“Mən istəyirəm heç kimin problemi olmasın, xəstəliyi olmasın, Vətənimiz işğaldan azad, abad olsun…”  

Yazı fontunu küçültür Yazı fontunu büyütür


İnsan ömrü laləzar çəmənliyinin fəsilləri yaşadığı kimidir. Bahar, yay, payız, qışı ehtiva edər. Bahar təravətilə başlayan ömür dolambaclı yollarda həyat yolunu gedən yolçunu ya yorar, ya da böyük ruhla gələcəyə götürər. Çünki hər bir insan özü öz həyat yolunu müəyyənləşdirir.Qəlbinin istəyi ilə təyin etdiyi yerə addımlayır. Bu günkü müsahibim 78 yaşlı el ağsaqqalı, Abşeron rayon Ağsaqqallar Şurasının sədr müavini Cəfər Quliyevdi.

  • Xoş gördük. Yaşınızın ən gözəl, ahıllıq çağında ruhunuz pərvazdı yenə..
  • Xoş gördük, qızım. Əlbəttə ki, hər bir insan özü özünün həkimi olmalı, ruhunu da, cismini də qorumağı bacarmalıdır. Uşaqlıqdan çılğın böyümüşəm. Və bu çılğınlıq böyük arzulara götürdü məni. Son duracağım olan Azərbaycan Ağsaqqallar Şurasına qədər gətirdi.
  • Xeyriyyəçilik missiyasını yerinə yetirərkən qəlbinizin bir küncündə gizlənən hansısa istək olubmu?
  • Mən gəncliyimdən müxtəlif vəzifələrdə çalışmışam. Xaraktercə çox gözəl, Həcər qeyrətli anam vardı. Onun məsləhətləri hələ də qulağımdadı. Hər dəfə kiməsə yaxşılıq edəndə könlümdən keçib ki, kaş anam sağ olardı və bunu görüb sevinərdi. Bəzən də kiməsə ehtiyacı olan qədər kömək edə bilməyəndə vicdan sızıltısından yata bilməmişəm. Mən istəyirəm heç kimin problemi olmasın, xəstəliyi olmasın, Vətənimiz işğaldan azad abad olsun.. Elə şeylər var ki, bizim ona gücümüz yetməyir.
  • Təmsil etdiyiniz qurumun, Azərbaycan Ağsaqqallar Şurasının işi sizi qane edirmi?
  • Bəli.. Bu gün Ağsaqqallar Şurası dövlətimizə, millətimizə dayaq olmağa çalışır. Ölkədə gedən bütün proseslərdə xalqla birlikdədirlər. Sədrimiz, millət vəkilimiz Fəttah Heydərov da bu gün yorulmadan bir deyil, bir neçə işin öhdəsindən gəlir. Biz də möhtərəm prezidentimizin və sədrimizin etimadını doğrultmağa çalışırıq. Bu gün bütün rayonlarda ağsaqqallar aktiv fəaliyyətdədirlər. Cəbhələrdə görüşlər keçirir, gənclərlə müştərək işlər görür, xeyir-şərdə ictimaiyyətlə bir oluruq.
  • Abşeron böyük və qədim tarixə malik bir rayondu. Orda işləmək də böyük məsuliyyət tələb edir. Sizə çətin deyil ki?
  • Abşeron rayonu Azərbaycan Respublikasının ən iri sənaye və kənd təsərrüfatı rayonlarından biridir. Ölkə başçısının da diqqətində olan rayonumuzda ağsaqqalların fəaliyyəti üçün nə cür lazımdı, elə də şərait yaradılıb. Sədrimiz Nadir Ağayev də uzun illər rayonda seçilmiş vəzifə rəhbərlərindən biri olub. Biz həmişə rayon rəhbərliyinin Abşeronun inkişafına, abadlığına çəkdikləri zəhməti təqdir etmiş, gördüyü işlərdə yardımçı olmağa çalışmışıq. Əhaliyə qarşı səmimi və diqqətli davranan rayon başçısı biz ağsaqqalları da diqqətdən kənar saxlamır. Rayonda hər bir kəsə xüsusi diqqət və qayğı var. Abşeron rayonunda əhaliyə, Azərbaycan Respublikasının müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə, məcburi köçkünlərə dövlətimizin rəhbərliyi, eləcə də Abşeron RİH- tərəfindən hər zaman xüsusi diqqət və qayğı göstərilir, onların mövcud problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir. Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova hələ Abşeron RİH-də müavin vəzifəsində çalışdığı ilk gündən diqqət və qayğısını əsirgəmir.

  • Hər bir insan istər ki, gördüyü işin müqabilində mükafat alsın. Sizin üçün ən böyük mükafat nədir?
  • Atalar deyir ki, yaxşı adam öz əməlinin təriflənib mükafatlandırılmasına çox da məhəl qoymur. Onun üçün ən yaxşı makafat öz vicdanının tərif dolu səsidir! Mən etdiyim heç bir əməlin mükafatını, qarşılığını gözləmirəm. Balığı at dəryaya, balıq bilməz, xalıq bilər- məsəli daha önəmlidir mənim üçün.
  • Hər hansı yaxşı işi görəndə fərəhləndiyin kimi, pis işin səbəbkarı olanda da özün – özünü mühakimə edirsənsə mömünsən – deyimi sizdə nəyi ehtiva edir?
  • . İnsan dünyaya gəlir, yaşayıb və yaşatmaq üçün. Şeytan isə mənəvi cəhətdən zəif və naşükür insanlar arasında nifaq salmaq, pisliklər törədib onları, səfalət, əzab – əziyyətə düçar etmək üçün yaranmışdır. Mömün olmaq üçün ilk öncə qəlbini pak saxlamalı, ləkə, xal düşməsinə yol verməməlisən. Ağır məfhumdur..
  • Ahıllıq bəzən insanı şıltaqlaşdıra da bilir. Sizdə olubmu heç belə hisslər?
  • (gülür) Bilmirəm kimin şeiridi, qoy şeirlə deyim..

Ötən günlər dönməz geri,
Nə tez aşdım zirvələri,
Indi budur pillələri,
Mən qalxıram aram-aram,
Doğurdanmı qocalıram?

Azaldıqca nur gözümdən,
Nalə qopur hər sözümdən,
Tükəndikcə güc dizimdən,
Xəyallara mən dalıram,
Doğurdanmı qocalıram?

Toplasaqda min gül çiçək,
Arzu sonsuz ömür gödək,
Geri dönən gəmilərtək,
Sahillərə yan alıram,
Doğurdanmı qocalıram?

Bəzən olur, uşaqlaşıram. Bəzən də gəncliyimdəki kimi sərt oluram. Övladlarımın da gözündən yayınmır bu hallar. Eyham vururlar bəzən.. Bax, o zaman insan ömrünü beca vermədiyinə sevinir. Gözəl ömür, gözəl işlər, gözəl ailə, gözəl balalar və nəvə-nəticələr… Xoşbəxtliyin bir çox səbəbləri var. Biri də səbirli, şüurlu və varlı olmaqdır. Allah hər bir kəsə doğulub yaşamaq üçün onun qismətini də özü ilə birgə taleyinə yazır.

  • Sonda arzularınızı eşidək. Ən böyük arzunuz nədi?
  • Ən böyük arzum Şuşaya getməkdi, İstisu yaylağını görmək, Cıdır düzündə gəzmək. Bundan böyük arzum yoxdu. Qara buludlar çəkilsin yurdumuzdan. Torpaqlarımız azad olunsun. Şəhidlərimiz olmasın daha. Analar gözüyaşlı, gəlinlər əlixınalı qalmasın. Obalarımızda toy qazanları asılsın, gənclərimiz meydanlara düşmənlə savaşmağa yox, yarışlara çıxsınlar.. Allah o günləri nəsib etsin yurdumuza. Tezliklə məni də arzuma çatdırsın, Qarabağa gedən yol açılsın.
  • Amin, İnşaallah.. Arzular qarşılıqlıdır. Niyyət tutaq ki Şuşada müsahib olaq. Çox sağ olun!

 

Şərafət Şəfa

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR