Ulu Öndər Heydər Əliyev Dövlətçilik İrsinin Layiqli Davamçısı – Müzəffər Ali Baş Komandan İlham Əliyev

Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində elə dövrlər və elə şəxsiyyətlər olur ki, onlar millətin taleyini kökündən dəyişir, məğlubiyyət acısını qələbə sevincinə, ümidsizliyi isə parlaq gələcəyə çevirirlər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin liderliyi Azərbaycanın milli qüdrətinin bərpası, xalqın özünəinamının qayıtması və dövlətimizin dünya birliyində şəriksiz söz sahibinə çevrilməsi deməkdir. Bu gün Azərbaycana Ulu Öndər Heydər Əliyevin siyasi irsinin və dövlətçilik məktəbinin layiqli davamçısı Müzəffər Ali Baş Komandan İlham Əliyev başçılıq edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dünya azərbaycanlılarının lideridir.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan dövlətçiliyinin keşiyində duran güclü, dünyada böyük nüfuza və hörmətə malik qüdrətli liderdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi portretini tamamlayan ən mühüm cəhət onun Ulu Öndər Heydər Əliyevin dövlətçilik məktəbinin layiqli davamçısı olmasıdır. 2003-cü ildə xalqın böyük etimadını qazanaraq fəaliyyətə başladığı ilk gündən o, Azərbaycanın gələcəyini elmi əsaslara söykənən, uzaqgörən bir strategiya ilə planlaşdırdı.
31 oktyabr 2003-cü ildə andiçmə mərasimində səsləndirdiyi “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” kəlamı sadəcə bir vəd deyil, cəmiyyəti vahid məqsəd ətrafında birləşdirən milli birlik modelinə çevrildi. Həmin vaxtdan etibarən həyata keçirilən hər bir dövlət proqramı, hər bir islahat məhz vətəndaş məmnuniyyətinə və milli maraqların qorunmasına xidmət etdi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hakimiyyətinin ilk onilliyi ölkənin daxili sabitliyinin möhkəmləndirilməsi və iqtisadi sıçrayışın təmin edilməsi ilə xarakterizə olunur. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramları sayəsində Azərbaycanın ən ucqar kəndləri belə müasir infrastruktura qovuşdu. Bu dövrdə yoxsulluq və işsizlik səviyyəsinin kəskin şəkildə aşağı salınması dövlət başçısının sosialyönümlü siyasətinin ən böyük uğurlarından biri kimi tarixə düşdü.
Bu illər ərzində Azərbaycan iqtisadiyyatını üç dəfədən çox böyütməyi bacaran dövlət başçısı, neft kapitalını insan kapitalına çevirərək ölkəmizi regional enerji mərkəzindən qlobal oyunçuya çevirdi. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və nəhayət, əsrin ən böyük layihələrindən biri olan Cənub Qaz Dəhlizi İlham Əliyevin polad iradəsi və diplomatik məharəti sayəsində reallığa çevrildi. Bu gün Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyinin əsas sütunlarından birini təşkil edir.
Lakin Prezidentin uzaqgörənliyi təkcə enerji sektoru ilə məhdudlaşmadı. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının inşası ilə Azərbaycan Şərqlə Qərbi birləşdirən “Orta Dəhliz”in strateji qovşağına çevrildi. İqtisadi müstəqillik isə hərbi qüdrətin artırılması üçün sarsılmaz təməl yaratdı. Azərbaycan heç bir kənar yardımdan asılı olmayaraq öz ordusunu dünyanın ən müasir silahları ilə təchiz etmək imkanı qazandı.
Prezident İlham Əliyev: İqtisadi inkişafa gəldikdə, biz bu il əldə olunmuş uğurlarla fəxr edə bilərik. Bizim valyuta ehtiyatlarımız tarixi rekord həddə çatıb – 80 milyard dollardan artıqdır. Bizim xarici borcumuz daha da aşağı düşüb, bu gün ümumdaxili məhsulumuzun cəmi 6,3 faizini təşkil edir. Bir halda ki, bəzi inkişaf etmiş ölkələrdə bu rəqəm 100 faizdir, ondan da çoxdur. Bizim valyuta ehtiyatlarımız xarici borcumuzu 16 dəfə üstələyir və təsadüfi deyil ki, dünyanın aparıcı reytinq agentlikləri Azərbaycanın kredit reytinqini qaldırıblar – investisiya reytinqini müsbət reytinq səviyyəsinə qaldırıblar.
Biz “Böyük Qayıdış” Proqramını uğurla icra edirik və işğaldan azad edilmiş ərazilərdə bu gün böyük quruculuq işləri aparılır və artıq 70 minə yaxın insan orada yaşayır, çalışır, təhsil alır. Keçmiş köçkünlər 32 kənd, qəsəbə və şəhərdə yerləşiblər və onlar üçün ən gözəl şərait yaradılmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi dövrünün ən uca zirvəsi, heç şübhəsiz, 30 illik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpasıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər zaman qeyd edirdi ki, Azərbaycan xalqı heç vaxt öz torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına icazə verməyəcək. Prezident cənab İlham Əliyev bu hədəfə doğru addım-addım irəlilədi: güclü ordu qurdu, müdafiə sənayesini inkişaf etdirdi və beynəlxalq müstəvidə Azərbaycanın haqlı mövqeyini müdafiə edən diplomatik səngər formalaşdırdı.
2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən Müharibəsi bu böyük hazırlığın məntiqi nəticəsi idi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu dünyanı heyrətə salan XXI əsr hərb strategiyasını tətbiq edərək, cəmi 44 gün ərzində düşməni diz çökdürdü. Şuşanın azad edilməsi ilə tamamlanan bu zəfər Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Lakin İlham Əliyevin qətiyyəti bununla bitmədi. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri ilə separatizmin kökü tamamilə kəsildi. 15 oktyabr 2023-cü ildə Prezidentin Xankəndi şəhərində dövlət bayrağımızı ucaltması tarixi ədalətin tam və qəti qələbəsi oldu.
Bu gün Azərbaycan Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz tarixinin ən qüdrətli dövrünü yaşayır. İşğaldan azad edilmiş torpaqlarda həyata keçirilən “Böyük Qayıdış” proqramı çərçivəsində viran qalmış yurdlarımız yenidən dirçəlir və müasir şəhərsalma və “ağıllı şəhər” layihələri həyata keçirilir. Füzulidə, Zəngilanda, Laçında ucaldılan beynəlxalq hava limanları, “Ağıllı kənd” və “Ağıllı şəhər” konsepsiyaları, Qarabağın “Yaşıl Enerji” zonasına çevrilməsi dövlətimizin iqtisadi gücünün və modernləşmə xəttinin bariz nümunəsidir.Bu torpaqlarda aparılan bərpa işləri təkcə infrastrukturun yenilənməsi deyil, həm də milli ruhun oyanışıdır. Azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq prosesi dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq bütün sahələri əhatə edir. Cənab Prezident İlham Əliyevin strateji baxışı nəticəsində Qarabağ və Şərqi Zəngəzur yeni həyata qədəm qoymuşdur.
Prezidentin uzaqgörənliyi nəticəsində Azərbaycan həm də qlobal problemlərin müzakirə olunduğu mərkəzə çevrilib. Qoşulmama Hərəkatına uğurlu sədrliyimiz, BMT-dən sonra ən böyük beynəlxalq tədbir olan COP29-un Bakıda keçirilməsi Müzəffər Ali Baş Komandanİlham Əliyevin dünya miqyasında qəbul edilən liderliyinin təsdiqidir.
O, təkcə öz xalqının deyil, həm də bütün Türk dünyasının birliyi və həmrəyliyi üçün çalışan liderdir. Türk Dövlətləri Təşkilatının güclənməsinə verilən töhfələr, Azərbaycanın türk coğrafiyasında oynadığı strateji rol İlham Əliyevi türk dünyasının ən nüfuzlu rəhbərlərindən birinə çevirmişdir. Müzəffər Ali Baş Komandan “Bizim ailəmiz Türk dünyasıdır” deməklə Azərbaycanın gələcək xarici siyasət prioritetlərini aydın şəkildə müəyyən etmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəxsiyyəti və fəaliyyəti müasir dövlətçilik elmində “güclü lider-güclü dövlət” formulasının ən parlaq nümunəsidir. Müzəffər Ali Baş Komandanın hər bir çıxışı, hər bir qərarı milli maraqlara söykənir, xalqın rifahına və dövlətin suverenliyinə xidmət edir. Xalqımız öz liderinə inanır, ona güvənir və onun ətrafında sıx birləşib. Çünki Müzəffər Ali Baş Komandan İlham Əliyev verdiyi hər bir vədi yerinə yetirən, xalqın arzularını reallığa çevirən Liderdir. Ümummilli Lider Heydər Əliyev yolu bu gün Onun ən layiqli davamçısı, Prezident İlham Əliyev Cənabları tərəfindən uğurla davam etdirilir.
Hər bir azərbaycanlı qəlbində böyük sevgi və ehtiramla cənab Prezidentə möhkəm cansağlığı, uzun ömür və müstəqil Azərbaycanın daha da çiçəklənməsi yolunda yeni-yeni zəfərlər arzulayır.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hələ çox zirvələr fəth edəcək, çünki bu yol – haqq yolu, bu lider – qalib xalqın qalib rəhbəridir.
s.e.f.d., dos. Murtəza Həsənov
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası,
Siyasi İdarəetmə Fakültəsinin Dekanı



