“Qurbanın eyni anda iki yerdə işləməsi milliyə xeyir verəcək” – Ramin Musayev
Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayevin apasport.az saytına müsahibəsi
– “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bundan sonra milli komandaya da rəhbərlik edəcək. Yəqin ki, bu təyinat ürəyinizcə oldu…
– Bu gün üçün başqa namizəd yox idi. Bütün fikirlər Qurban Qurbanovun üzərində idi.
– Necə düşünürsüz, Qurbanovun eyni anda həm “Qarabağ”, həm də millidə işləməsi ona problem yaratmayacaq?
– Əksinə, Qurban Qurbanovun eyni anda iki yerdə, yəni paralel olaraq, “Qarabağ”da işləməsi milliyə xeyir verəcək. Məşqçi futbolçu ilə bir yerdə olmalı, onları görməlidi. Gedənin dalınca danışmazlar. Amma futbolçuların çıxışını televiziya, sayt vasitəsilə izləmək, kiminsə oyununa baxmaq üçün qapıçılarla işləyən məşqçi göndərmək və sonra ondan fikir öyrənməklə baş məşqçi uğur qazana bilməz. Buna görə də, Qurbanın “Qarabağ”da olması yaxşıdı. Sözsüz ki, rəqib komandalardan da milliyə futbolçu cəlb edəcək. Canlı izləmək başqa şeydi.
– Bəs bu təyinat “Qarabağ”a necə təsir göstərəcək?
– Düzdü, Qurbanın işi artır. Amma o, gəncdi. İşləməyə gücü də var, ağlı da. İnanıram ki, bu təyinatın elə “Qarabağ”a da xeyri dəyəcək.
– Qurban Qurbanovla çempionatın təqvimində hansısa dəyişikliklərin edilməsi ilə bağlı danışığınız oldumu?
– Futbolçu nə qədər çox oyun keçirsə, bir o qədər təcrübəsi artar. Mənə elə gəlir ki, bu, problem yaratmayacaq. Necə istəyəcəksə, elə də təşkil edəcəyik. Təki oyunların sayı çox olsun.
– Azərbaycan Premyer Liqasının cari mövsümü ilə bağlı fikirləriniz necədi? Çempionatın gedişindən razısızmı?
– Bu gün üçün yaxşıdı. Həm Premyer Liqada, həm də I divizionda gərgin oyunlar keçir. Bütün matçları izləyirik. Maraqlı görüşlərin şahidi oluruq. Bu il məni I divizion daha çox maraqlandırır. Çünki Premyer Liqaya uşaqlar ordan gəlməlidilər. Sevinirəm ki, əvvəlki illərlə müqayisədə, I divizion indi daha gərgin keçir. Bəzi futbolsevərlər bizi komandaların sayının az olması ilə bağlı pisləyirdilər. Ancaq bu gün göstərir ki, I divizionda komandaların sayının az olması yarışın səviyyəsini qaldırdı.
– Xüsusilə, Premyer Liqada komandaların sayının az olması birmənalı qarşılanmır. Qurban Qurbanov da dəfələrlə çempionatdakı rəqabətdən gileylənib…
– Tamamilə razıyam. Amma az olsun, keyfiyyətli olsun. Çox olub, digər komandaları ruhdan salacaqsa, heç olmasa, yaxşıdı.
– Amma razılaşaq ki, komandanın sayı çox olsa, millinin məşqçilərinin seçim imkanı da artar…
– Başa düşürəm. Elə komanda olmalıdı ki, mübarizəyə qarışsın. Çempionatda iştirak etmək xatirinə gəlib, 1 il oynadıqdan sonra gedən komandanın olmamağı daha yaxşıdı.
– Gələn mövsümdə yüksək dəstə təmsilçilərinin sayı 10-a çata bilərmi?
– Bu barədə hələ konkret bir söz deyə bilmərəm. Heç bir yenilik yoxdu.
– Deməli, bu, real görünmür…
– Bəli, görünmür. AFFA-ya arxayın olub, gələn komandalar olacaqsa, say artırılmayacaq.
– Milliyə yeni baş məşqçi təyinatından öncə bütün diqqətlər “Qarabağ”ın “Atletiko” ilə səfər görüşünə yönəlmişdi. Ağdam klubunun Madriddən tarixi nəticə ilə dönəcəyini gözləyirdizmi?
– “Qarabağ”ın İspaniyadan xalla qayıdacağımı demişdim, yəni gözləyirdim. Çünki onların oyunu səfərdə daha yaxşı alınır. Bu da sərbəstliklə bağlıdı. Səfərdə daha rahat oynayırlar.
– “Qarabağ” Çempionlar Liqasının qrupunda əvvəlcə ilk qolunu vurdu, ardınca ilk xalını qazandı, daha sonra isə səfər oyununda ilk xalını əldə etdi. Bəs ilk qələbə necə, olacaqmı?
– İnşallah, olacaq. Yavaş-yavaş irəliləmək lazımdı (gülür). “Çelsi” ilə Bakıdakı matçda bu arzumuz da həyata keçə bilər.
Tengiz MƏMMƏDOV