlilləri, aşıqları, idmançıları və s. olan AĞIR ELDİR!!”. Bu duyğunun yaratdığı xoş aora elmlə inçəsənət arasındakı boşluğu dolduran idrak fəlsəfəsinə bənzəyir! Çünki bütün duyğuların qaynağı insanın öz ruhudu.

Qədim yunan filosofu Heraklit deyir ki, od digər varlıqlar kimi, insan ruhunun meydana gəlməsində də müstəsna rol oynayır. Bütün ruhlarda nəmlik vardır, lakin pis ruhlar daha çox rütubətlidir. Ruh həmçinin əksliklərin vəhdətidir, çünki özündə eyni zamanda həm odu, həm də rütubəti birləşdirir. Ruhda rütubət azdırsa, o ruh daha azad, daha yaxşıdır. Hər cür aludəçilik, ehtiras ruhun hesabına satın alınır, odur ki, insanlar ruhlarını ucuz satmamalıdırlar”. Fəlsəfəni dərindən bilən İlqar Yusubov da duyğuların tarazlığını qoruya bilir və ruhunu bahalığında saxlayır.

Şeriyyətə köklənən bütün insanlar kimi İlqar həkim də sevgi temasından yan qaça bilmir. Qəlbinin çırpıntılarını misralara düzür. Amma yuvasındakı körpə balalarını qoruyan qaranquş kimi dəyərini də qoruya bilir və qarşı tərəfə imkan vermir ki, qəlb duyğularına sərt yanaşsın. Aşağıdakı şeirdə bu özünü daha çox biruzə verir.

İnnən belə nə yaxşıyam, nə yaman
İndən belə nə ümidəm, nə güman.
Divanəyəm, itirdiyin bir zaman,
İstər ara, istər axtar, istər sor..

Geri dönməz gedənlərə neyləsən,
Kimə zülmət, kimə parlaq şöləsən.
İncimərəm..! Nə istəsən söylə sən,
İstər şirin, istər acı, istər çor..

Vurğun oldum dilindəki şirinə,
Gizli yandım iki könlün yerinə.
Neyləyəcək kül olmuşun birinə,
İstər atəş, istər alov, istər qor..

Bu fələyin yanar dağda arxı yox,
Bəxtimizə fırlanacaq çarxı yox.
Betər gördüm, betərindən qorxu yox,
İstər zülüm, istər ölüm, istər gor…

Bəşəriyyətin müqəddəs varlıqlarından biri olan Tereza Ana deyir ki, biz dərman vasitəsilə xəstəlikdən xilas oluruq, lakin tənhalığın, ümidsizliyin və çarəsizliyin yeganə dərmanı sevgidir. Dünyada aclıqdan ölən çox insan var, lakin sevginin yoxluğundan ölən daha çox insan var.

Adətən, insanlar nakam eşqdən tənhalığa qapanar və özlərinə həmdəm ola biləcək başqa bir peşə seçməyə çalışarlar. Və yalnız bu vaxt onların başqa istedadı üzə çıxar. Kimi yazıçı, kimi şair, kimi rəssam, kimi də gözəl bəstəkara çevrilər. Və hər yeni əsər yaratdığında qəlbinin dodağnda öz-özünə pıçıldar:- Nə bilirsən nə çəkirəm?! “Xatirələr qalağında” öz qələmilə vərəqləri döyəcləyən şair “yükünü yığır” sevdası köksündə “qələmi ilə gor qazır”.

Bir qələmdi, bir də varaq,
Nə bilirsən, nə cəkirəm?
Xatirələr qalaq-qalaq,
Nə bilirsən, nə cəkirəm?

Gah küsürəm, barışıram,
Od alıram, alışıram,
Öz-özümlə danışıram,
Nə bilirsən, nə cəkirəm?

Günümə xitam yazıram,
Yığılıb yüküm, hazıram.
Qələmimlə gor qazıram,
Nə bilirsən,nə cəkirəm?

İncimisən bir xeyli sən,
Eşitmişəm, gileylisən.
Könlümdən köcən Leyli sən
Nə bilirsən, nə cəkirəm?

Ay ağbəniz, günü qara
Küsüb bəxtim, gəlmir kara.
Həmdəm olmadın İlqara,
Nə bilirsən, nə cəkirəm?

Şair qəlbi, həkim əlləri! Zərif tikiş, hörmə naxışlı misralar və qaynar ürək. Bu ürək çağlayır, coşur , daşır.. Bəzən də lal sükutda böyük “haray” qoparıb bu sevdanın qollarında əngin səmaları dolaşır. Narın yağış altında çimən çəmən çiçəyinin ləçəyində parıldayan yağış damlasına bənzəyir bu sevda…Damla olub pəncərədən süzülür, ulduz olub səmalardan boylanır, küləklərə qoşulub qaçır, şıltaq uşaq tək ruhla oynayır bu sevda.. Və nəhayətində incə həkim əllərində inci misralara düzülür bu sevda!

eyni zamanda şərəfli həkim peşəsinin paklığını, sənətin saflıgını, xalatın ağlığını uca tutan şair-həkimimiz, daim sağlamlıq keşiyindədir. Şeirlərində də vurğuladığı kimi,

İcində titrəyiş, dilində dua,
Cərrah stoluna bağlanar yaxa,
Yalvara-yalvara üzü Allaha,
Xəstəni siratdan kecirər həkim!.

Təbəssüm həkimin, qınaq həkimin
Dərddi qapısında qonaq həkimin
Bircə Allahıdır pənah həkimin!
Şəfanı tanrıdan gətirər həkim!!!

Nə gözəl misralardır! İlahi mənşəli! Hər bir insanın əxlaq nizamının qiyməti onun nə qədər, hansı dərəcədə ilahi mənşəli olmasına bağlıdır! Burda mərhum yazıçımız Oktay Salamzadənin bir sözü yadıma düşür. Onunla tez-tez həmsöhbət olardıq. O, deyərdi ki, yaxşı insanlar yağışda çimib təzələnən çiçəyə bənzəyirlər. Şərafət Şəfa yazır: Geri dönməz gedənlərə neyləsin, kimə zülmət, kimə parlaq şöləsən...Həmişə təravətli olur və öz qəlb gözəlliklərini həmsöhbət olduğu insanlara aşılamağa çalışarlar. Belə insanlar bilavasitə Allaha qəlbən bağlı insanlardı.
Biz də öz növbəmizdə gözəl ruhlu, gözəl qəlbli, bütün insani keyfiyyətləri özündə cəmləşdirə bilən bu kamil insandan daha yeni şeirlər, sözlərinə yazılmış yeni nəğmələr gözləyirik! Qeyd edim ki, İlqar Yusibov xeyirsevər ocaq olan Xəzər Klinikasının baş həkimidi. Həm gözəl ailə başçısı, həm də gözəl cərrahdır!

P.S. Həmişə olduğu kimi, yenə də qəhrəmanımın bu yazıdan xəbəri yoxdu.

Şərafət Şəfa

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR