Mövlanə eşqli, içinə yıxılan şair…

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Hiss, duygu və idrakın sintezindən doğulan gözəl bir əsərdi
Elçin Mirzəbəylinin poetik dünyası

Hamı bilir ki, mən heç vaxt sifarişli yazı yazmamışam. Damarıma düşən, əməlləri, kəlamları ruhumu oxşayan insanlar barədə yazmışam. Çünki bu cür insanlar barədə yazmaq yayın qızmar istisində sərin kəhriz suyu içmək kimi xoş və sərinlik gətirəndi. Uzun illərdir ki, mətbuat siralarinda onunla birgə səsiz-səmirsiz addimlayiriq. Tədbirlərdə, yolda-izdə rastlaşanda da sadəcə gülümsəyərək salamlaşıb keçmişik. Həmyaşıd olmamız ərklənməyə yer açırdı. Amma bəzi insanlarla səssiz mehribançılıq məncə daha çox söhbətləşmə yaradır. Hələ gəncliyimizdən onun şeirlərinin vurğunu idim.
Sadə, təmkinli, diqqətcil insan idi. İçdən, bütün ruhunun duyğularından yaranan, qəlbin vulkan partlayışıyla yazırdı şeirləri. Fərqliliyi ondaydı ki, gənc olmasına baxmayaraq bu şeirlərin çoxu Tanrıya xitabən yazılırdı. Gənclik- əsasən çılğınlığı, daha çox eşqə meyilliliyi ilə seçilir. Elçin Mirzəbəylidə isə tamam fərqli idi şairlik. Təmkinini, vətənpərvərliyini, ləyaqət və insani duyğularını hopduraraq dünyəvi şeirlər toplusu yaratmağı bacarmışdı. Deyir, bir əxlaq nizamının ölçüsü insanın ilahiyə nə qədər bağlı olmasından aslıdır. Hiss, duygu və idrakın sintezindən doğulan gözəl bir əsərdi Elçin Mirzəbəylinin poetik dünyası. Mövlanənin dili ilə desəm, mən bu istək aləmində əxlaqdan daha yaxşı bir şey görmədim.

İçimə yıxıldım hər vurduğunda…
Dedilər…
Fələyin silləsi çatmır.
Ya Rəbb, sən saldığın pilləkənlərin
Nədənsə…
Sonuncu pilləsi çatmır.

Verdiyin dünyadı…
Evdi, eşikdi…
Bu nə dar qəbirdi, nə dar beşikdi?
Ürəyim onsuz da dəlik-deşikdi
Qorxma, at, alnımın gülləsi çatmır…

Hər oxuduğumda, hər əzbər söylədiyimdə məni öldürüb-dirildən bir şeir…Sanki mənim ruhumla yazılmış kimi….Sözün bitdiyi yerdəyik! Qəlb üsyanının kiçik bir şeirdə böyük şərhi! Eyni zamanda çalpaşıq fikir burulğanında qəribəliklərin izahını da istəyir şair. Hər kəsin qəlbinə yatımlı, ruhuna hopan bir şey yazmaq hər insanın işi deyil. Tanrılarla danışa bilən, ruhunu ənginliklərə sərbəst buraxıb, dərin izahlı səssiz suallara cavab istəyən insan! Boynubükük minarələrin, bayquşlar qonan gecəqonduların, ünvanını itirən bəndələrin, tükənən sabahların, intihar edən ruhların “xəbərin varmı?!” -deyə hayqıraraq hesabını soran şairin düşündürücü və məntiqli şərhləri də diqqətçəkəndi. Sosial şəbəkədə sözünün fanatlarından biri olaraq izləyirəm səhifəsini. Elçin Mirzəbəyli sanki bütün ruhların, qəlbində danışan insanların aşkara danışan dilidir. Məsələn, bir şərhində yazır ki, qəribə millətik… İtkilərimizə, itirdiklərimizə – başqalarının bizim üçün dərdə çevirdiyi gerçəklərə sahib çıxmaqdan daha çox təxəyyülümüzün məhsulu olan, obrazlı, bədii dərdlərimiz üçün “ağlamağı” xoşlayırıq… Sanki oyatmağa çalışır cəhalət meyilliliyindən insanları. Adətən, insanlar sevdikləri, aşiq olduqları zaman, ən əsası da nakam eşqə tutqun olduqları zaman dərinmənalı, acılı şeirlərlə dərdlərini izhar edərlər. Elçin Mirzəbəylidə isə Mövlanə eşqi var. O eşq ki, onu izhar etmək, daha dəyərli söz tapıb ifadə etmək çox-çox çətindir. Mövlanə deyir ki, mən o eşqi qısaca söylədim, tamamilə anlatmadım. Əgər anlatsam, həm dodaqlar yanar, həm də dil. Mən sağ olduğum müddətcə imanın qulu, köləsiyəm. Məni anlamaq üçün ayrılıq əzabı çəkmiş, qəlbi yaralanmış bir insan istəyirəm ki, iztirablarımı, dərdlərimi ona anladım. Məni bir mən bilirəm, bir də yaradan. Mənə bir mən lazımam, bir də anlayan. Elçin Mirzəbəylinin şeirlərinin vurğunu olanların içində onu anlayan, ruhunu daha dərindən oxuya bilən biriləri vardır əlbət. Lakin şair öz əhatəsində Saturn halqası yaradıb, öz dünyasının toxunulmazlığını və müqəddəsliyini qorumağa çalışır. Bu əlbəttə ki, mənim subyektiv fikrimdi, bəlkə də başqaları başqa cür görür, bilmirəm.

Bizim sevimlimiz, xalq şairi Musa Yaqubun təbirilə desək, Elçin Mirzəbəylinin qələmi də özü kimi kamilləşib. O qədər ki, hətta sevgi şeirlərini də ustufca, incə bir eyhamla yazır. “Gedək” şeirində olduğu kimi. Sevgisini belə yarı yolda buraxmayan, sevdasına böyük qiymət verən və möhkəm yapışan şair məzarını da qoşa yazır.

Yenə də son ümid yollara qaldı,
Tanrıdan bir cığır, yol götür, gedək.
Biz nə istəyirdik, fələk nə çaldı,
Bu dərd havasına qol götür, gedək.

Bu yazı alnımın qırışan yeri,
Sevinclə kədərin barışan yeri,
Ölüm- arzuların qovuşan yeri,
Qoşa məzarıma gül götür, gedək..

Qadın zərif, incə bir çiçəyə, və ya ağ paltara bənzəyir. Çiçəyi əzilməkdən, paltarı ləkələnməkdən qorumaq çox çətindir. Bəzən çox bahalı paltara düşən kiçik bir ləkə onun tamamilə yararsız hala düşməsilə nəticələnir. Qadını qorumaq da kişilərin ümdə vəzifəsidir. Məhəmməd peyğəmbər deyir ki, möminlərin iman baxımından ən kamili, yetkin olanı, əxlaqı gözəl olan və qadına nəzakətli davrananıdır. Bu baxımdan şairin şeirlərindəki incə eyham və nəzakət təqdirəlayiqdir. Bir şeirində olduğu kimi…

Mən sənin hər gecə xəyallarında
Tapıb itirdiyin adamam, qadın…
Göz yaşı içində…
Dualarınla
Yerə gətirdiyin adamam, qadın.
…Hər gün baxışımla açılsın səhər
Ensin gözlərinə şüa yerinə…
Mən…
sənə Tanrının əmanətiyəm
Al…
Oxu hər gecə dua yerinə…

Nə gözəl!!! Özünü əmanət bilib duaya çevirmək, ancaq imanı kamil bəndəyə xasdır. Mən Elçin Mirzəbəylinin şeirlərini oxuyrkən özümü tamam başqa, müqəddəs bir aləmdə hiss edirəm. Hər gün daha da çirkinləşən, bayağılaşan cəmiyyətdən saf, təmiz bir dünyaya adaptasiya olunuram. Bu dünyada məhrəm duyğular, təmiz, saf hisslər, müqəddəslik var… Havası, suyu, hətta yağışı belə bir başqa cür, dupdurudur. İnsan o xoş duyğuların, o müqəddəsliyin heç bitməməsini istəyir. Şeirin dolğunluğu ondadır ki, şeiri oxuyan insan şairin tərənnümündə özünü itirir. Sanki yarpağın üstündən qopub düşən şehi hiss edir, barmağının nəmləşdiyini hiss edir. Mələyin göz yaşına bənzəyən yağış damlasının üzünə düşən tappıltısını eşidir, xəzan dolu payızın ayrılığa nədən olan soyuq nəfəsini duyur. Bu əslində şairin oxucu üzərində qələbəsidir! O, istədiyini almış olur oxucudan. Bəzən də arzulayırsan ki, kaş hər şey əsərlərdəki kimi, yazılanlar kimi ola. Əziz şairimizin dediyi kimi;

Bir gün
Gözlərini açıb görəsən
Goy üzü yaxından yaxındı sənə.
Bir ilıq meh əsib
Son nəfəs kimi
Son dəfə…
Son dəfə toxundu sənə.
Bir gün
əllərini açıb görəsən…
dualar ovcunda işığa dönüb.
Bütün arzuların körpədi hələ,
Bütün ümidlərin uşağa dönüb.
…Bir gün yaşayasan…
Elə bir gün ki,
Üstünə 100 ilin savabı gələ.
Sonra da…
ölümə məktub yazasan
“Səni gözləyirəm” cavabı gələ.

Psixoloqlar deyirlər ki, duyğu – indiki anda bilavasitə reseptorlara təsir edən hadisələrin ayrı-ayrı keyfiyyət və xassələrinin beyində əks olunmasından ibarət psixi prosesdir. Bu faktora istinadən deyə bilərəm ki, Elçin Mirzəbəyli güclü psixoloqdur və şeirləri də bunu ehtiva edir. Dahilər deyir ki, məsləhət verəcək insana yox, nümunə olacaq insana ehtiyac var. Nümunəvi insanlar daha diqqətli, daha qətiyyətli olurlar. Bu nədənlə cəmiyyətimizdə Elçin Mirzəbəyli kimi insanlara daha çox ehtiyac var.

Bu gün Elçin Mirzəbəyli ən çox oxunan və ən çox da plagiat hücumuna məruz qalan şairlərdəndir. Amma əminliklə onu deyə bilərəm ki, hardasa, kiminsə şeirində duyumlu bir sətirə rast gələndə müəllifinin kim olduğu bəllidir bizlərə. “Facebook” sosial şəbəkəsində paylaşdığı bir statusla yekunlaşdırım sözümü: “Sənə qarşı ən sərt mövqe sərgiləyən, yeri gəldi-gəlmədi üstün görünməyə çalışan, kölgəni qılınclayan kəslər yazı və danışıq manevrləri, hətta zahiri görünüşləri ilə sənə bənzəmək istəyənlərdir. Dublikatlar orijinala qarşı daha amansız olurlar!”. Bir az yumorla yazılmış olsa belə sözün möhrüdür bu!

Mövlanə eşqli, içinə yıxılan şair...

Əzizimiz Elçin müəllim! Sadə dildə yazdığım yazını səmimi qəbul edin. Bəlkə də sizin üçün də gözlənilməz olacaq bu. Qəlbləri riqqətə gətirən, içimizdə təlatüm yarada bilən, bütün müqəddəs duyğuları şeriyyətində izhar edən bir şair barədə kiçik də olsa bir yazı yazmaq çox xoş duyğudur!
Mən sizə yaradıcılıq uğurları arzulayıram, ruhumuzu oxuyan şair!

Şərafət Şəfa

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR