" />

AĞDAMDA BİR GÜN

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Yenə yolumuz qədim türk dilində “kiçik qala” adlanan, ürəyimizin tellərindən biri olan Ağdama idi. Uzaq keçmişdən boylanan bu yurdun tarixi keçmişi, qədimlik əfsanəsi qulağımızda həzin musiqitək səslənib itmiş torpaqların hüznünü yaşadırdı. Ağdamlıların dədə-baba torpaqlarının yarıdan çoxu işğala məruz qalaraq əsrlərdən gələn səslərə yoldaşlıq edirdi. O səslərdə Zəngəzur harayı, Göyçə nisgili, İrəvan hayqırtısı vardı. Çox qədimlərdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikmişdilər. Zaman keçdikcə bu şəhərin adının mənası dəyişəcək, XVIII əsrin birinci yarısında Qarabağlı Pənahəli xanın bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirməsi bu yurda Ağdam adı verəcəkdi. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilmişdir. Bu mənada, “Ağdam” – günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir. Şəhər öz səfası ilə qonaqları heyran qoyarkən, kimin ağlına gələrdi ki, bir gün işğala məruz qalıb, qondarma Dağlıq Qarabağ separatçı rejiminin qərarı ilə Ağdam şəhəri Akna adlandırılacaq. Sakinləri didərgin salınacaq. 1993-cü ildən işğal olunan Ağdam barədə xarici mətbuat ürəkağrıdıcı yazılar yazacaq… 2008-ci ildə “Lonely Planet” jurnalı Ağdamı “Qafqaz Xirosiması” adlandırıb. 2010-cu ildə Əl-Cəzirənin internet nəşri isə Ağdamı “ruhlar şəhəri” siyahısına salıb. Bu ağrılar içində qovrula-qovrula gündən-günə abadlaşan Quzanlıya çatırıq. İnsan səfərdə olarkən getdiyi yurdun təamlarını dadmaq istəyir. Ağdam mətbəxi Qarabağın özünəməxsus təamları arasında xüsusi yer tutur. Bu mətbəx döşəməli aş, döymə kababı, dolma, avdal qutabı, boyanalı plov, Ağdam kətəsi ilə məşhurdur. Burada yeməklərin şahı boyanalı plov hesab edilir.

Gəlişimiz pambıq yığımı vaxtına düşmüşdü. payızın xəzan çağında gözəl havada uccsuz-buaqsız tarlaları seyr etməyin bir başqa özəlliyi var. Cəbhəyanı zonada düşmənə meydan oxuyan qəhrəman ağdamlılar hədəfdə olmaqlarına baxmayaraq sakit, gündəlik işlərində qayğıları ilə məşğuldular. Bu arada onu da qeyd edim ki, Qarabağ müharibəsi başlayanda ilk yaradılan batalyonlardan biri “Vətən oğulları” olub. Batalyona Allahverdi Bağırov rəhbərlik edib. Ağdam əhalisi tərəfindən göstərilən maddi yardım və öz şəxsi vəsaiti ilə Qarabağ kəndlərində yaradılmış kiçik özünmüdafiə dəstələrinə yaxından köməklik edib. Ağdam rayonu ərazisində gedən bütün döyüşlərdə ağdamlılar mərdliklə vuruşublar.

Azərbaycan Ağsaqqallar Şurasının mətbuat xidməti olaraq əvvəlcə Ağdam rayon Ağsaqqallar Şurasıyla görüşdük. Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədovun təkcə rayona deyil,  ağsaqqqallara da olan diqqəti onların işlərinə böyük stimul verir. Ağsaqqallar evinə yığışan ağsaqqallar ölkənin ictimai-siyasi həyatında baş verən bütün məsələləri diqqətdə saxlayırlar. Onlar tez-tez səngərdəki əsgərlərlə görüşə gedir, məktəblərdə təbliğat işi aparırlar. Ağdam Ağsaqqallar Şurasının sədri Sədrəddin Ələsgərovun dediklərindən:

 

“Mən Sosialist Əməyi Qəhrəmanı kimi 60 ildi Vətənə xidmətdəyəm. Dövlətimin, millətimin müdafiəsində olan adamam. Mən prezidentimizdən də, icra başçımızdan da çox razıyam. Raqub Məmmədov çox gözəl işlər görüb. Yeni binalar tikib, abadlıq yaradıb, Ağdamı elə hala gətirib ki, başqa rayonları geridə qoyub. Başçımız əhaliylə də mehriban rəftar edir, onların qayğılarına qalır. Bu gün Ağdamda kənd təsərrüfatı sürətlə inkişafdadır. Burda pambıqçılığın qədim tarixi var. Uzun illərdir ki, bu sahədən uzaqlaşmışdıq. Möhtərəm prezidentimiz cənab İlham Əliyevin tövsiyyəsi, icra başçımızın böyük səyi nəicəsində yenidən pambıqçılıq inkişaf etməyə başladı. Məhz dövlətin qayğısıdır ki, bu gün dövlət proqramı regionlarda uğurla irəliləyir. Bu biz ağsaqqalları da çox sevindirir. Xeyli iş yerləri açılıb, eləcə də Pambıq Zavodu işə düşüb. Zavodun direktoru Habil Abbasov yeni iş yerlərinin açılması üçün çox səy göstərir. Nə qədər adam bu zavoddan çörək qazanır. Eləcə də emal sexinin açılması da bir çox ailənin ruzusu deməkdir. Mən ulu öndər Heydər Əliyevlə yaxın dost olmuşam, onun dövründə də işləmişəm, o birilərin dövründə də.

Bu gün əminliklə deyə bilərəm ki, bizim prezidentimiz İlham Əliyev Azərbaycanı işıqlı gələcəyə aparır. Odur ki, mən Ağdam Ağsaqqallar Şurası adından möhtərəm prezidentimizə “çox sağ olun!”-deyirəm. O, bizim rayonumuza çox yaxşı başçı göndərib. Eləcə də, bizim şuranın sədri, hörmətli millət vəkilimiz Fəttah Heydərova minnətdarıq. Onun diqqətidir ki, bu gün Ağdamda böyük bir Ağsaqqallar Evi tikilib. Onun bizə ehtiramıdır ki, biz şuranın mətbuat xidməti vasitəsilə tez-tez qəzet səhifələrində, internetdə öz sözümüzü deyə, fəaliyyətimizi işıqlandıra bilirik. Mən arzu edirəm ki, Ağdam bundan da yaxşı olsun. Arzum budur ki, işğalda olan Ağdamımızda fəaliyyət göstərək. Bu həvəslə də biz ağsaqqallar tez-tez hərbçilərə baş çəkir, əsgərlərə onlarla birgə olduğumuzu bildiririk. Allah Vətənimizin başından qara buludları alsın, hər yanda firavanlıq olsun! Qarabağ azad, abad olsun”.

Bizim gəlişimizi həmişə xoş qarşılayan Ağdam Veteranlar Təşkilatının sədri Hümbət Sadıqov 95 yaşının möhrünü vurur.

O, deyir:” Mən 1922-ci ildə Ağdam rayonu Yusifcanlı kəndində anadan olmuşam. 1941-ci ildə 7-ci sinifi oxuyanda  müharibə düşdü və məni müharibəyə apardılar. Müharibə başladı və qutardı, nə qutardı… Deməli, alman faşistləri 16 dövləti 2 ayda alandan sonra başladı sovet hökümətinə. İti sürətlə gəlib Moskvanın 30 kilometrliyinə çatdılar. Mən də 707 saylı Hərbi Hissənin komandiri idim. Almanlar Moskva yaxınlığında olanda Stalin əmr verdi ki, bir addım da arxaya çəkilməyəcəyik. Elə olurdu, geri qaçanları bizimkilər özləri gülələyirdilər ki, Vətəni darda qoyub qaçırsan. Ona görə də biz qələbə çaldıq. 1943-cü ilin sentyabrında ayağımdan yaralandım. 2-3 ay müalicə alandan sonra yenə ön cəbhəyə getdim.

Bu dəfə qolumdan və hər iki ayağımdan yaralandım. II qrup əlil kimi evə döndüm. Qayıdandan sonra uzun müddət partiya təşkilat komtəsi vəzifəsində çalışmışam. Sonra isə Ağdam-Ağcabədi birləşdi, yenə Partkom vəzifəsində işlədim. Biz Ağdam ağsaqqalları həmişə dövləti, vətəni müdafiə eləmişik, eləyirik, eləməliyik də. Bu cür suveren dövləti əsgər kimi qorumaq bizim borcumuzdur. Allah Heydər Əliyevə rəhmət eləsin! Bizə böyük güc verdi. Ağsaqqalları yüksək tutdu. Şəxsən mənə dövlət tərəfindən 4 dəfə avtomobil verilib. Deyir,

Azadlıq uğrunda çarpışanların,

Heydərim misallı mərd insanların,

Adını şən ellər dastana salır,

Tarixdə əbədi yadıgar qalır.

Unudulmaz Heydər, sözüm var sənə,

Ölüm marşı çalaq yağı düşmənə!

Bu şeiri ulu öndərin özünə də söyləmişdim. Gülümsəyib əlimi sıxmışdı. Allah onun davamçısı, bizim möhtərəm prezidentimiz  İlham Əliyevin, onun xanımı Mehriban xanım Əliyevanın ömrünü uzun eləsin, canlarını sağ eləsin. Çox böyük işlər görürlər. (Həvəslə bir şeir deyir).

İlham Əliyev, iri addımlarla

 Qarabağa  doğru irəli,

Ona kömək olsun Seyid Mirəli,

Dörd qardaşıq, qurban olaq Qarabağa dördümüz,

İlhamdı sərkərdəmiz,  yox ürəkdə dərdimiz!

Bir gün dedilər, prezident Bərdəyə gəlir. Yaxası medallı pencəyimi geyib yola düşdüm görüşünə. Məni ehtiramla ön cərgəyə keçirdilər. Mikrofonu alıb dedim, möhtərəm prezident, mən Heydər Əliyevlə dost idim. Dedi, onunla dostsansa,  mənim də dostumsan. Ardınca bir şeir dedim.

İlham Əliyev, qartaldı,

qartalın da balasıdır,

Qarabağı alasıdır.

Əlini kürəyimə mehribanca vurub “var olun!”-dedi. Ayrılanda sözümü yenə şeirlə dedim.

İllər ötür gəlir yaşım üstə,

 Tük də bitmir qaşım üstə,

İlhamımı bəsləyirəm,

Ürəyimin başı üstə.

Allah Ali baş Komandanımızın canını sağ eləsin! Bütün əsgər və zabitlərimizi qorusun! Bu gün biz də əsgərik! Lazım gəlsə, ehtiyac olsa biz də Qarabağ uğrunda savaşa girəcəyik! Həmişə hazırıq! Təki yurdumuz azad olsun, mənfur ermənilər rədd olsunlar torpağımızdan”.

Qartal əzimli qarapapaq kişilərimiz! El bir olsa dağ oynadar yerindən! Ümumiyyətlə, əzmkarlıq Azərbaycan xalqına gendən gəlmədi.

Dəyərli tarixçimiz Qiyasəddin  Qeybullayev  Azərbaycan  türklərinin  təşəkkülü  tarixindən  adlı kitabında yazır: “ Azərbaycan  ərazisində  eradan  əvvəl  I minnilikdə  mannaların, madayların, kasların  və  kaspilərin  türk  mənşəli  etnosları  olduğunu  bilirik. Atropoten  xalqının  türk  mənşəli  etnos  olması, atropotenləri  azərbaycanlıların  birbaşa  ulu  əcdadlarından  biri  olduğunu  bildirir. Alban  etnosu  da  türk  mənşəlidir. Türk  xalqları  zaman  etibarilə  min  illərlə  ölçülən  zəngin  tarixə  malikdirlər. Dünyada  heç  bir  xalqın  əcdadlarını  tarixini  döyüş  meydanlarında  yaratmış  qədim  türklərlə  müqayisə  etmək  olmaz. Onlar  heç  vaxt  tabelikdə, asılılıqda  yaşamamışlar. Azərbaycanlıların  arxasında  arasıkəsilməz  şanlı  tarix  və  zəngin  mədəni  irs  vardır. Bu  tarixi  həqiqətdir”.

Bu gün biz təkcə gənclikdə deyil, ağsaqqallarda da olan çılğınlığı görəndə qürur hissi keçirdirik. Yurd elə bir məfhumdur ki, onu nə dəyişmək, nə atmaq, nə də əvəz etmək olar! Növbəti müsahibimiz dəyərli ağsaqqalımız Telman Əliyev oldu.

Onun dediklərindən:

“Mən 20 iyul 1937-ci ildə Ağdam rayonunun Üçoğlan kəndinin Usublu kəndində anadan olmuşam. Bütün ömrümü öz yurdumda keçirmişəm. Cavan vaxtımdan uzun müddət kolxozda briqadir işləmişəm, taxılçılığın inkişafında böyük əməyimiz olub. sonra  Biz həmişə Heydər Əliyevi dəstəkləmiş, onun çağırışına anında yetişmişik. 1994-cü ilin oktyabrın 4ü idi. Gecə saat 3də bizə çağırış gəldi. Biz tərəddüd etmədən onun çağırışına getdik. Çünki bilirdik ki, Azərbaycanı bəladan qutaran və qutara biləcək yeganə insan odur! Allah ona qəni-qəni rəhmət eləsin! Bütün ömrünü Vətəninə xalqına həsr etdi. Bu gün onun layiqli davamçısı olan möhtərəm prezidentimiz İlham Əliyev də böyük işlər görür. Bu gün Azərbaycan qüdrətli ölkəyə çevrilib. Ən təqdirəlayiq işi odur ki, o, mədəni irsimizi qoruyur. Bir çox  rayonlarda muğam mərkəzlərinin açılması bunun bariz nümunəsidir. İdmanımızı göylərə ucaltdı. Eləcə də, bizim rayonumuzun başçısı çox böyük işlər görür. Bütün binalar yenilənib, yaşıllaşma, abadlıq göz oxşayır. İndiyə kimi çox başçılar gəlib-gedib. Amma heç biri Raqub Məmmədov qədər sadə, bizə qarşı sayğılı, işgüzar olmayıb. Allah prezidentimizə də, başçımıza da uzun ömür, can sağlığı versin!”.

Aqillik çağlarında olan müdrik, pir atalarımız.. Dillərindən  nalayıq, acı  söz  çıxmayan, könül  sındırmayan, sısqa  bulaq  kimi  boş  yerə  axmayan, qızıl-dürr atalarımız! Ağsaqqal -adı mahiyyətcə nə qədər böyükdür! Hansı eli ağsaqqalsız təsəvvür etmək olar ki?!! El-ağsaqqalı ilə gözəldi, uşaqları ilə sevimli, körpə səsilə firavandı! Hər bir insanın səhvsiz yaşayıb-yaratması, özünü və əhatəsində  olduğu cəmiyyəti əmin-amanlıqla xoşbəxtliyə  aparar.

Söhbətimizə daha bir ağsaqqalımız da qoşulur.  Ağdam Ağsaqqallar Şurasının sədr müavini Şamil Əliyev.

O kənd təsərrüfatının inkişafından fərəhlə danışaraq, deyir: “İnsanın  şərəfi  səxavət,  kəramət  və  xoşxasiyyətli  olmaqda,  şöhrəti isə  yaxşı  övlad  və  bina  tikməkdədir. Biz şərəfimizlə yaşamağı öyrəşmişik. Əlimizdən nə qəddarlıq gələr, nə təcavüz. Tarixə də nəzər salanda görürük ki, biz heç vaxt, heç kəsin torpağına göz dikməmişik. Amma bu gün biz işğala məruz qalmışıq. Doğma Ağdamım üçün, oranın minarələri, məşhur çay evi üçün çox darıxmışıq. İnşallah, Ali Baş Komandanımızın səyi nəticəsində torpaqlarımız düşmən tapdağından azad olar.  Çünki bizim nizami, güclü ordumuz var. Allah yurdumuzu, bütün gənclərimizi, gələcək nəsillərimizi qorusun!  Ağdamı gəzdiz. Görürsüzmü nə qədər abadlıq işləri görülüb. Millət hamı rahat tarlalarında çalışır. İnsanlara bu şəraiti yaradan ölkə başçımıza minnətdarıq”.

Ağdam Ağsaqqallar Şurasının binasından çıxıb Ağdamı seyrə çıxırıq. Yolumuz Mərkəzi Xəstəxananın qabağından düşdü.

Ağsaqqalların haqqında xoş söz danışdıqları, rayonda böyük hörmət qazanmış baş həkim Bəxtiyar Haqverdiyevlə tələsik görüşdük. Bizi ehtiramla qarşılayan, lakin vacib işi olduğu üçün tələsən Bəxtiyar həkim  sakinlərin də dediyi kimi sakit və təmkinli görünürdü. Ağsaqqallar deyirdilər ki, Bəxtiyar həkim maddi duruma görə xəstələrə güzəştə gedən, əməlliyatlara çox diqqətli, xeyirxah, ağsaqqallara ehtiramla yanaşan insandır.

 

Burda tanınmış  həkim  Pol  Breqqin  sözü yadıma düşür. O,  deyir ki, həyat  bizim  sinirlərimizdən  axır.  Nə  qədər  ki,  sizin sinir  qüvvəniz  var – siz  təşəbbüskarsınız,  xoşbəxtsiniz, sağlamsınız,  hər  cür  çətinliyi  dəf  etməyə, taleyin  hər  bir  çağırışına  cavab  verməyə  qadirsiniz.  Siz  hər  hansı  problemi  salamlayırsınız,  çünkü  inanırsınız  ki, sizin  sinir  qüvvəniz  onun  öhdəsindən  gələcək.  Bəxtiyar həkim də işinin öhdəsindən gələ bilən bir insan olaraq dövlətin etimadını qazanıb. Yüksək  mənəvi  gücə  malik  olan  şəxs  müdrik,  düşünülmüş  şəkildə  yaşayır  və  davranır, həyatdan  həzz  alır.  Nə  tez-tez  baş  verən  təbiət  dəyişiklikləri,  nə  də  ətrafda  cərəyan  edən  xırda  hadisələr  onun  daxili  komfortunu  poza  bilir.  Əlbəttə,  söhbət  laqeyd, biganə,  xudpəsənd bir insan haqqında  getmir. Söhbət  hər  şeyi,  ən  çətin  məsələləri  sakitcə, müdrikcəsinə  həll  etməyə  qadir  olan  kamil  və  güclü  olan şəxslərdən  gedir. Məşhur  herientoloq  Custin  Qlass deyir ki, insan – pis  düşündüyü  üçün  ölür. Buradan nəticə  çıxır. Uzun  illər  sağlam  yaşamaq  üçün  yaxşı  düşünmək  lazımdır. İnsan nə ilə məşğul olsa, o da onun peşəsi sayılır. Öz sənətini yaxşı bilməlidir ki, ondan fayda götürə bilsin. Elə bir iş və peşə yoxdur ki, onun öz nizam-intizamı olmasın. Hər peşənin öz qayda-qanunu var. Lakin hansı sənət olur olsun, üç yerə bölünür: ya peşəyə aid olan elmdir, ya elmə aid olan peşədir, ya ağıl işlətməklə əmələ gələn peşənin özüdür. Hər üçünün cəmində isə humanist insan məfhumu durur. Bizdə bu fikirləri formalaşdıran maraqlı insan Bəxtiyar Haqverdiyevlə növbəti səfərimizdə maraqlı müsahibəmiz olar inşaallah.

Bu da Ağdamımızın bir günü!  Bura gələrkən yeni tikilmiş, köhnəsiylə eyni olan Çay Evində çay içməmiş getmək günahdı məncə. Çayımızı içib yola düşdük! Könhə, itirilmiş yurd yerlərinə getmək arzusunu gücləndirib, şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyərək! Biz səni çox sevirik, əziz Ağdamımız. İtirilmiş ərazilərinə baxmaqdan bizim də gözümüzə ağ damıb. Hər gəlişimizdə sənin doğma qucağında ana hərarətini duyduq, torpaq qoxusunu ciyərimizə çəkib sənə olan sevğimizi artıqrdıq. Bir gün qələbəni qeyd etməyə gələrik, İnşaallah!

Xoş günlərdə görüşmək ümidilə, Ağdamım və ağdamlılarım, salamat qalın!

Şərafət Şəfa

(Fotolar Anar Əhmədoğlunundur)

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR