Söz, düşüncə və davranışı birləşdirən kamil insan

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Bir insanı tanımaq üçün onunla yol yoldaşı olmaq kifayətdir. İnsanın xarakterinin formalaşması bilavasitə yaşadığı mühitə bağlıdır. Alimlər isbat etdilər ki, havanın da, suyun da insanın xarakterinə böyük təsiri var. Bir də düşdüyü mühit. Bəzən görürsən ki, gənc bir adam ağsaqqallarla həmsöhbət olmağa daha çox meyillidi, nəinki gənclərlə. Psixoloqlar deyirlər ki, bu hal insanda uşaqlıqdan dərketmənin güclü olmasından yaranır və onu ruhuna uyuşan məkana götürür. Böyüdükcə daxili duyğu, düşüncə, rəftar, düşünmə, ritorika baxımdan bütün hal və hərəkətlərlə özünü doğruldur. Bizim dəyərlimiz, əzizimiz Bayram Yusifovda olduğu kimi. Onunla tanışlığım uzun illər öncəyə dirənir. O zamanlar rəhmətlik akademikimiz Budaq Budaqov Ağsaqqallar Şurasının sədri idi. Bayram müəllim də indi olduğu kimi potensial gücə malik, hamıya ehtiramla yanaşan, şuranın etimadını qazanan, həya gözləyən səmimi bir gəncdi. Bilmirəm hansı dahinin sözüdür, deyir, bütün insanların iki tərəfi vardır , biri xaricə göstərdikləri , o biri yalnız özlərinin bildiyi. Ən gözəl insan isə daxilini xaricə olduğu kimi göstərən insandı. Mən onu tanıdığım gündən illər keçib, ilk gün necə görmüşəm bu gün də o cürdür bu insan. Yusifov Bayram Məmməd oğlu 1963-cü il fevral ayının 26-da Gürcüstan Respublikasında azərbaycanlıların kompakt yaşadığı ulu türk yurdu Borçalı bölgəsinin Marneuli rayonunun Təzəkənd kəndində anadan olmuşdur. 1979-cu ildə orta məktəbi əla qiymətlərlə başa vurduqdan sonra Azərbaycan Politexnik İnstitutuna (indiki Azərbaycan Texniki Universiteti) qəbul olan Bayram Yusifov 1984-cü ildə 21 yaşında həmin institutun mexanika fakültəsini mühəndis-mexanik ixtisası üzrə bitirərək, “Azərelektroterm” İstehsalat Birliyində (1984-1987) gənc mühəndis-texnoloq, mühəndis-konstruktor kimi əmək fəaliyyətinə başlamışdır. 1987-1991-ci illərdə “Azərneftkimyazavodtəmir” trestində mühəndis-mexanik, sonra Azərbaycan Respublikası Dövlət Təchizat Komitəsində (1991-1995) kommersiya şöbəsinin rəis müavini, daha sonra isə həmin komitədə kommersiya şöbəsinin rəisi vəzifələrində çalışmışdır. 1998-2002-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində ikinci ali təhsil alaraq, hüquqşünas ixtisasına yiyələnmişdir. Yüksək işgüzarlıq və idarəçilik qabiliyyətinə malik Bayram Yusifov 1994-cü ildə “Gəncəli” İstehsalat Kommersiya şirkətini təsis etmiş və bu günə qədər də həmin şirkətə rəhbərlik edir. Ailəlidir, dörd övladı var.
Bəzən həmsöhbət olmuşuq. O qədər incə, ehtiramlı yanaşma tərzi var ki, insanın qəlbində məmnunluq hissləri oyanır, cəmiyyəti, kainatı bu cür adamlarla dolu görmək istəyirsən. Nə ucadan danışar, nə artıq ifadə işlədər, nə də qabalığa yol verər. İşimlə əlaqədar o qədər insanlar görmüşəm ki…Mövlanənin dili ilə desəm, nə insanlar var, üstlərində paltar yox, nə paltarlar var, içlərində insan yox. Həyatda ən gözəl şey davranış mədəniyyətinə sahib olmaqdı. Bu məziyyətlə Bayram müəllim ətrafdakılar tərəfindən sevilir, seçilir, insanda özünə qarşı simpatiya yaradır. Bilirsizmi, bir insan ki, zəhmətlə, keşməkeşli yol keçib məqsədə doğru çatmaqda iradəli, məsuliyyətli olmağı üstün tutur, o kamil bir insandır və müvəffəqiyyəti də dadır. Müvəffəqiyyət böyük iş, zəhmət tələb edir. İstedad, üstəgəl zəhmət və bir də şans. Mən elə zəhmətkeş, istedadlı insanlar tanıyıram ki, həyatda şansları gətirmir. Amma elə şanslı insanlar var ki, o biri ikisi yoxdu. Elə insan da var ki, üçünə də sahibdir. Bir də insan həyatında ən önəmli şey vətənpərvərlikdi. İnsan mənəviyyatını müəyyənləşdirən, onu saflaşdıran və zənginləşdirən bir neçə amil var. Bu amillərdən biri də Vətən sevgisi, xalq və millət sevgisidir. Tarix boyu Azərbaycanımızın vətənpərvər övladları dövlətimiz, xalqımız və millətimiz naminə böyük işlər görüb, Azərbaycan adlı məmləkətimizə ucalıq və şərəf gətiriblər. Vətən o vaxt dəyərli olur ki, vətəndaşları vətənpərvər və mərd olur.

Mərdlik isə Vətənə məhəbbətdən yaranan bir məfhumdur. Bayram Yusifov çalışdığı illər ərzində yüksək intellekti, ictimai fəallığı və təşkilatçılıq qabiliyyəti ilə də seçilib ki, 2009 və 2013-cü illərdə keçirilən Azərbaycan Ağsaqqallar Şurasının V və VI qurultaylarında şuranın sədr müavini vəzifəsinə seçilib. Ağsaqqallar Şurasında əməli fəaliyyətə başlayan Bayram müəllim işgüzarlığı və prinsipiallığı ilə son dərəcə məsuliyyətli və xalqımız üçün mühüm əhəmiyyət kəsb edən sahədə səmərəli ictimai fəaliyyəti ilə hər kəsin etimadını doğrultmuşdur. Bu gün də Bayram Yusifov Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədri, millət vəkili, müdrik ağsaqqalımız Fəttah Heydərovun rəhbərliyi altında bu təşkilatın xalqımızın milli-mənafeyinə xidmət edən fəaliyyətinin daha da intensivləşdirilməsində və ictimai-siyasi proseslərdə yaxından iştirak edir. Ölkəmizin dinamik inkişafına mənəvi dəstək olaraq gənclərin vətənpərvər ruhda formalaşmasına öz töhfəsini verir. Azərbaycan Ağsaqqallar Şurası ölkənin ictimai-siyasi həyatında baş verən bütün hadisələrdə millət və dövlətlə birgədirlər, eləcə də hər il müxtəlif layihələr həyata keçirilir ki, bunun məsuliyyəti də şura rəsmilərinin boynuna düşür. Tez-tez keçirilən tədbirlərdə çıxış edən Bayram Yusifov Ağsaqqallar Şurasının üzərinə böyük məsuliyyət düşdüyünü bildirir: “Görəcəyimiz işlərin əsas məqsədi dövlətçiliyimizə xidmət etməkdir. Hər şeydən əvvəl sabitlik lazımdır. Bəzi qüvvələrin bu şəraitdən istifadə edərək gənclərimiz arasında dövlətçilik əleyhinə təbliğat aparırlar. Bunun qarşısını almaq üçün ağsaqqal sözünə həmişə ehtiyac var. Ölkəmizin hər yerində çox böyük işlər görülür, iqtisadiyyatımız inkişaf yolundadır. Bizim sədrimiz, dəyərli ağsaqqalımız Fəttah Heydərov da bu yöndə böyük işlər aparır, təbliğatı gücləndirir, ağsaqqalların gənclərlə daha sıx təmasda olmasına çalışır”.


Özümüzü dərk edəndən bizə yaşlilara və qocalara hörmət qoymağin vacibliyini öyrətdilər. Hələ binayi-qədimdən ağsaqqal sözünün kəsəri bütün məsələlərdə özünü göstərmişdir. Bir gün Mövlanə Cəlaləddin Rumi bir məclis qurmuşdu. Baxıb gördü ki, bir dikbaş gənc yaşlılara fikir vermədən, onlara hörmət qoymadan özünə ən başda yer edib. Mövlanə bu gəncə bir söz demir, onun xətrinə dəymir, onu islah etmək üçün sadəcə bir rəvayət danışır. Deyir ki, günlərin birində, səhər tezdən, hələ dan sökülməmiş, Həzrət Əli sübh namazını qılmaq üçün evindən çıxaraq məscidə yola düşür. Yolda özündən qabaqda qoca bir məsihinin getdiyini görür. Qocanın ondan çox-çox yaşlı olduğunu görən Həzrət Əli ona hörmətsizlik etməmək və onu ötüb keçməmək üçün addımlarını yavaşıdır və onun arxasınca gedir. Nəticədə isə namaza yubanmalı olur. Bunun müqabilində isə Allah peyğəmbərə namazı uzatmasını əmr edir və Həzrət Əli namaza yetişir. Namaz əhli namazın uzanmağına təəcüblənir. Peyğəmbər deyir: -Bilin və agah olun, kim ki, özündən yaşlılara və qocalara, uşaqlara hörmət qoyar, Allah da ona bu cür lütf edər. Cəlaləddin Rumi rəvayətini bitirən kimi səhvini başa düşən gənc cəld ayağa qalxır və məclisin başından ayağına keçir. Rəvayətdən də görünür ki, ağsaqqal nəsihətinə həmişə ehtiyac var. Bir evin, bir elin ağsaqqalı olmaq üçün yaşın önəmi yoxdu. Yüksək əxlaq yetərlidi. Əxlaqı yüksək olan evdə də, eldə də, cəmiyətdə də seçilə bilir. Bizim Bayram Yusifov kimi.
Elimizdə belə bir deyim var ki, hər hansı vəzifə kürsüsü insan üçün həm də özünüifadə və özünütəsdiq vasitəsidir. Kamillik amal, məqsədə çatmaq niyyəti deyil, kamillik- əxlaqı qorumaq, özündən sonra iz buraxmaq, layiqli davamçılar yetişdirməkdədi.
Əziz oxucu! Bu yazını oxuyarkən əminəm ki, sizin də üzünüzdə xoş bir ifadə əmələ gələcək. Çünki aorası gözəl olan insanlar haqqında olan yazılar da gözəl olur. Hamıya uğur arzusuyla…

Şərafət Şəfa

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR