Gecikən təbrik….- Şərafət Şəfa yazır

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

Daşdan yumuşaq, dəmirdən bərk dostuma…

Sözümü gözəl şairimiz Hafiz Baxışın bir misrası ilə başlamaq istəyirəm. Bizim dost itirən vaxtımız deyil! Ömrümüzün elə bir çağındayıq ki, bəli, bizim dost itirən vaxtımız deyil.

Həyatda elə insanlar var ki, onlar bilavasitə ruhuna doğmalaşır və harda olsan belə sənin üçün doğmaların doğmasına çevrilir. Ehtiramla, sevgiylə, məhəbbətlə xatirlanır. Əbu Türxan deyir ki, doğma o adamdır ki, onunla öz ruhunun dilində danışa bilirsən. Mənim də belə bir əziz dostum və həmkarım var. Azərbaycanın tanınmış jurnalisti, gözəl qələm sahibi, publisist yazılarıyla, xarakteri, davranış mədəniyəti ilə könüllərə taxt quran insan – Daşdəmir Əjdəroğlu.

Bu il onun yubiley ili idi. Haqqında üst-üstə o qədər gözəl yazılar, o qədər yaxşı sözlər yazıldı ki, bu çoxluqda sadəcə oxumağa üstünlük verdim. Köksüm qabardı. Daşdəmir Əjdəroğlunu 1999-cu ildən tanıyıram. O vaxt mən də gənc idim. Bizi qocaman jurnalist Ələsgər Cabbarov tanış eləmişdi. Onun haqqında o qədər gözəl sözlər söyləmişdi ki, belə bir insanı tanıdığım üçün sevinmişdim. Sonra nəşriyyatda tez-tez rastlaşdıqca münasibətlərimiz dərinləşdi və mən gözəl bir qəlbli, dəyərli, duyarlı, təvazökar, əxlaqlı bir dost qazandım. O bohema elitasından gəlməmişdi, amma kübarlığı ötəydi. Dağlar qoynunda yerləşən çox qədim bir yurdda  böyümüşdü. Dağlardan vüqarı, qayalardan mətinliyi, qartallardan əzmi almışdı. Qədim Basqalın qədim obası Dərəməhəllənin yetirməsi idi. Alimlər sübut elədilər ki, havanın, suyun da insanın xarakterinə böyük təsiri var. Daşdəmir də xarakterinin gözəlliyini o dağlara, o yurdlara borcludur. Deyirlər, dünyanın nəfəsi, cəmiyyətin dayağı yaxşı insanlardır. Yaxşı insan olmaq üçün cəmiyyətdən o statusu qazanmaq lazımdır. Yaxşı insan həyatda iz buraxmaq üçün iddialı olmayan, kiçik yaxşılıqları böyük dəyərə çevirən bir insandır. Daşdəmirin də həyata baxışı fərqlidir. Onun həyat missiyası cəmiyyət üçün faydalı olmaqdır. Özündən əvvəl ətrafındakı insanların qayğısını, ehtiyacını, gələcəyini düşünür. O, hər gün kiçik bir addımla kimini təbəssümü ilə, kimini kiçik bir yazıyla, kimini sözlə, kimini də zənglə yad etməyə, gülümsətməyə çalışır. Yaxşılıq, mədəniyyət, ədalət və insanlıq kimi dəyərləri məsüliyyət yükü kimi çiynində gəzdirən dəyərli dostumun billur kimi ürəyindən süzülən inciləri hər gün publisistikaya çevrilib qəzetlərdə sərgilənir.

Daşdəmir  Əjdəroğlunun yumorsevərliyi də onun xarakterinə rəng qatır. Onun özündə daşıdığı əxlaq, iradə və mənəvi keyfiyyətləri gənclər üçün bir örnəkdir. Yazar, publisist, şair və gözəl oçerklər müəllifi kimi də…

Həyatda hər şey dəyişə bilər. Var-dövlət, imkan, ətrafdakılar.. Amma insanın xarakteri dəyişməyəndə o harda olmasından asılı olmayaraq hər zaman dəyərdə, hörmət və etibarda qalır. Daşdəmir barədə çox  yazmaq, çox şey danışmaq olar. Onunla ortaq dostlarımız var. Bir araya gəldiyimiz zaman gözəl bir ortam yaranır. Səmimi, baməzə söhbətlər, duyğulu anlar, xoş bir aura ətrafdakılara da sirayət edir. Bütün bunların cəmində səmimiyyət və dürüstlük durur. Daşdəmirin həyatı heç də rahat, rəvan olmayıb. Sadə bir kənd uşağı kimi həyatın keşməkeşlərindən keçib gəlib. Həyatı mücadilədə keçib. Bir yandan qələmlə mücadilə vardısa, bir yandan da həyat mücadiləsini aparıb. Möhkəm iradəsi sayəsində bu gün o, nəhayət qismən də olsa istəyinə qovuşub. Daşdəmirin intellektual beyni onu həmişə primitivlikdən kənarda tutub. Təfəkkürü və istedadı sayəsində hər zaman uğura köklənib. Bir insan barəsində sevgi və şəfqətlə yazmaq insana zövq verir. Bir də hələ bir incikliyini də bilə-bilə. O incikliyində belə bir şirinlik, xoşagələn bir duyğu var. O inciyir, qəlbinə gömür, amma küsüb getmir. Nə də dostluğuna arxa çevirmir. Dürüstlüyün bariz nümunəsini göstərir. Yalan nə deyim, onun bu xarakteri mənim çox xoşuma gəlir. Bir də Daşdəmirin valid sevgisinə heyrandım. O hər zaman anasını ehtiramla yad edir, atasına böyük şəfqət, qayğı və ehtiramla yanaşırdı. Onun ata-bala münasibətindən çox, dost kimi yanaşması daha gözəl mənzərə yaradırdı.

Əbu Türxan deyir ki, həqiqi jurnalist fəlsəfi fikirlə kütləvi şüur arasında vasitəçi kimi çıxış etməyi bacarmalıdır. Milli ruh özünü milli fəlsəfi fikirdə tanıyır. Nə gözəl ifadədir… Milli ruhu milli ideologiyaya bağlı olan dostumuzun bu yazıdan xəbəri yoxdur.

Azərbaycanlı filosof, psixoloq Rövşən Abdullaoğlunun gözəl bir sözü var. Deyir, hər həyat bir tablodur. Valideynlər o tablonun materialı olan kətanını, tale çərçivəsini, cəmiyyət rəngini verir. Çəkmək isə bizim öhdəmizdədir. Mən də öz öhdəmə düşəni etməyi özümə borc bildim.

Əziz insan! Daşdan yumşaq, dəmirdən bərk, dostum! Yubiley elə bir tarixdir ki, bir günə keçib getmir, ilin sonuna qədər davam edir. Mən sənin hər gününü təbrik edirəm. Hər günün mübarək gün olsun! 100 yaşama, 99 yaşa, lap 199 yaşa, amma ürəyin istədiyin kimi yaşa!

 

Sevgi və ehtiramla,

Şərafət Şəfa

 

 

 

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR