Bizim aydınlar – Murtaza Qaraçanta … “O yol bizim kəndə gedir…”
Bu dəfəki qəhrəmanım türk siyasətçisi, TAİB-in İzmir üzrə nümayəndəsi, Qars bələdiyyəsinin sabiq başqanı Murtaza Qaraçantadır. Murtaza Qaraçanta 25 iyul 1961-ci ildə Qarsda, Azərbaycan kökənli ailədə doğulmuşdur. Əslən Ağbaba mahalının Qaraçanta kəndindəndir.
1914–1918-ci illərdə Qars vilayətində ermənilərin törətdikləri qırğınların ən qaynar bölgəsindən olan Ağbaba nahiyəsinin əksər və Şörəyel nahiyəsinin bir hissəsi 1921-ci il Qars müqaviləsinə əsasən Ermənistan ərazisinə qatılmışdır. 1930-cu illərdə Vedibasarın, Zəngibasarın, Qəmərli, Dərələyəzin, Ağbabanın və digər bölgələrin əlli mindən artıq türk əhalisi ailəliklə Qazaxıstan çöllərinə sürgün edilmişdilər. Sərt iqlim və bərbad mənzil şəraitinə uyğunlaşa bilməyən əhalinin xeyli hissəsi tələf olmuşdu. 1988-ci ilə kimi Azərbaycan türklərinin yaşadıqları və həmin il tərk etməyə məcbur olduqları yaşayış yerlərindən biri də Qaraçanta kəndi idi.
Bir vaxtlar babalarımızın məskən salıb yaşadıqları, nəsillərin artdığı, göbək bağıyla bağlandığımız o yurdlarda düşmən gəzir indi. Dədə-baba yurdlarından didərgin düşənlərin nisgil dolu ahları bir gün düşmənin də bağrını yandıracaq. İllərdir ki, ayrı düşdüyümüz o yurdlar, o ocaqlar yolumuzu gözləyir. Küskün düşmüş o yollar, cığırlar özləri də yol gözləyir indi. Onu sevənlərin, ondan doğulanların yolunu. Dağılıb-tökülmüş, kol-kos basmış, qüssəli bir sükuta dalmış yurdlar böyük qayıdışı duyub sevinc və həsrətlə boylanır Azərbaycana. Qarabağdan keçib gedib Qərbi Azərbaycana uzanan o yolların biri də Qaraçantaya gedir.
Soyadında elini daşıyan Murtaza bəyin də ürəyinin içindən keçir bu yol. Bu yol onun kəndinə, bu yol onun elinə, obasına gedir…
Murtaza Qaraçanta əslən Amasiya rayonunun Qaraçanta kəndindəndir. Murtaza Qaraçantanın ata babasının adı Abbasqulu bəydir. Abbasqulu bəy varlı bəy olsa da, sovetləşmə zamanı onun bütün var-dövləti müsadirə olunmuşdur. Rus zülmünə tab gətirməyən Abbasqulu bəy köçkünlük həyatı yaşayır. 1930-cu illərdə ailəsi ilə birgə Qarsda məskunlaşır. Və ailə övladlarını kökə bağlı, yurd sevgisiylə böyüdür. Murtaza bəyin digər babası Allahyar kişi kəndin Süleymanlılar tayfasının qızı Kamala xanımla ailə həyatı qurmuşdur. Böyük nəslin davamçılarından olan Murtaza bəy içinə dərd, qəlbinə yük olmuş yurd həsrətilə hələ gənc yaşlarından mücadiləyə başlayır. Vətən onun üçün hər şey idi. Qanında, canında onunla birgə bir Azərbaycan sevdası da böyüyür, ruhunu sarırdı. Vətənpərvər bir gənc olan Murtaza təhsilə böyük önəm verirdi. O, orta məktəbi bitirdikdən sonra Anadolu Universiteti İqtisadi və İdari Elmlər Fakültəsini Menecment ixtisası üzrə bitirir. Murtaza Qaraçanta bir müddət Türkiyə Sosial Təminat Qurumu Qars şöbə müdiri olmuşdur. Maliyyə Xidmətləri Müdirliyində də çalışmışdır. İctimai fəaliyyəti ilə də seçilən dəyərli gənc Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi Qars Şəhər İdarəsi tabeliyində qurulan Mədəniyyət Turizm Dərnəyinin İdarə Heyətinin üzvü seçilir. Bundan başqa Murtaza Qaraçanta 2009-cu il 29 mart tarixli Türkiyə bələdiyyə seçkilərində Milliyətçi Hərəkat Partiyasının Qars Bələdiyyə Məclisi üzvlüyünə namizəd olmuş və seçilmişdir. O, bələdiyyədə Plan-Büdcə, İnşaat və Nəzarət Komissiyalarının üzvü olmuşdur. Dürüstlüyü və məsuliyyəti ilə seçilən eloğlumuz 30 Mart 2014 tarixli Türkiyə bələdiyyə seçkilərində Milliyətçi Hərəkat Partiyasının namizədi olaraq 11.116 səs toplayaraq Qars bələdiyyəsinin sədri seçilir.
Qarsda Azərbaycan mədəniyyətinin yaşadılması, mövqelərinin güclənməsi üçün bütün potensialını ortaya qoyan Murtaza Qaraçanta, aktiv siyasətlə məşğul olmağa başlayır. Onun fəaliyyəti dövründə Azərbaycan-Qars arasında münasibətlər daha da dərinləşməyə başlayır və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında məxsusi rolu olur. Onun başqanlığı dövründə ermənilər Qarsa ayaq aça bilmirdilər və onların səfərlərini qəti qadağan etmişdi. Murtaza Qaraçanta üçün Vətən hər şeydən üstün idi. Qarabağın işğalı, ermənilərin vandallıqlarının, türkə nifrətinin qarşılığı idi bu münasibət. O, daha səmərəli işlər görmək üçün Qars Azərbaycan Kültür və Dayanışma (Həmrəylik) Dərnəyini qurur. Türkiyə-Azərbaycan münasibətlərinin inkişafına Qarsdan və bölgədən yardım etmək məqsədilə qurucu rəhbərlik vəzifəsini alır. Azərbaycanın bütün bayramlarında və xüsusi günlərində tədbirlər keçirir, Azərbaycan mədəniyyət nümunələrini təqdim edir. Türk dünyasının maddi-mədəni irsi, qədim adət-ənənələri və milli dəyərlərinə dair proqramların, verilişlərin, sənədli filmlərin, sərgilərin hazırlanmasına xüsusi önəm verir.
Hazırda Murtaza Qaraçanta Türkiyənin İzmir şəhərində yaşayır. Nəvələrilə daha çox vaxt keçirməyə üstünlük verən türk ağsaqqalı ictimai fəaliyyətini burda da davam etdirir. O, Azərbaycanda yaradılan Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyinin İzmir üzrə nümayəndəsi və birliyin İdarə Heyətinin üzvüdür. Türk milli irsinə, tarixi-kökünə qəlbən bağlı olan dəyərli el ağsaqqalı hər çıxışında deyir ki, türkdilli ölkələrdə yaşayan xalqlar tarixi-kökü və mədəni əlaqələri, adət-ənənələri ilə bir-birilərinə bağlıdırlar: “Türkiyə- Azərbaycan qardaşlığı isə bu xalqlar üçün örnək və nümunədir. Biz qan bağı, göbək bağıyla bir-birimizə bağlıyıq. Bu qardaşlığı, dostluğu heç bir qüvvə sarsıdıb, qıra bilməz!”.

Bəli, ən ülvi duyğudu Vətən sevgisi! Bu sevgidə milli-mənəvi dəyərlər, haqq-ədalət, namus, şan-şərəf, vicdan və məsuliyyət var.
Böyük Çin filosofu Konfutsi yazırdı ki, hər bir insanın həyat yolunu onun mənəvi dünyası, xarakteri müəyyən edir. Bəşər övladının mahiyyəti, mənəvi keyfiyyətləri həqiqətən də onun əməllərində, fəaliyyətində real təcəssümünü tapır.
Zəngin təcrübəsi, yüksək əxlaq nizamı, sadəliyi və mehribançılığı ilə hamının rəğbətini qazanıb Murtaza Qaraçanta. Yaxşı insanlar mayak kimidirlər. Onlar daima gənclərin yoluna işıq tutur, cəmiyyətin saflaşması üçün əllərindən gələni əsirgəmirlər. Böyük Çin filosofu Konfutsi deyir ki, insan ilk növbədə humanist, insanlara qarşı sevgili, ədalətli, sadiq, səmimi olmalı, birliklərə can atmalıdır. Humanist və alicənab bir insan olan Murtaza Qaraçanta da öz həyat yolunu bu kriteriyalar üzərində qurub. Dəyərli el ağsaqqalı həm Türkiyədə, həm də Azərbaycanda baş verən hadisələrə biganə qalmır, sosial media və mətbuat vasitəsilə çıxışlar edir, təmsil olunduğu təşkilatın həyata keçirdiyi bütün layihələrə dəstəyini əsirgəmir.
Uzun illərdir tanıdığım kamil insan, sədaqətli dost, vətənpərvər ictimai-siyasi xadim, unudulmaz başqan və qayğıkeş ailə başçısı kimi könülləri fəth edən Murtaza Qaraçantanın bu günlərdə 64 yaşı tamam oldu.
Dəyərli ağsaqqalı bu yazı ilə təbrik etməyi özümə borc bildim. Allah elimizin ağsaqqallarını qorusun! Heç bir el, heç bir ev ağsaqqalsız olmasın!
Yeni yaşınız mübarək, əziz insan! Uzun ömür, can sağlığı arzulayırıq!
İnsaallah, Ağbabada, Qaraçantada görüşmək ümidilə….
Şərafət Şəfa,
Agsaqqallar.com



