Həkimliyi və şairliyi ilə insanların qəlbinə boylanan Zakir Ağdamlı…  – Rubrika

Yazı fontunu küçültür Yazı fontunu büyütür

TAİB-in aydınları….

Türk Ağsaqqallar İctima Birliyinin rəsmi saytı olan “Agsaqqallar.com” saytının start verdiyi “TAİB-in aydınları” rubrikasının növbəti qonağı İdarə Heyətinin üzvü, tanınmış həkim-şair Zakir Ağdamlıdır.

Əbu Türxan deyir ki, adətən adamlar özündə olanı başqasına bağışlayır; müdriklər isə səndə olanı sənə ərməğan edir. Hər gün yeni bir inci tapmağın yolu öz içindəki hikmət xəzinəsinə baş vurmaqdır. Bəzi insanlar yalnız özləri üçün yaşarkən, bəzi insanlar da fədakarcasına xalqı, vətəni üçün yaşayır, millətinə, dövlətinə layiqli vətəndaş olmağa çalışır. Belə insanlar həm duyğulu, həm məsuliyyətli, həm də bütün işlərdə fəal olurlar.

Zakir Agdamlı kimi tanınan Zakir Hüseyn oğlu Əliyev 1946-cı ildə Ağdam rayonunun Papravənd kandində anadan olmuşdur. Gözəl Qarabağın cənnət guşəsi olan Ağdamın təmiz havasında, mehriban, ziyalı və sənətkar insanları arasında böyüyən balaca Zakir də hami kimi yurduna bağlı, vətənpərvər böyüyürdü. Onun ədəbiyyata olan marağı da məktəb illərindən başlayır. Tanınmış bir ailənin övladı olan Zakir Əliyevin ailəsində hər kəs təhsilə böyük önəm verir, elmin insan həyatında böyük əhəmiyyət kəsb etdiyini yaxşı bilirdilər. Ona görə də bu ailənin övladları bir müddət sonra Azərbaycanın ziyalıları arasında özlərinə məxsusi yer tuta bilirlər.

Qardaşı Həmzə Əliyev Ağdam rayonunda məsul vəzifəyə təyin olunur. Azərbaycan Ali Sovetinin deputatlığına kimi yüksəlir.  Ağdamın sayılan-seçilən ağsaqqalları cərgəsinə qoşulur. Özü isə həkimlik sənətinə yiyələnir, ömrünü insan sağlamlığına həsr etməklə yanaşı, ədəbi mühitdə də sınayır. Ölkənin ictimai-siyasi həyatında baş verən bütün hadisələrdə fəal ictimaiyyətçi olaraq cəmiyyətdə sevilir, əxlaqi keyfiyyətləri, dürüstlüyü, səbri və təmkinliliyi, işgüzarlığı ilə özünə olan ehtiramı artırır. Zakir Əliyevin ailəsinin daha bir üzvü də alimlik dərəcəsinə yüksəlir. Qardaşı oğlu Bəxtiyar Əliyev də tanınmış psixoloq-alim kimi yetişir, elmlər doktoru, professor, Əməkdar Elm Xadimi, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı, Milli Məclisin Elm və təhsil komitəsinin sədri kimi məsul vəzifələrə sahib olur. Dəyərli ziyalımız keçmiş SSRİ-də məhkəmə-psixoloji ekspertizasının ümumi nəzəriyyəsini işləyib hazırlayan ilk tədqiqatçı alimlərdən biri kimi tarixə düşür.

Zakir Əliyev 1972-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirir. Dövlət xəstəxanalarının birində işə başlayır. Şairliyindən və ictimai fəaliyyətindən də geri qalmır. 1966-ci ildən ədəbi yaradıcılığa başlayan şairin şeirləri dövri mətbuatda çap olunmağa başlayır. Görkəmli xalq şairimiz Məmməd Arazın xeyir-duası ilə ədəbiyyat üfüqlərini fəth etməyə başlayır. Xalq şairi Məmməd Araz onun haqqında fikirlərində deyir: “Zakir Ağdamlı həkimdir. Həkim sənəti insana poeziya sənəti qədər yaxındır. Həkim də insan qəlbinə “boylanır”, şair də. Poetik söz də dərman olur, qeyri- poetik həkim məsləhəti də. Zakir Ağdamlının, necə deyərlər, avazı xoşuma gəlir”

Bir çox qəzet və jurnallarda şeirləri çap olunan şair Azərbaycan Yazıçılar Birliyinin üzvü olur. Daima ədəbi məclislərə qatılan şair iki şeir kitabının müəllifidir. Onu tanıyan hər kəs haqqında ehtiramla, məmunluq hissi ilə danışır. Dirili Qurbani Məclisinin rəhbəri Yusif Dirili onun haqqında belə deyir: ”Zakir Ağdamlı! Bu imzanı çətin ki, ədəbi mühitdə tanımayan olsun. … Bir şair olaraq poeziyasındakı fərqli məziyyətləri, şeirlərinin səmimliyi, ürəyəyatımlığı, yaxşı mənada çevrəsindəki insanlara sevgi aşılamaq eşqi nəyə desən dəyər şair Zakir Ağdamlının.”

Bir insan haqqında xoş sözlər eşitmək müsahibin də xoşuna gələn nüansdı. Həyatda insanlar müxtəlif olduğu kimi, xarakterlər də müxtəlifdi. Eqonun yüksək olduğu bir cəmiyyətdə əxlaq nizamını, davranış mədəniyyətini qorumaq böyük səbr tələb edir. Mən Əbu Türxanı çox sevirəm. Onun kəlamlarındakı hikmətin ruhən yaxınlığı yaradıcılığıma böyük stimul verir. Onun daha bir gözəl kəlamı var. Deyir ki, səbr insana ömrü boyu dözmək üçün yox, məqamı düzgün seçmək üçün lazımdır. Kimlərsə yaşadığı yeri gözəlləşdirmək üçün tər tökür, kimlərsə sadəcə gözəl yerə köçür. Bizim Zakir Əliyev də cəmiyyəti gözəlləşdirmək üçün tər tökənlərdəndir. 80 yaşının  bir addımlığında olan dəyərli el ağsaqqalı bu gün də bütün tədbirlərdə, səfərlərdə, konfranslarda  fəal iştirak edir. O, deyir ki, gənclərlə işləmək, onlara yol göstərmək mənə xoş təsir bağışlayır:” Özümü onlarla eyni yaşda hiss edirəm. Təmsil olunduğum bu təşkilatdakı gənclərin hamısı fəallıqları ilə yanaşı, həm də yenilik axtarışında olaraq, bayram, bazar günləri də çalışan gənclərdi. Onların ən böyük məziyyətləri ağsaqqal məsləhəti ilə hərəkət etmələridir. Türk Ağsaqqalları Birliyinin Gənclər Təşkilatında türk ölkələrindən də xeyli sayda gənclər var. Onlar da təşkilatın rəhbərliyində təmsil olunan müdrik ağsaqqallarımızla sıx əlaqədədirlər, özlərini ata ocağındakı kimi hiss edir, onlardan məsləhət alırlar. Bu nəsillərin dialoqu olmaqla, ağsaqqal-gənclik birliyinin göstərgəsidir”.

Zakir Əliyev təşkilat yarandığı gündən bütün işlərdə fəal iştirak edir, kollektivdə hamı tərəfindən sevilir. Onun doğma yurdu Ağdamın işğalından sonra nisgilə bürünmüş, heç zaman gülməyən gözləri Zəfər tariximizdən sonra gülməyə başlayır. İndi o, daha böyük həvəslə, qolunu çırmayıb təşkilatın bütün işlərində ön sıralardadır.

Fransız filosofu Dekart deyir ki, insan haqqında onun istedadına görə yox, bu istedaddan necə faydalandığına görə mühakimə yürütmək olar. Faydalılıq əmsalı yüksək olan Zakir Əliyev kimi insanlar son nəfəslərinə qədər cəmiyyət içində yararlı olmağa çalışırlar. Onlar öz şəxsi mənafelərini, öz rahatlığını deyil, el üçün faydalı olmağı düşünürlər.

Bir zamanlar şeirlərində hayqıraraq, Allaha əl açan, ey Ulu Yaradan, qanad ver mənə, sərhəd dirəklərin keçim, qayıdım, cənnət Qarabağın havasın udum, onu dərman kimi içim qayıdım,- deyən şair indi yurd vüsalından yazır. Doğma Qarabağın çiçəklənməsindən yazır. Bu vüsalın ona verdiyi böyük həvəs, böyük sevinc ilə də təmsil olunduğu təşkilatın mərkəzi ofisini tez-tez ziyarət edir, bütün işlərdə fəal iştirak etməyə çalışır.

Biz də dəyərli üzvümüzə, elimizin dəyərli, duyarlı ağsaqqalına uzun ömür və fəaliyyətində bol-bol uğurlar arzulayırıq…

Elimizdən azan səsi, ozan səsi və ağsaqqal səsi əskik olmasın!

 

Şərafət Şəfa,

Ahgsaqqallar.com

 

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR