Ramin Əhmədov: “İlham Əliyevin müəllifi olduğu dayanıqlı iqtisadi inkişaf konsepsiyasının nəticəsidir ki, Qarabağın bərpası, Dövlətin diqqətini digər sahələrdən ayırmır”
“Nə müharibə dövründə, nə də ondan sonrakı bərpa mərhələsində Dövlətin sosial proqramlarında hər hansı geriləmə qeydə alınmadı, əksinə bütün sahələrdə artım və inkişaf müşahidə olunur”
Bu fikirləri Türk Ağsaqqalları Birliyi -TAİB-in təsisçisi, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədov Facebook səhifəsindəki paylaşımında qeyd edib.
“Azərbaycan Respublikasının işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirildiyi tikinti, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi ilə bağlı xərclərinin artımı üçün 2 milyard 260 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinin 2023-cü ilin dövlət və icmal büdcələrinə dəyişikliklərin edilməsi ilə bağlı məlumatına görə, artımdan sonra bu xərc 5 milyard 260 milyon manat məbləğində olacaq. Hazırkı reallıqlarda kifayət qədər böyük məbləğdir. Ağır müharibədən çıxmış bir ölkənin işğaldan azad edilmiş şəhər və kəndlərində sürətli quruculuq, abadlıq işlərinin aparılması sıradan və adi hal deyil. Bu, birinci növbədə dövlətimizin iqtisadi potensialından xəbər verir.
Əlbəttə tamamilə mümkündür ki, növbəti mərhələlərdə xərclər bir qədər də artsın. Diqqətçəkən məqam ondan ibarətdir ki, nə müharibə dövründə, nə də ondan sonrakı quruculuq işləri zamanı dövlətin digər istiqamətlərə diqqəti qətiyyən azalmadı. Prioritetlər sırasında olan istiqamətlərdə inkişafın təmin edilməsi məqsədilə dövlət proqramları qaydası üzrə davam etdirilir. Sosial sahədə ödənişlərin verilməsində də hər hansı axsama müşahidə olunmur. Dayanıqlı inkişafı təmin etmək üçün illər əvvəldən təməli qoyulmuş iqtisadi siyasətin nəticəsidir ki, bu gün dövlətin bir istiqamətə diqqətinin artması digər istiqamətlərin arxa plana keçirilməsinə səbəb olmur.
Tarixə nəzər salsaq görərik ki, müharibədən çıxmış ölkələr dağıdılmış şəhərlərin bərpası mərhələsində digər istiqamətlərdəki xərcləri azaldıb, bəzi hallarda isə sərt məhdudiyyətlər tətbiq etməli olublar. Məsələn Sovet İttifaqı kimi nəhəng dövlət müharibədən sonra dağıdılmış şəhərlərə sakinləri qaytarmaq və onları yeni mənzillərlə təmin etmək məqsədilə sovet tipli ipoteka proqramı tətbiq etdi. Vətəndaşlar iki otaqlı mənzillər əldə etmək üçün banklardan müxtəlif məbləğlərdə vəsait götürməli oldular. Yəni öz iradəsindən asılı olmadan yurd yuvasını tərk etmiş insanlar yeni mənzil əldə etmək üçün pul xərcləmək məcburiyyətində qaldılar. Vətəndaşlar dövlətə dəstək məqsədilə illik faiz ödəmək kimi öhdəliklərə hər hansı narazılıq bildirmirdilər. Azərbaycan Dövləti isə Qarabağı yalnız öz vəsaiti hesabına yenidən qurur, insanlarımızı təmannasız olaraq yeni evlərlə təmin edir. Paralel olaraq da ölkənin digər şəhər və rayonlarında müxtəlif infrastruktur layihələri həyata keçirilir. Ölkədə sosial proqramların reallaşdırılması xüsusunda da hər hansı geriləmə qeydə alınmayıb. Əksinə, Prezident İlham Əliyevin Fərman və Sərəncamları ilə reallaşdırılan ardıcıl və sistemli sosial islahat paketləri ilə əməkhaqqı, müavinət və təqaüdlərin artımı təmin olunur. Burada şəhid ailələri və qazilərə Dövlət tərəfindən yeni mənzillərin verilməsini də qeyd etməliyik. Qarabağın bərpasına çəkilən xərclərlə yanaşı, Dövlət müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin artırılması məqsədilə də xərclərini artırır. Xərclərin 1 milyard 105 milyon manat artırılması Dövlətin bu istiqamətlərə də xüsusi diqqətlə yanaşdığının göstəricisidir.
Bəli, sadaladığımız faktlar dayanıqlı iqtisadi inkişafın Azərbaycan modelidir! Bu reallıq İlham Əliyevin formalaşdırdığı maliyyə sabitliyinin və müstəqil iqtisadi siyasətin əyani təzahürüdür. Biz heç kəsdən asılı deyilik! Kiminsə yardımına ehtiyacımız yoxdur!
Qarabağın bərpasının da, müdafiə və milli təhlükəsizlik xərclərinin də, sosial islahatlar paketlərinin də arxasında öz vəsaitlərimiz, öz qüdrətimiz dayanır. Belə halda isə biz vətəndaşların üzərinə yalnız Dövlətimizlə, Prezidentimizlə qürur duymaq, düşür.”