YADDA QALAN GÖRÜŞ
AMEA Folklor İnstitutunun Əhmədli bölməsi Gəncə prospektində yerləşir. Təxminən bir neçə ildir ki, Vunq Tau adlanan bir küçə ilə gedib-gəlirəm. Həmişə bu ad məni maraqlandırır. Düşünmüşəm ki, Vunq Tau çin, nə də yapon dilində deyil. Hansı dildədir? Maraqlıdır ki, bu suala cavab tapa bilmədim. Adi təsadüf nəticəsində sualın cavabı bəlli oldu.

Bir dəfə dostum Turan İbrahimovla görüşəndə necə oldusa Əhmədlidən söz düşdü, dedim:
– Mən həmişə Vunq Tau küçəsi ilə gedib-gəlirəm, amma bu küçə niyə belə adlanır – bilmirəm.
Dostum gülümsünəndə anladım ki, hə, demək Turan məni maraqlandıran sualın cavabını bilir. Odur ki, onun nə deyəcəyini səbirsizliklə gözləməyə başlayınca dostum araya çökən sükutu pozdu:
– Vunq Tau Vyetnamda şəhərdir, Bakı ilə qardaşlaşmış şəhərdir. Onu da deyim ki, Vunq Tau şəhərində də Bakı küçəsi var. Burada dədə-babalarımızın bir atalar sözünü xatırlatmamaq olmaz: “söz sözü çəkər, arşın bezi”.
Dostum yenə gülümsündü:
– Hə, o ki, Vunq Taudan, Vyetnamdan söz düşdü… Bilirsən mən neftçiyəm.
– Yox, düz demirsən, neftçi alim, texnika üzrə fəlsəfə doktoru, Fəxri neftçi. Hə, davam et, qardaş.
– İndiyə qədər dörd dəfə Vyetnamda olmuşam, daha doğrusu, dəvət edilmişəm. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, “Neftin, qazın geotexnoloji problemləri və kimya” elmi tədqiqat institutunun əməkdaşları texnika elmlər doktoru Arif Süleymanov, texnika üzrə fəlsəfə doktoru Hacı Məlikovla birlikdə dəvət olunmuşuq. Vyetnamın müxtəlif şəhərlərində, yəni Hanoyda (2016), Xoşimidə (2017), Buriada (2024), Vunq Tauda (2025) mühazirələr oxumuşuq. Həmişə burada şərq qonaqpərvərliyi, isti münasibət görmüşük. Bizi də hərarətlə qarşılayıblar. Çünki hələ 1970-ci illərdə Vyetnamdan Bakıya gəlib ali təhsil alan vyetnamlılar az olmayıb. Onlar sonralar neft-qaz sahəsində təcrübəli mütəxəssislər kimi tanınıblar. Bu şəxslərdən indi yüksək vəzifələrdə olanlar, elm adamları da olanlar az deyil. Sözüm onda deyil, maraqlı olan budur ki, Bakıda təhsil alan vyetnamlılar Bakını, Azərbaycanı unutmayıblar. Bizim gəlişimizi eşidən kimi bu səmimi insanlar gəldiyimiz şəhərə gəlir, bizimlə görüşürlər. Köhnə dostlar, həmkarlar kimi. Baxıram onların bir çoxu 1700 kilometrdən çox yol qət edib, yəni təyyarə ilə gəlib. Bəli, bizi həmişə beləcə – hərarətlə qarsalayıblar.
Biz onlarla görüşəndə adətən rus dilində danışırıq. Söhbət zamanı həmişə ötənləri-keçənləri xatırlayırıq. Yadımdadır, onlardan biri deyirdi:
– Bakını görəndə özümü çox xoşbəxt hiss edirəm, çünki tələbəlik illərində burada yaşayış bizimkindən çox yaxşı idi. Mənə elə gəlirdi ki, Bakı cənnətdi, mən cənnətə düşmüşəm.

Söhbətə digər bir nəfər də qoşulardı:
– Yadındadırmı, kilkə deyilən o xırda qurudulmuş balıqları alıb, ləzzətlə yeyərdik.
Sonra yanındakılara baxıb gülümsündü:
– İndi bəzən Bakıya gələndə o illəri yada salmaq üçün xeyli qurudulmuş kilkə alıb Vyetnama gətirirəm, köhnə dostları kilkəyə qonaq edirəm. Məqsədim məlumdur – keçmişi unutmayaq, xatırlayaq.
Bu dördüncü mühazirələrimiz də noyabrın 17-28-də Vunq Tauda oldu. Qeyd etdiyim kimi, burada Petrovyetnam və digər şirkətlərin mütəxəssisləri iştirak edirdilər.
Biz Vunq Tau şəhərinin Bakı küçəsini də gəzib dolandıq. Buradakı bir yeddi mərtəbəli bina nəzərimi cəlb etdi. Bina xüsusi arxitektura ilə tikilmiş, Şərq ornamentləri ilə diqqət çəkirdi. Binanın zirzəmisi qarajdı. Məlum oldu ki, bu binanı Bakılılarla çox dost olan bir riyaziyyatçı xanım tikdirib. Binanın 2-3-cü mərtəbələri Vyetnam hədiyyələri ilə dolu idi. Hədiyyələr sədəflərdən hazırlanıb. Biz də burdan xeyli hədiyyə aldıq.
Günlərin necə keçdiyindən xəbər tutmadıq. İstiqanlı və mehriban vyetnamlılarla sağollaşıb ayrıldıq. Bu görüş də yadda qalan görüş oldu.
Yazıya aldı:
Tacir Səmimi,
Filologiya üzrə fəlsəfə doktoru, dosent



